Logotype

1933-cü ildən nəşr olunur

Xəbərlər

19.03.2020

Bərdədən Ağdərəyə gedən yollar…

“İnsanın bacarmadığı, öhdəsindən gələ bilmədiyi iş yoxdur. Yerin dərinliklərində, göyün ənginliklərində möcüzələr yaratmaq ulu yaradanın ona bəxş etdiyi üstünlüklərdəndir. Zəhmətə alışmaq, çətinliyə qatlaşmaq, hədəfinə doğru irəliləmək, bərkə-boşa düşmək, gələcək uğurların təməl daşıdır.
Bizim dövrümüzdə polisin işi daha çətin idi. Elm-texnika bu qədər inkişaf etməmişdi. Bu gün daxili işlər orqanlarının maddi-texniki təchizatı çox yüksəkdir. Özünü doğrultmaq, təcrübə toplamaq, ən əsası, işləmək üçün yaradılan şərait göz önündədir. Bu gün xidmətdə olan əməkdaşlarla yanaşı, biz polis veteranlarına da təcrübəmizi gənclərlə bölüşmək, onlara əməli kömək üçün şəraitin yaradılması, dövlətimizin iqtisadi qüdrətindən və hansı yaşda olursa-olsun Vətəninə xidmət edən, onun gələcəyini düşünən insanlara verilən dəyərin göstəricisidir. Bütün bunlar isə bizə yaşamağa inam verir, gərəkliyimizi hiss etdirir”…
Bərdə RPŞ Veteranlar Şurasının sədr müavini, təqaüddə olan polis mayoru Oktay Məmmədov söhbətimizə bu fikirlərlə körpü saldı. Ötənləri, itənləri xatırladı, elə də köhnəlməyən yaddaşını təzələdi.
Xankəndində Pedoqoji İnstitutu bitirdikdən sonra, “dünyanın düz vaxtında” Rusiyaya köçüb. Orda pedoqoji fəaliyyətlə məşğul olub. Ruslara sovet tarixini tədris edib. 1990-cı il hadisələrindən sonra erməni millətçilərinin əsassız iddialarının qarşısını almaq, təklənən Vətənimizi qorumaq üçün, o da, Rusiyada yaşayan, iş-güc sahibi olan oğullarımız kimi Azərbaycana qayıdıb.
Həmin vaxt ata yurdu Ağdərənin də taleyi tükdən asılı idi. Düşmən kəndlərə hücum edir, əhalini qorxu altında saxlayırdı. Vətəni müdafiə etmək üçün polisin sıralarına qoşulmasına belə aydınlıq gətirir. O zaman siyasi proseslərə qoşulan kütlənin arxasınca getmək bizi məqsədimizdən uzaqlaşdırardı. Polisdə olan nizam-intizam diqqətimi çəkmişdi. 1990-cı ildə xidmətə qəbul olundum. Asayişi qorumaqla, cinayətkarlıqla qətiyyətli mübarizə aparmaqla yanaşı, əsas görəvimiz Vətəni qorumaq idi…
Ağdərə RPŞ-nin əməkdaşları çox ağır sınaqlardan çıxmış, necə deyərlər, ölümlərdən sıyrılmışdılar. Onlar az sayda canlı qüvvə ilə düşmənin sıralarını pərən-pərən salmış, döyüş texnikalarını məhv etmişlər. Buna görə də erməni millətçilərinin əsas məqsədi polisin müqavimətini qırmaq idi…
Ağdərə işğal olunduqdan sonra Tərtərdə məskunlaşıblar. DİN-in müvafiq əmri ilə Ağdərə RPŞ ləğv edilib və o, Bərdə RPŞ-də xidmətə qəbul olunub. 2016-cı ildən təqaüddədir.
Uzun müddət Bərdə RPŞ-də əməliyyat sahəsində çalışıb.
Söhbət zamanı qocaman həmkarımız açılmasında yaxından iştirak etdiyi, səs-küylü oğurluq hadisəsindən də bəhs etdi: “2001-ci ilin mayında Gərənə kəndində məskunlaşmış Ağdam rayon köçkünü yaşadığı evin həyətindən mal-qarasının oğurlanması barədə RPŞ-yə müraciət etmişdi. Dərhal həmin kəndin sahə inspektoru ilə hadisə yerinə getdik. Baxış zamanı evdən təxminən 10-15 metr aralıda cib dəsmalına bükülmüş 4 ədəd tüfəng gülləsi və bir də işlək vəziyyətdə olmayan qol saatı aşkarladıq. Saatın əqrəbləri 5:23-ü göstərirdi. Güman olunurdu ki, oğurluq da həmin ərəfədə baş vermişdi və cinayəti törədən şəxslər silahlıdırlar. Onların başqa yerlərdə də oğurluqlar törətdikləri istisna edilmirdi. Elə həmin gün cinayəti törədən şəxslərdən birinin izinə düşdük. İsti izlərə davam etdirilən tədbirlər nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən digər şəxsi də yaxalamaq mümkün oldu. Onun evinə baxış keçirilən zaman həmin gün oğurladığı iribuynuzlu heyvan, 12 ədəd çətənə kolu, 200 metr uzunluğunda alüminium kabel və 1 ədəd tüfəng aşkar edilərək götürüldü. İstintaqın gedişində məlum oldu ki, həmin şəxs öz yaxın qohumu olan daha 2 nəfərlə birlikdə rayonun bir neçə kəndində mal-qara oğurlayaraq vətəndaşlara külli miqdarda ziyan vurub. Və beləliklə bağlı qalmış daha 18 cinayətin açılması təmin olundu. DİN rəhbərliyi tərəfindən “Fəxri fərman”la təltif edildim. Bu hadisədən sonra rayon ərazisində bir müddət mal-qara oğurluğu baş vermədi”.
Bərdə qürbət deyil, Vətənimizin bir parçasıdır. Bu gün onun yaşının elə çağıdır ki, vətənsizliyini övladlar, nəvələr görməsin deyə gözünün yaşını silib, dərdini Bərdədən Ağdərəyə gedən yollara danışır.
Ümidlidir, özü belə deyir, uzağı gələn yaza qayıdacaqlar…

Aslan Qiyaslı,
polis baş leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər