Logotype

1933-cü ildən çıxır

Xəbərlər

26.04.2020

Dünyanı mərhəmət xilas edəcək

Pandemiyanın qarşısını almağın karantin və izolyasiya olduğu haqda dövrünün ən böyük alimlərindən olmuş İbn Sina (980-1037) dünyanı qara ölüm-taun bürüyərkən evdən çıxmamağı, toplum halında olmamağı, sirkə ilə əlləri silməyi tövsiyə edirdi. Ən əsası, qorxuya düşməməyi məsləhət görən “Həkimlər atası” qorxu hissinin insanın immun sistemini zəiflətdiyini, insan bədəninin virusla mübarizədə təslim olduğunu yazırdı. Bu da danılmaz faktdır ki, bütün dövrlərdə epidemiyanın qarşısını almaq müşkülə dönmüşdür.
1820, 1920 və 2020-ci il. Bir çoxları yüz ildən bir baş verdiyi üçün bu illərdə yayılan pandemiyaları hansısa qüvvənin sanki planlı olaraq yaratması qənaətindədirlər. XIX əsrdən indiyə kimi 7 dəfə vəba epidemiya, Sars, donuz, quş qripləri canlar almaqdan yorulub səngimişkən koronavirus meydana gəldi. Bu epidemiya doğru-dürüst öyrənilməmiş dünyanın idarə olunan ilk pandemiyası adını aldı ki, buna da müxtəlif səbəblər vardır.
Zaman çalxalanıb durulacaq və çox mətləblər üzə çıxacaq. Dünyanı sarsıdan, ən güclü dövlətləri diz çökdürən bu virusun insana yarasadan, ilandan keçməsini, ya da labaratoriya şəraitində hazırlanıb mutasiya olunmasını müzakirə mövzusuna çevirmək zaman alır...
Həyatın başlanğıcından virus var və bilmək olmur nə zaman meydana atılacaq. Yenə də biraz keçmişə baş vuraq;
Birinci dünya müharibəsi dönəmində 1918-ci ilin aprel ayında Amerikada öldürücü qrip virusu yayıldı. İspaniya dövləti tərəfindən epidemiya elan edilməsi səbəbindən onu “İspan qripi” adlandırdılar. Bu virusun aclıq, yoxsulluq və anti-sanitariyadan qaynaqlandığını hesab edirdilər. Yüz milyona yaxın olan insanın ölümünə səbəb olan bu virus miqyasına görə ən təhlükəli hesab olunurdu. Hazırda dünyada daha iki pandemiya mövcuddur və gündəmi zəbt etməsə də sakit şəkildə ömrünü davam etdirir. Biri dünya sakinlərinin heç fərqinə varmadıqları-1981-ci ildən üzü bəri 60 milyon insanın yoluxduğu, yoluxanlardan 25 milyonun öldüyü HİV virusudur. Digəri isə 1961-ci ildə İndoneziyada başlayıb 1970-ci ildə pik həddə çatmış vəba pandemiyasıdır ki, bu virus daha çox Afrika qitəsində yayılmışdır.
Dünyanın 18-ci pandemiyası- yeni tip koronovirus. Dünyanı lərzəyə gətirib insanları ətraf aləmdən izolə edən, sosial durumundan, cəmiyyətdə mövqeyindən, ağıl və iradəsindən asılı olmayaraq hər kəsə özünü sübut edən virus. Əslində, bu bəla insan olaraq həyatdakı missiyamızı yadımıza saldı. Təkcə özümüzü deyil, özgələrini düşünməyə də vadar etdi. Dünyanın düzəni dəyişdi. Zaman çoxlarının alışıq olmadığı çox sözləri hayqıraraq yox, pıçıltıyla diqtə etdi.

Bəlkə də çoxunuza qəribə gələr etdiklərim. Su kranını çox açmıram ki, israf olmasın. Afrikada susuzluqdan yananlar var. Yeməyi çox yemirəm ki, Yəməndə hər on dəqiqədə bir uşaq aclıqdan ölür. Göz oxşayan geyimləri alıb geyinmək istəmirəm ki, ayağı yalın, bir dəst paltarın ehtiyacını çəkənlər var. Məni qınamayın, əslində bütün bunlar həqiqətdir. Həqiqətdir ki, əvvəllər bir ailənin yerləşdirə biləcəyi bir paltar şkafına indi ailənin bir üzvünün paltarını yerləşdirmək olmur. Amma düşünən yoxdur ki, paltar insandan çox yaşayır. Qab-qazanın ömrü insandan uzundur.

Dünyanın bir ovuca yerləşən zamanında xeyirxahlığın dünyəvi bəlaya qarşı müharibəsinin əsgərləri olmaq məcburiyyətindəyik hər birimiz. Bəs belə bir zamanda dünyanı nə xilas edəcək?! Fyodor Dostoyevski dünyanı gözəllik xilas edəcək deyirdi. Məncə o, dünyanı mərhəmət və xeyirxahlıq xilas edəcək demək istəmişdir. Biz də o fikirdəyik...

Afət Babayeva,
polis mayoru

Geriyə Çap et


Faydalı keçidlər
Linklər