Logotype

1933-cü ildən çıxır

Xəbərlər

29.04.2020

Kökdən gələn istedad

“Polis haqqında Azərbaycan Respublikasının Qanunu”nda yazılıb ki, polis əməkdaşı elmi və bədii yaradıcılıqla məşğul ola bilər. Bu gün Azərbaycan polisi asayişi qorumaqla, cinayətkarlıqla qətiyyətli mübarizə aparmaqla yanaşı, film çəkir, mahnı bəstələyir, rəssamlıqla məşğul olur, şeir, roman da yazır.
“Xilaskar mələklər”, “Şəhidim”, “Qarabağımız”, “Hədəf”, “Ümid”, “Əbədi sevgim”. Siyahını uzatmaq olar. Bu qısametrajlı filmləri izləsəniz həmkarımızın - Azərbaycan Polisinin Vətənə, torpağa sevgisini, yaradıcılıq imkanlarını görəcəksiniz. Məna yükü dərin olan və diqqət çəkən bu filmlərdə sabitliyin keşiyində ayıq-sayıq duran polisimizin mənəvi dünyasının zənginliyinin, dünyagörüşünün, hadisələri müşahidə qabiliyyətinin şahidi olduq...
Atası dünyasını dəyişəndə on yaşı vardı...
“Həyat adlı şahmat taxtasında mən şahımı-atamı itirdim. O gündən elə bildim ki, atamla birlikdə mənim gələcəyimi də dəfn etdilər. Ağlayırdım, ancaq mən göz yaşlarımla anam kimi danışa bilmirdim. Rəngli idi anamın göz yaşları. Böyüdükcə ata adlı varlığın necə böyük bir qüdrət sahibi olduğunu gördüm. Bilirsiniz, bunu nə vaxt hiss etdim: dalaşdığım uşaqlar atası ilə məni qorxudanda...”

O, beləcə ötənləri xatırlayıb bu gündən dünənə boylanır. Çünki dünənində atalı olan uşaqlığı qalıb...
Həmkarımız polis serjantı Kərim Gümrah oğlu Rəhimov 1985-ci ildə Bakıda doğulub. “Əsrin ilk məzunları” məktəbinin məzunudur. Azərbaycan Beynəlxalq Universitetinin “Maliyyə və kredit” fakültəsini bitirib. 2012-ci ildən Bakı şəhər Baş Polis İdarəsinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin Təhlükəsiz Şəhər Xidmətinin operatoru vəzifəsində xidmət edir. Kömpüter üzrə bacarıqlı mütəxəssisdir.

