Logotype

1933-cü ildən çıxır

Xəbərlər

27.10.2020

Qayıdırıq, Vətən!

1988-ci il hadisələrindən sonra düşmənin necə xain, hiyləgər və qəddar olduğunu gördük. İndi haylara "vətən" olan dədə-baba yurdlarımızdan havadarlarının köməyi ilə bizi didərgin salan düşmən daha da azğınlaşdı. Qarabağ və ətraf rayonların işğalı nəticəsində 1 milyondan çox soydaşımız həm məcburi köçkün həyatı yaşamağa, həm də Vətəndə vətən həsrəti çəkməyə məcbur və məhkum oldu. O yerlərdən qucaqda gələn körpələr indi valideynlərinin Vətən həsrəti yaşındadırlar. 30 ilə yaxın bir zaman kəsiyi bizi o torpaqlardan cismən ayırsa da, ruhumuzu, qəlbimizi ayıra bilmədi. Dözdük və məhz bu günləri gözlədik. O həsrət yaşıdı körpələr əsgər olub bu gün şəhidlərimizin qanını yerdə qoymur, düşməndən intiqamını alır, müqəddəs bayrağımızı illərdir tapdaq altında qalmış torpaqlarımızda göylərə ucaldırlar. İllər öncə yaşadıqları ağrını qazanılan qələbələr unutdurub onlara...

İllərdir “Mübariz keşikdə”nin səhifələrində torpaqlarımızın işğal günlərindən yazırıq. Hər dəfə o yazıları qələmə alanda baş verən hadisələr kino lenti kimi gözlərimizin önündən keçir, o günlərə qayıdır, yenidən o ağrı-acını yaşayırdıq. Yaza-yaza ürəyimizdən yalnız bir arzu keçirdi: kaş ki, o gün yetişə torpaqlarımız işğaldan azad oluna və biz o xoşbəxtliyi yaşaya, o torpaqları gəzə, görə biləydik. Hər yazının sonunda “Qovuşmaq ümidilə” yazıb imzamızı qoyurduq.
Qəzetimizin budəfəki nömrəsi Zəngilanın işğal gününə təsadüf edəcəkdi. Zəngilan 1993-cü il oktyabrın 29-da işğal olunmuşdu. Zəngilanın müdafiəsi zamanı 200 nəfərdən çox şəhid vermişdik, həmin döyüşlərdə 7 nəfər polis əməkdaşı da itkin düşmüşdü. Bu ilin 20 oktyabrında Ali Baş Komandanın xalqa müjdəsi 27 illik həsrətimizə son qoydu. Bu xəbərlə “Şəhri şərifan” yenidən doğuldu. İllərdir içində ağrısı ilə həsrətə zoğ-zoğ göyərən çinarların ürəyinə su səpildi. O sevincli anı bütün Azərbaycan yaşadı. Bir həftə keçməmiş Qubadlımız da işğaldan azad olundu.
Bu savaş Azərbaycana neçə-neçə qəhrəman bəxş etdi. Biz düşmənlərimizə sübut etdik ki, bu Vətəni, bu torpağı kimsənin yemi etmərik.

Qayıdırıq Vətən, gözün aydın olsun. Sənin əsgər oğulların xarı bülbülün vətəni Şuşamızı, qartallar diyarı Laçınımızı, ürəyinə dağ çəkilmiş Xocalımızı, Ağdamımızı, Kəlbəcərimizi də azad edəcək. Və o gündən sonra biz “Gözlə gələcəyik”, “Gözü yoldadır xarı bülbülün”, “Damları ağ, bəxti qara Ağdam” başlıqlı deyil, “Axır ki, qovuşduq”, “Biz gəldik”, “Həsrət bitdi” başlıqlı yazılarla oxucularımızın ruhunu oxşayacağıq.
Bu arzumuzun çin olmasına sayılı günlər qalıb.

Ruhiyyə Əliyeva,
polis baş leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər