Logotype

1933-cü ildən çıxır

Xəbərlər

13.07.2020

Ağdamdan gələn qatar

Evlər dağılır, kəndlər yanır, insanlar canını qurtarmaq üçün ayaqyalın, başaçıq hara gəldi qaçır.
Elə bilmişdi ki, böyüklərin “dava-dava” oyunu belə olur. Ancaq bu davalarda yaşıdlarının öldüyünü görəndə balaca yumruqlarını böyüklərdən qisas almaq üçün düyünləmişdi. Axı onlar “dava-dava” oynayanda böyüklər ölmürdü...
Qərvənddən çıxan qatar elə yanıqlı fit vermişdi ki, sanki bir də Ağdama dönməyəcəkdi. O gün qiyamətin qopduğundan xəbərsiz olan göylər yer üzünün tamaşasına çıxmışdı. Bu insan övladı nə qəddarmış, İlahi, daşı, torpağı, otu, gülü, dağı gülləyə tutmaq, quş yuvalarını tankın ağzına vermək, əslində, yaradanına üz çevirmək idi.
Uşaq ağlı ilə onda müharibənin fəlsəfəsini anlaya bilməzdi. Lakin o, Qədirin “Sona bülbüllər”ini Vətəndən perik salanların adını atası əmilərinə deyəndə eşitmişdi: düşmən...
Barəsində yazmaq üçün həmişə əlimə fürsət düşüb. Ancaq inanın ki, onun hələ də qaysaq tutmayan Vətəndə vətənsizlik adlı yarasını qanatmağa, yaddaşında şəkillənən xatirələrini dindirib kövrəltməyə ürək eləməmişəm. Təbiətən kövrək insandı polis polkovnik-leytenantı Anar Mikayılov.
Polis günü ərəfəsində görüşüb söhbətləşəndə “Bu kursantların da içində mənim həmyerlilərim var. Qismət olsun, onlar öz xidmətlərini Ağdamda etsinlər, orda asayişi qorusunlar” cümlələrini dolmuş gözlərini üzümə zilləyib ürəklə dilə gətirdə mənə elə gəldi ki, aramızda olan bu söhbəti hamı eşidib “Amin” dedi...

On üç yaşından Bakıdadır. Məktəbi də burda bitirib. Hərbi xidmətdən sonra daxili işlər orqanlarına qəbul olunub. İlk xidmət yeri Azərbaycan Teleradio Verilişləri QSC-nin mühafizəsi üzrə Mühafizə Şöbəsi və Nərimanov Rayon Mühafizə İdarəsi olub. Polis Akademiyasına daxil olanda kifayət qədər xidməti təcrübəsi vardı. Kurs yoldaşlarının əksəriyyəti demək olar ki, xidmətdən gələnlər idi. On birinci sinfi bitirib Akademiyaya qəbul olunanlarla rəqabətə girmək hər oğulun hünəri olmasa da o, çətinliklərin öhdəsindən gəlmək üçün iradəsini səfərbər edib gecəsini-gündüzünə qatdı. Əla və yaxşı qiymətlərlə bitirdiyi təhsil ocağında dərs demək təklifini Akademiyanın elmi işlər üzrə rəis müavini, polis polkovniki, hüquq elmləri doktoru, professor Mahir Əhmədovdan eşidəndə “Hər çətin asan olur, amma çətin asan olur” həqiqətinə bir daha inandı. Kursant kimi parta arxasında oturduğu auditoriyalara indi müəllim kimi daxil olacaqdı. Qarşıda onu çətin və məsuliyyəli illər gözləyirdi. “Məndən müəllim olarmı” sualına cavabı qəti oldu: Bəli, olar. Çünki sən ali təhsil müəssisiləri arasında sayılıb-seçilən, ölkəmizdə ali hüquq təhsilli kadrların yetişdirilməsində, gələcəyin peşəkar polislərinin, hüquqşünaslarının hazırlanmasında böyük təcrübəyə malik, yetişdirmələri Vətənimizin düşmən təcavüzünə məruz qaldığı illərdə döyüşlərə atılan, şəhidlik zirvəsinə ucalan, əlil olan Polis Akademiyasının məzunusan...
2009-cü ildə ondan bir kurs aşağı oxuyan, onu soyadı ilə çağıran kursantlar artıq ona müəllim deyə müraciət edirdilər.
“Müəllim kimi ilk dərsimi xatırlayanda indi də həmin həyəcanı keçirdirəm. Kafedra rəisi, polis polkovniki Səyyad Ağayevlə dərsə girdim. Məni kursantlara təqdim etdi. O gündən 11 il keçib”...
Deyir ki, auditoriya müəllimin döyüş meydanıdır. Ancaq qarşısındakı düşmən deyil, sabahımızı etibar etdiyimiz gənclərdir, asayiş keşikçiləridir. Müasir dövr təcrübənin tətbiqi üçün texniki inkişafdan yararlanmaq əldə olunan nəticəni daha yaddaqalan edir.
O da hər gün oxuyur, öyrənir. Hüquq elmi inkşaf etdikcə köhnə baza ilə inkişaf etmək olmur, daha doğrusu, zamanla ayaqlaşmaq, onun tələblərinə cavab vermək üçün yaradılan şərait müəllimdən daha hazırlıqlı olmasını tələb edir.
DİN-in Polis Akademiyasının qapısı gənc hüquqşünaslara, mütəxəssislərə daim açıqdır. Savadına, təcrübəsinə güvənən imtahan verib buranın əməkdaşı olmaq şərəfinə nail ola bilər. Bunu da polis polkovnik-leytenantı Anar Mikayılov deyir. Yaradılan şəraitə gəlincə, həmkarımız onu da diqqətimizə çatdırdı ki, Akademiyada gənclərin vəzifədə irəli çəkilməsi, onların perspektivlərinin qiymətləndirilməsi rəhbərliyin diqqət mərkəzindədir. Məhz bu ali diqqət və qayğının nəticəsidir ki, həmkarımız 2013-cü ildən “Cinayət-prosesi” kafedrasının baş müəllimidir. Xidmətdə əldə etdiyi uğurlara görə ona bir neçə il öncə mükafat qaydasında “polis mayoru” xüsusi rütbəsi verilib. “Əla xidmətlərə görə” döş nişanı ilə mükafatlandırılıb.
Yeri gəlmişkən, vaxtilə dərs dediyi qardaşı, polis baş leytenantı Orxan Mikaylov Yasamal RPİ-nin əməkdaşıdır.
Ailəsində 3 övlad böyüyür.
O, ədalətli müəllimdir. Hər bir kursantını biliyinə, savadına görə qiymətləndirib ədalətli də qərar verməyi bacarır. Kursantın qəlbinə yol tapmaq üçün əsas işi savadını artırıb, ondan soruşulana dəqiq və əhatəli cavab verməkdir. O, Akademiyanın perspektivli gənclərindəndir. 2017-ci ildən elmi iş üzərində işləyir, xaricdə məqalələri dərc olunub. Müxtəlif proqramların, vəsaitlərin yazılmasında yaxşından iştirak edir. Bunları da bizə Akademiyanın rəisi, polis general-mayoru Nazim Əliyev dedi...

Hafiz Təmirov,
polis polkovnik-leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər