07.10.2020
Cəbhədən gəlirik, Qələbə sorağı ilə
Cəbhə bölgəsinə ezam olunan DİN Mətbuat Xidmətinin əməkdaşları düşmən qoşunlarının mütəmadi olaraq artilleriya atəşinə tutduğu Tərtər, Ağdam, Füzuli, Ağcabədi və Beyləqan şəhərlərində olublar.
Hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərdə polisin, eləcə də DİN Daxili Qoşunlarının hərbi qulluqçularının gecəli-gündüzlü ayıq-sayıq xidmətini fotoaparatın və kameranın yaddaşına həkk edən əməkdaşlarımız həmin rayon sakinlərinin də ordumuzun qələbələrindən böyük fərəh hissi keçirdiyinə şahidlik ediblər.
Sakinlər atılan mərmilərin onları qorxutmadığını bildiriblər: “Ordumuz qarşısında duruş gətirə bilməyən düşmənin mülki şəxsləri atəşə tutması birinci hal deyil. Bu, onların namərd xislətindən irəli gəlir. Torpaqlarımızın işğaldan azad ediləcəyi gün isə uzaqda deyil. Bu gün Ali Baş Komandanın "Qarabağ Azərbaycandır!" şüarı düşmənin başında bomba kimi partlayır. Qələbə də, Qarabağ da bizimdir, bizim olacaq!...