Logotype

1933-cü ildən çıxır

Xəbərlər

02.05.2020

Qayda pozan sürücünü polis təqib edə bilərmi?

Bu sual sükan arxasında əyləşən hər kəsi maraqlandırır, müzakirə mövzusuna çevrilir.
Bu yazıda sürücü, yoxsa polis haqlıdır sualını cavablandıracaq və bir çox məqamlara aydınlıq gətirəcəyik.
Sükan arxasında əyləşmiş sürücü avtomobili idarə edərkən öz mədəniyyətini, başqalarının hüquqlarına hörmətini, dövlətin qanunlarına tabe olduğunu nümayiş etdirməlidir.
"Yol hərəkəti haqqında" qanunun 85-ci maddəsinin "Qeyd" hissəsində göstərilir ki, nəqliyyat vasitəsinin dayandırılması fit və jezllə işarə verməklə və ya səsgücləndirici cihaz vasitəsilə sürücünün aydın görə və ya eşidə biləcəyi şəkildə tələb edilməlidir. Nəqliyyat vasitəsinin dayandırılması tələbi sürücü tərəfindən yerinə yetirilmədikdə, qayda pozuntusunun vaxtı, yeri, xarakteri, nəqliyyat vasitəsinin markası, rəngi, hərəkət istiqaməti, dövlət qeydiyyat nişanı və digər mühüm əlamətləri göstərilməklə DYP-nin digər əməkdaşlarına radio-cihaz vasitəsilə məlumat verilir və bundan sonra yazılı formada raport tərtib edilir.
Nəqliyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması) və ya sürücünün cinayət törətməkdə şübhəli olması barədə dəqiq məlumat olduqda, yaxud nəqliyyat vasitəsinin sürücüsü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat vasitəsinin dayandırılması tələbini yerinə yetirməyən sürücünün nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə və müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə radio-cihaz vasitəsilə məlumat verilməklə təqib edilə bilər. Həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə edilə bilər.
Təcrübə göstərir ki, polisdən sərxoş, yol-nəqliyat hadisəsi törədən, avtoxuliqanlıq edən və sənədləri qaydasında olmayan sürücülər qaçır.
Qanunda maraqlı məqamlar da əksini tapır. Məcburi dayandırılma vasitələri qanunda tam aydın izah olunmasa da, yola "kirpi" atıb avtomobilin təkərlərini deşməklə onu saxlatdırmaq, süni sıxlıq yaratmaqla və ya maşının vurularaq dayandırlması kimi hallar tətbiq oluna bilər.
Polisin “dur” əmrinə tabe olmayan sürücü 150 manat cərimələnə bilər. Əgər o, yol polisinə tabe olmayıb qaçarsa, əlavə olaraq İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsinin tələbini pozmuş sayılır ki, bu əmələ görə də 80 manat cərimə nəzərdə tutulur. Sözsüz ki, sürücü tabesizlik göstərib qaçarkən maşını sürətlə idarə edir və bu zaman radara düşür. Üstəlik, digər qayda pozuntuları – işıqforun qırmızı işığında dayanmamaq, piyadaya yol verməmək, yolayrıcını keçmə, habelə ötmə- manevr etmə qaydalarını pozmaq halları da ortaya çıxır. Bu zaman isə İnzibati Xətalar Məcəlləsisinin 511-ci maddəsinin 1-ci bəndi - avtoxuliqanlıq - sürücünü "ağuşuna alır". Həmin maddədə ictimai qaydanın və əhalinin dincliyinin, eləcə də yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirilməsi əksini tapır ki, bu da sürücünün yol polisinə tabe olmayaraq qaçması zamanı baş verən hallardır. Bu zaman ən yaxşı halda sürücü nəqliyyat vasitəsini idarə etmək hüququndan 1 il müddətinə məhrum edilməklə 500 manatdan 750 manatadək cərimə oluna bilər. Yuxarıda sadalananlarla yanaş, yol-hərəkəti qaydalarını daha kobud şəkildə pozan sürücülərin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılır, 15 gündən 1 ayadək inzibati qaydada həbs olunur.
Polisdən qaçarkən qəza törətmək, kiminsə ölümünə və ya yaralanmasına səbəb olmaq uzun illər azadlıqdan məhrum olmaq deməkdir.
Sizcə qaçmağa dəyərmi?


Ruhiyyə Əliyeva,
polis baş leytenantı

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər