Logotype

1933-cü ildən çıxır

Xəbərlər

29.10.2020

Ürəyimizdən tikan çıxaran nitq

İndi ermənilər Türkiyə və Azərbaycan televiziyalarını bəlkə bizdən də çox izləyirlər. Möhtərəm Prezidentimizin hər çıxışı 30 ilə yaxın bir müddətdə qəlbimizə sancılmış qara tikanları ürəyimizdən çıxardıqca, ermənilərə də gözdağı verir, onsuz da zəhərə dönmüş həyatlarını bir az da mənasız edir.


Ali Baş Komandan işğalçı Ermənistana, terror dövlətinin cinayətkar başçısına, bütövlükdə erməniliyə meydan oxuyur: “Qarabağ Ermənistandır” deyən Ermənistanın baş naziri, nə oldu, indi demirsən “Qarabağ Ermənistandır”?! Gəl Füzuliyə, sən orada bizim torpağımızı istismar edirdin. Gəl Cəbrayıla, gəl Hadruta, gəl azad edilmiş başqa yerlərə, de ki, “Qarabağ Ermənistandır”. Oturmusan orada – İrəvanda, ordan bəyanatlar verirsən, dünya liderlərinin zəhləsini tökürsən, adam qalmayıb ki, telefonla zəng etməyəsən.
Niyə demirsən “Qarabağ Ermənistandır”?! Qorxursan, qorxacaqsan! Bəs Azərbaycan xalqını təhqir edəndə, “Qarabağ Ermənistandır və nöqtə” deyəndə niyə elə cəsarətli idin? Kimə güvənirdin? Kimə arxalanırdın? Bilmirdinmi ki, gün gələcək, bu əməllərə görə cavab verəcəksən?! Bu gün gəlibdir və gəlir”.
Bəli, o gün gəldi – 27 sentyabr...
Müzəffər Azərbaycan Ordusunun erməni işğalçı qüvvələrinə qarşı başladığı antiterror əməliyyatlarının 1 ayı tamam olub. İgid oğullarımız bu müddətdə işğal altında olan 7 rayondan artıq dördünü – Füzulini, Cəbrayılı, Qubadlını, Zəngilanı işğaldan tam azad edib, Hadrut da daxil olmaqla 150-dən çox qəsəbə və kəndlərimizi, Murov kimi olduqca mühüm strateji yüksəklikləri geri qaytarıb.


Bu gün laçın oğullarımızın sorağı Laçından gəlir. Vətənimizin bu dilbər güşəsində böyüyüb boya-başa çatmış, gəncliyinin bir hissəsini o məğrur diyarda keçirmiş, o yerlərə yaxşı bələd olan biri kimi, tam məsuliyyətimlə deyirəm ki, müharibənin taleyi artıq həll olunub. İndi müzəffər ordumuzun əsas vəzifəsi Laçın dəhlizi üzərində nəzarəti tam təmin etməkdir. Bundan sonra çox yaxın vaxt dönəmində işğalçı ordunun təslim olmasını və ya məhv edilməsini gözlərimizlə görəcəyik. Onsuz da erməni silahlı birləşmələri artıq demoralizə olunub, acınacaqlı vəziyyətdədir.
Bugünlərdə Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Nazirliyin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə keçirdiyi operativ müşavirədə Kəlbəcərin bir hissəsini işğaldan azad etdiyimizi deməsi də, fikrimizcə, Laçın və Kəlbəcər-Vardenis yolunun bağlanmasına işarə idi. Möhtərəm Prezidentimiz elə həmin çıxışında bir daha vurğuladı ki, artıq bizi heç nə, o cümlədən, Azərbaycana olan təzyiqlər də dayandıra bilməz. Biz axıra kimi gedəcəyik. Türkiyə kimi bir dövlət də bizim arxamızdadır və bu, təzyiqləri neytrallaşdırır.

Ali Baş Komandanın çıxışlarındakı inam hissi həm də xalqın ona sonsuz güvəncinin təzahürüdür. Xalq-iqtidar və ordu birliyi bizi həsrətində olduğumuz yurd yerlərimizə qovuşduracaq. Biz Qələbə çalacağıq və Şuşada, Xankəndində dalğalanan Azərbaycan bayrağını görəndə bizi istəməyənlərin, haqqı görməzlikdən gələnlərin, düşmənimizə dil verənlərin Qarabağ Azərbaycandır deməkdən başqa çarəsi qalmayacaq.

Rahib Qarayev,
Şəxsi Heyətlə İş İdarəsinin rəisi,
polis polkovniki

Geriyə Çap et


Faydalı keçidlər
Linklər