Logotype

1933-cü ildən çıxır

Xəbərlər

08.06.2020

Haqli olduğumuza görə müdafiə edirlər

Ötən həftə xüsusi karantin rejimi çərçivəsində həyata keçirilən preventiv tədbirlərin davamı olaraq iki gün 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edildi.
Təəssüflər olsun ki, həmin o iki gündə şahidi olduğum hadisələrə ad tapmağa, şərh verməyə çətinlik çəkirəm. Polisin haqlı tələbinə məhəl qoymayıb karantin rejimini pozanlara guya “dəstək”, “həmrəy” olduğunu göstərmək üçün asayiş keşikçilərinin üstünə məişət tullantıları atanların tərbiyəsizliklərinə utandım. XXI əsr cahilliyi, sən demə, haqlı tələbi “zibillə” qarşılayırmış...
Yaxşı ki, bu hadisələri Mirzə Cəlil, Sabir, Üzeyir bəy görmədi. Nə danışmağa, nə də ki, yazmağa söz tapmayacaqdılar...
Yolunu azmışlar, qaydaları görməzlikdən gələnlər fikirləşmirdilər ki, polis mundirini əyninə geyinmiş Azərbaycan vətəndaşını, övladını deyil, əslində, o munduri bəzəyən dövlət atributlarımızı təhqir edirlər. Əməlləri cəzasız qalmadı və onlar hüquqi məsuliyyətin nə olduğunu yəqin ki, uzun illər unutmayacaqlar...
Bizi sevindirən isə o “tərbiyəsizliklərə” sosial şəbəkələrdən sərgilənən əsl vətəndaş mövqeyi oldu. Azərbaycan Polisinin illərin və nəsillərin ağır sınaqlarından keçərək xalqın güvənc yerinə çevrildiyi haqqında paylaşımlar edənlərin haqlını da, haqsızı da görüb qiymətləndirmələri gücümüzə güc qatdı. Həyatımızı riskə atmağın, çəkilən zəhmətin boşuna getmədiyini görüb sevindik. Paylaşılan statusların bəzilərini olduğu kimi təqdim edirik.
Millət vəkili Fazil Mustafa: “Mən hesab edirəm ki, bu məsələdə çox ciddi tədbir görülməlidir. Qoy başqaları görsün ki, belə eləmək olmaz. Bunun adı təkcə tərbiyəsizlik, mədəniyyətsizlik deyil, bunun adı təxribatdır. İndi elə bir dövrdür ki, sanki müharibə vəziyyətidir. Müharibə vəziyyətində polisə zibil atmaq nə deməkdir? Bomba atmaq, güllə atmaq kimi bir şeydir. Başqa adı nədir? Polis uşağını, ailəsini, körpəsini evdə qoyub, problem yaranmasın, küçədə hər hansı bir hadisə baş verməsin deyə səni qoruyur. Sən niyə ona zibil atmalısan? Burada təbii ki, hamını məsuliyyətə cəlb etməkdən söhbət getmir, konkret kim atıbsa, məsuliyyət fərdidir. Ola bilsin ki, heç kim cavab vermir. Araşdırmaq üçün bu insanlardan müəyyən ifadələr alınacaq, kimin ki, günahı yoxdur onlar buraxılacaq. Hamının burada cəzalandırılmasından söhbət getmir. Amma kim atıbsa ciddi cəzalandırılmalıdır. Azərbaycan Polisi də sənin övladındır, yaxınındır, polis səndən qeyri-qanuni nəsə tələb etməyib.”
Jurnalist, ictimai fəal Turan İbrahimovun statusundan:
“Polisin bütün davranışları, hətta ən sərt olanı belə haqlıdır, yerindədir! Qanmazla, qanmaza layiq davranarlar! Meymunluq edənlə isə hələ bir az da irəli getmək olar!
O ki, qaldı o, yersiz və səviyyəsiz guya polisə etiraz edənlərə, etdikləri bir kəlmə ilə cılızlıqdır! Ömür boyu bir-birinin ayağından dartanların indiki yersiz həmrəyliyi ürək bulandırandır!
O polislər də kiminsə balasıdır, atasıdır, əridir, qardaşıdır. Siz sərin evinizdə daşıdığınız zavod çörəklərinizi yeyəndə onlar küçələrdə, günün altında keflərindən “mazol” qazanmırlar!!!”
Aida M Bayramova adlı sosial şəbəkə istifadəsinin paylaşımı:
“Maraqlı bir hadisə danışım...
Magistr tələbə idik. Qrup yoldaşım qızla metroya gedirdik. Tofiq Bəhramov stadionunun qarşısından keçəndə iki gənc oğlan maşını üstümüzə sürdü. Bizi şəkər tutduracaq dərəcədə qorxudub, arsız-arsız gülüşdülər.
Yanımdakı qız hirsindən nə gəldi deyirdi. Onlar isə gülürdülər. Qəhrəmanlıq etmişdilər elə bil ki... Qrup yoldaşıma dedim ki, sakitləş, narahat olma.
Orada xidmətdə olan polis bu mənzərəni görüb oğlanlara yaxınlaşdı. Onun “belə bacarıqlısan, sür bölməyə!” fikrinə cavab verməyə cəsarətləri çatmadı.
O an içimdə bir rahatlıq oldu, çünk məni qoruyacaq nə atam, nə qardaşım yanımda yox idi. Amma qeyrətli polislərimiz vardı.”


Teymur Əlizadə,
polis kapitanı


Geriyə Çap et


Faydalı keçidlər
Linklər