Anası Nuriyyə Rəhimova uzun illərdir sıralarımızda çalışır. Bakı şəhər Baş Polis İdarəsinin Növbətçi Hissələri İdarəetmə Xidmətində dəftərxana müdiridir.
Vaqif Mustafazadənin və Ceyhun Mirzəyevin rejissorluğu ilə həyat qazanan “Bəyin oğurlanması” bədii filmində elçiliyə gələnlərdən birinin sözünü kəsən xalq artisti Yaşar Nurinin sonradan: “Nə var, nə yox? Sən söhbətini elə Brodyaqa” dediyi obrazı-Azərbaycan SSR Dövlət Mükafatı laureatı Gümrah Rəhimovu xatırladınızmı? Xatırladınız, çünki üzünüzə gülüş qondu. Kərim onun ailəsində dünyaya göz açıb.
Atasının çəkildiyi filmlər və oynadığı rollar oldu ilk müəllimi. Atasından yaddaşında qalan xatirələrdən böyük olan Kərim “Ömrün səhifələri” adlı qısametrajlı filmlə rejissorluq bacarığını ortaya qoydu və istedadın gendən gəldiyini sübut etdi.
Beləcə ötən illər ərzində hadisələrə münasibəti dəyişib. Gözü tutduğu, içini tərpətdiyi müşahidələrini filmlərə çevirir. Bütün filmlərinin ideya müəllifi özüdür. Rejissorluq, operatorluq, montaj işlərində bacarıqlarını bugün də təkmilləşdirir. Əsas işinin öhdəsindən layiqincə gəldiyi kimi, çətinliklərə baxmayaraq, yaradıcılığına da vaxt ayırır. Adını, soyadını “Google” məlumat portalında axtarışa versək gözlərimiz önündə polisimizin fikir dünyasının rəngarəngliyini əhatə edən, istedadla ərsəyə gələn filmlərin sehirinə düşərik. Kərim yaşadıqlarını, müşahidələrini sözə, fikrə çevirməyi və lentə almağı bacarır.
2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılan “Bakı Oskar 2” adlı qısametrajlı film festivalına təqdim edilən filmlərdən seçilib finala çıxan 10 filmin arasında Kərim Rəhimovun “Hədəf” filmi də vardı. Film 1942-ci ildə Stalinqrad şəhərinin müdafiəsi uğrunda döyüşən iki əsgərinin mübarizliyindən bəhs edir.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 2017-ci ildə keçirilən “Azərbaycan ailəsi” 9-cu film festivalında Kərim Rəhimovun “Ümid” bədii filmi diplom və xüsusi mükafata layiq görülüb. Şəhid atalarının xəyallarını filmə çevrib həmkarımız.
“Şəhidim” filmində radioda 2016-cı il Aprel döyüşlərində şəhid olan Azərbaycan ordusunun əsgərləri haqqında məlumatı eşidərək keçmiş döyüş yoldaşlarını yada salan, ayağa qalxıb döyüşmək, əvvəlki gücü və şücaətini göstərmək istəyən, lakin bunun mümkünsüzlüyünü hiss edən Vətən övladının yaşadığı hisslərin şahidi olmaq istəyirsinizsə, o zaman, vaxt itirmədən filmə baxın.
“Şəhidimiz var” filmi ilə bizlərə çağırış edir polis serjantı Kərim Rəhimov. Mübariz İbrahimovun, Fərid Əhmədovun və Əhməd Abdullayevin timsalında düşmən tapdağında qalan torpaqlarımızı azad etməyin vaxtının çoxdan çatdığını deyir.

Kino üzrə mütəxəssis olmasaq da sözə simsar kimi onu deyə bilərik ki, həmkarımızın filmlərinin səsi-sorağı çox yaxın zamanda beynəlxalq festivallardan gələcək.
Yazımıza hələlik nöqtə qoyuruq, çünki söz indi onundur:
“...Hər dəqiqənin öz hökmü olduğu kimi, aldığım nəfəsin necə qiymətli olduğunu anlayıram. Uğursuz addımlara gülümsəyərək, yenidən addımlamaq kimi çətindir bu həyat. Xatirələrim gözümün önündə lent kimi fırlanır. O zaman uşaq idim, atamın siqaret tüstüsünün böyük bir həzzlə havaya üfürməsindən siqaretin yaxşı bir şey olduğunu zənn eləmişdim.. Hər gün səhər günəş doğarkən bu gözəl həyatda yaşamalı olduğunuz saylı günlərinizi azaldır. İnsana ziyan verən pis vərdişlərin qurbanı olmayın. Siqaret çəkirsinizsə, elə indi buna son qoyun. (“Oksimoron”).
“Uşaqlar, atanın siqareti hardadır?
-Siqaret, sənin sağlamlığın üçün zərərlidir. Biz istəmirik, sən öləsən” (“Xilaskar Mələklər. Siqaret çəkmə.”)
“Mən sizdən ötrü çox darıxırdım, amma çarəsiz idim. Əlim sizə çatmırdı. Bağışla oğlum...Anan səni min-bir əziyyətlə böyütdü. Öz gücü ilə ayaq üstündə dayandı. Məni bağışla oğul, gələcəkdə sən də ailə sahibi olacaqsan. Ailənin qədrini bil.” (“Əbədi sevgim.”)
Adımız, canımız, tariximiz Qarabağ! Xankəndi, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdərə, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan....Biz hamımız Qarabağıq !!!” (“Qarabağımız.”)


Hafiz Təmirov,
Ruslan Vəliyev.

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər