Logotype

1933-cü ildən çıxır

Xəbərlər

30.07.2020

Polis Akademiyasının daha bir uğuru

Daxili işlər orqanlarının kadr hazırlığı ilə məşğul olan yeganə təhsil ocağı Polis Akademiyasıdır. Həmin səbəbdən də gələcəyin asayiş keşikçilərini, qanun qoruqçularını hazırlamaq üçün yükün ağırlığı əsasən bu strukturun üzərinə düşür. Ötən illər ərzində möhtərəm Prezidentimizin ali diqqət və qayğısı sayəsində Akademiyanın maddi-texniki təchizatı gücləndirilmiş, yeni tədris və yataqxana korpusları tikilib istifadəyə verilmişdir. Yüksək səviyyədə təhsil almaq üçün yaradılmış şərait burada təhsil alanların gələcək uğurlarının təməlidir desək, yanılmarıq.
Yeri gəlmişkən, ölkəmizdə və xaricdə keçirilən bilik, idman yarışlarında Akademiyanın kursantları yüksək nəticələr əldə etmiş, onlara olan inamı və etimadı doğrultmuşlar.
Bu gün Akademiya qazandığı uğurlarla kifayətlənmir, müəllim və komandir heyəti, eləcə də kursantları təcrübə və bacarıqlarının, nəzəri bilik səviyyəsinin yüksəldilməsi üçün hər gün elmi axtarışdadırlar.

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi”ndə magistratura və doktorantura yolu ilə yüksəkixtisaslı elmi kadrların hazırlanması barədə əksini tapan müddəalar, eləcə də elmin inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramları ölkəmizdə elmlə təhsilin inteqrasiyası və bunun əsasında daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı elmin müvafiq sahələrinin inkişafına, elmi tədqiqatların nəticələrinin tədris prosesində tətbiqinə yönəldilməklə ali hüquq təhsilli kadrların hazırlanması üçün Akademiyanın qarşısında mühüm vəzifələr qoydu.

Nizamnamədə təsbit olunmuş müddəalar, Dövlət Proqramlarında qeyd edilən vəzifələr, habelə Akademiyanın mövcud elmi potensialı, elm və innovasiya sahəsindəki göstəricilər burda magistratura təhsil pilləsinin yaradılmasını şərtləndirdi.
Bu məqsədlə, Polis Akademiyasının Elmi Şurasının magistratura təhsil pilləsinin təsis edilməsi ilə bağlı qərarından sonra DİN-in müraciəti ilə Nazirlər Kabinetinin, AMEA-nın və Təhsil Nazirliyinin müsbət rəyləri əsasında 2017-ci ildə ali təhsilin magistratura səviyyəsinin yaradılmasına razılıq verildi.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə təsdiq edilmiş qəbul planında Polis Akademiyasına 2018-ci ildən magistratura təhsili üçün Hüquqşünaslıq ixtisası üzrə (İxtisaslaşma-Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası) azərbaycan bölməsində 10 yerin ayrılması nəzərdə tutulurdu.
Yeni yaradılmış magistratura təhsilinin təşkili ilə əlaqədar “Elmi-tədqiqat və redaksiya-nəşriyyat” şöbəsi və aidiyyəti kafedralar tərəfindən respublikanın və xarici ölkələrin ali təhsil müəssisələrinin qabaqcıl təcrübəsi öyrənilmiş, tədris ediləcək fənlərin proqramları hazırlanmışdır. Magistr pilləsinin fəaliyyətinin və tədrisinin təşkili məqsədi ilə, eyni zamanda, tədris planı və Polis Akademiyasının magistraturasında təhsilə namizədlərin seçilməsi və müsabiqəyə buraxılması Qaydaları, Polis Akademiyasında magistratura pilləsi üzrə elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrin təşkili və keçirilməsi qaydaları hazırlanaraq təsdiq edilmişdir.
Mövzu ilə bağlı suallarımızı cavablandıran şöbə rəisi, polis polkovniki, hüquq üzrə fəlsəfə doktoru, dosent Hikmət Eyvazov qeyd etdi ki, şöbənin əməkdaşları tərəfindən magistratura təhsil pilləsi üçün dərs və imtahan cədvəlləri, tədris resursları hazırlanmışdır. Test üsulu ilə imtahan qəbul ediləcək fənlər üzrə Akademiyanın “Test imtahan bazası”na fənlərin predmetinə dair imtahan suallarının daxil edilməsi, şifahi imtahanlar üzrə isə imtahan biletlərinin hazırlanması, semestr imtahanlarının keçirilməsi, müvafiq fənn komissiyalarının yaradılması, magistr dissertasiya mövzusunun seçilməsi, Elmi şurada təsdiqi, magistrantın elmi-konfranslara, digər təhsil müəssisələrində tədbirlərə və təcrübə mübadiləsinə göndərilməsi məsələləri həllini tapıb.
Qeyd edək ki, Akademiyanın ilk magistri polis leytenantı Ata Vəliyevdir. Magistrantın “Cinayət hüququnda cəza təyin etmənin nəzəri problemləri” mövzusunda dissertasiya işi professor və müəllim heyəti tərəfindən 92,1 balla “əla” qiymətləndirilmişdir.
Akademiyanın ilk magistri kimi DİO tarixinə düşmüş Ata Vəliyevə “Fərqlənmə diplomu”nu, həmçinin “polis baş leytenatı” xüsusi rütbəsini Azərbaycan Polisinin peşə bayramında Daxili İşlər naziri, general-polkovnik cənab Vilayət Eyvazovun təqdim etməsi Akademiyanın professor-müəllim heyətinə, gələcəyin asayiş keşikçilərinə olan sayğının, verilən dəyərin bariz nümunəsi idi.

Hafiz Təmirov,
fotolar Zeyni Hüseynovundur

Geriyə Çap et


Faydalı keçidlər
Linklər