Logotype

1933-cü ildən çıxır

Xəbərlər

14.10.2020

Vətən daşı olanlari unutmuruq...

Döyüş bölgəsi... Bu iki kəlmə ilə gözlərimiz önünə müharibənin odu-
alovu, ölümsaçan mərmilərə nişangah olan yerlər gəlir. Bu iki kəlmə şəhid qanı ilə suvarılan torpaqlara tuşlanan hər bir mərminin, güllənin bir ürəkdən keçə biləcəyini, bir nəfəsi susdura, bir ömrü yarım qoya biləcəyini diktə edir...

Vətənpərvərliyin ən ali məqamıdır ŞƏHİDLİK. Bu ucalığa yüksələnlərin ömür yolu qısa olsa da, şərəfli və örnək bir yoldur. Qəhrəmanlıq bir anın bəhrəsi deyil, o xarakterin, tərbiyənin, mənəvi yaddaşın gücü ilə diktə olunan keyfiyyətdir. Onun mahiyyətində təsadüf adlanan heç nə yoxdur.
Bu gün biz Qarabağa doğru gedirik, çünki onu xilas etməyin vaxtı çatıb. Zaman xeyrimizə işləyir və bu haqq savaşı qələbə ilə bitməli, azad edilmiş kəndlərimizdən, qəsəbələrimizdən və şəhərlərimizdən Azərbaycan bayrağı asılmalıdır. Murovun illərdir ki, buz tutmuş zirvələrini Azərbaycan əsgəri isti nəfəsi ilə əritməlidir. “Biz birlikdə güclüyük”, “Qarabağ Azərbaycandır!” şüarı artıq sərhədlərimizi aşıb. Dünya Azərbaycanlıları da o müqəddəs günü gözləyir...
“Səngər, pulemyot, tank, təmas nöqtəsi, artilleriya..., düşmən daha bir yaşayış məntəqəsini ələ keçirdi...” kimi sözləri mənfur ermənilərin vəhşiliyi səbəbindən düz 30 ildir ki, hər gün, hər saat eşidirik.

Sentyabrın 27-də isə hər şey bir anda baş verdi. Hücum edən düşmən elə bir güclə qarşılaşdı ki, gözünü açmağa belə imkan tapmadı. Otuz illik səbrin də “atəşkəsi” pozulmuşdu...
Vətən müharibəsi uğrunda başlayan döyüşlərin ilk şəhidlərindən olan Abbas Qasımovun DİN Polis Akademiyası Katibliyinin rəisi, polis polkovniki Səltənət Mustafayevanın bacısının oğlu olduğunu biləndə göz yaşlarımıza hakim ola bilmədik. Bu itki içimizi titrətdi.
Səltənət xanımın ömür-gün yoldaşı da 1991-ci ilin 18 avqustunda torpaqlarımız uğrunda gedən döyüşlərdə şəhid olub.

Polis polkovniki Səltənət Mustafayeva: “Abbas 2007-ci ildə Sərhəd Qoşunları Akademiyasını bitirmişdi. Sentyabrın 25-də axşam saatlarında evə gəlmişdi. Dedi ki, iki saatlığına gəlib. Hələ mən də dedim ki, iki saata görə nəyə gəlmisən? Dedi gəlmişəm ki, görüşüm gedim. Sanki ayrılıq olacağını bilirdi. Səhərə yaxın anası, həyat yoldaşı (hamısı birlikdə yaşayır) onu yola salmışdılar. Hansı rayonda olacaqlarını deməmişdi. Dəfələrlə xidməti ezamiyyətlərdə olurdu. Yoldaşıyla, anasıyla demək olar ki, hər gün əlaqə saxlayırdı. Sentyabrın 26-da gecə yoldaşı ilə danışıb. Ailəsinə çox bağlı idi. Xidmətini də çox sevirdi. Heç vaxt işdə çətinliklərinin olduğunu biruzə vermirdi. Atası avtoqəzada dünyasını dəyişmişdi. Bacım çox əziyyət içində böyütmüşdü onu. Oxutdu, evləndirdi. Anasının bütün ümidlərini doğrultdu Abbas. Əlirza və Hüseyn adlı iki oğul övladı yadigar qaldı...

Yoldaşları deyir ki, Abbasın lazımi hədəfi məhv etməsilə biz irəliləmək imkanı əldə etdik. O, şəhid generalımız Polad Həşomovun yanında dəfn olunub.”
Haqq olanın işi bütün zamanlarda zor olub. Dünya dünən olduğu kimi bu gün də haqlının deyil, haqsızın yanında yer alır. Bu, bizi əsla qorxutmur, əksinə, daha böyük inadla və əzmlə Vətən torpaqlarını işğaldan azad etməyə ruhlandırır. Düşməni hər gün geri çəkilməyə məcbur edən, onun başına od ələyən oğullarımızın sayəsində Abbas kimi igidlərimizin qanı yerdə qalmayacaq. XXI əsrin Vətən tarixini onlar öz qanları ilə yazdılar. Və bu tarix unudulmayacaq, yaddan çıxmayacaq.

Aynur Səfərli,
polis leytenantı,
DİN Polis Akademiyasının əməkdaşı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər