Logotype

1933-cü ildən çıxır

Xəbərlər

15.03.2020

Bu bahar qələbə gətirsin bizə

Kəsilmiş ağacların ağrısının göyərməyinə yaz deyilir. Hər yaz olduğu kimi bu yaz da dərdi qönçə tutmuş qızılgüllər bülbülün bir ağızlıq naləsinə bənddir ki, açılsınlar. “Od çərşənbəsi” qışın sonuncu nəfəsinə elə bir ilıqlıq qatıb ki, günəşin qızıl telləri canını isidən nərgizlərin, qardələnlərin, novruzgüllərinin ürəyi uçunur torpaqdan baş qaldırıb təbiəti salamlamağa.
Birazdan quşların “kəlbətin” dimdiyi işə düşəcək, çör-çöp yığıb köhnə yuvalarını yenidən quracaq, “odu soyuyan” ocaqlarını yenidən yandıracaqlar... Quş olanda nolar ki, onların nisgili, həsrəti var...
Xəstələnərik, soyuqlayarıq deyə evdən bayıra çıxmadığımız qış günlərində civildəşən sərçələri heç müşahidə etmisinizmi? O civiltilərdəki özünəinamı, yuva sevgisini duymusunuzmu? Donmamaq, gələn yaza sağ çıxmaq üçün

Əzizim Vətən yaxşı,
Geyməyə kətan yaxşı.
Gəzməyə qərib ölkə,
Ölməyə Vətən yaxşı,.-

bayatısının sərçələrin yaşam himni olduğunu bilirdinizmi?
Babalarımız əbəs yerə: “Sən sərçənin qədrini bil, qaranquş gəldi-gedərdi”,- deməyiblər.
İnsan ömrü də fəsillər kimidir. Yazı, yayı, payızı, qışı var. Verilən ömür payını ta torpağa dönənə kimi fəsilbəfəsil yaşayırıq. Heç kim və heç nə uca yaradanın nizamladığı qanunauyğunluqdan, daha doğrusu, adına alın yazısı dediyimiz qəlibdən bircə addım da kənara çıxmır. Hər şey olduğuna varır...
Baharı gözləmir yurdsuz adamlar... Görəsən, bu doğurdanmı belədir? Bu, əslində, həqiqətdir. Yurdsuzlar üçün bütün fəsillər göynərti rəngindədir. Ömrünə Vətənsiz gələn 80-ci yazı görməmək üçün əzizlərim-nənəm və babam

Bu yaz yuvasına dönür quşlar da,
Mən dönə bilmirəm Dağ İlməzliyə,-

deyib Tanrı ilə dərdləşəndə 7 yaşım vardı. Vətəndə Vətən həsrəti çəkənlər Haqqa varandan sonra neçə yazlar, neçə qışlar gəldi, getdi ömrümüzdən. Hər gələn yazda dönmək arzumuzla bərabər, nisgilimiz də, həsrətimiz də böyüdü, boy atdı. İndi mənim Vətəndə vətənsizliyimin yaşı 40-ı haqlayır...
Hər gələn baharda qaysaq tutmamış yarası qanayıb, bağrı köz-köz olan, indi Ermənistan adlandırılan torpaqlarımıza, Lələtəpədə ucalan bayrağımıza üzünü tutub “Səni gözləyirəm, Azərbaycan əsgəri” deyən Qarabağımıza dönmək üçün toparlanmalı, bizi “sən”lərə, “mən”lərə bölmək istəyənlərə həddini bildirməliyik. Buna gücümüz də var, birliyimiz də!
Düşməndən azad olunmuş torpaqlara yaz bir başqa görkəmdə gəlir. Mən bunu Lələtəpədə görmüşəm. İllər öncə Kəlbəcərə yazı bu gün düşmən girovluğunda olan Dilqəm aparmışdı. Qarabağımıza isə yazı Azərbaycan Xalqının, Ali Baş Komandanımızın qürur yeri olan Azərbaycan əsgəri gətirəcək. Bax, onda əsgər çəkmələrinin dəydiyi Vətən torpağı diksinməyəcək, çünki üstündə gəzən öz doğması olacaq. Azad olunduqdan sonra torpağın “Su yaddaşı” təzələnəcək və bizim sevincimiz həsrət (sərhəd) tanımayacaq.
Odun yansın, suyun axsın, gülün, könlün açılsın, bu yaz bizə Qələbə gətirsin, Vətən!
Bayramın mübarək, Azərbaycanım!

Hafiz Təmirov,
polis polkovnik-leytenantı

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər