Logotype

1933-cü ildən çıxır

Xəbərlər

04.03.2020

Bahar çiçəkləri kimi...

Təbiətin dil açıb danışdığı bahar fəslində günəşin ilıq nəfəsini canına çəkən bütün yaradılmışlar bahar ətirli olur. 8 mart “Beynəlxalq Qadınlar Günü”nün mart ayına təsadüf etməsi bahar çiçəkləri kimi həyatımızı bəzəyən xanımlarımızı sevindirmək üçün də bir fürsətdir.
Qadınlara həmişə yüksək diqqət, qayğı göstərilib və bu gün Azərbaycan qadını ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə nailiyyətlərə imza atan Azərbaycan qadını taleyüklü milli məsələlərin həllinə də sanballı töhfələr verib və verir.
Bütün sahələrdə olduğu kimi DİN rəhbərliyi tərəfindən də gender siyasəti sahəsində məqsədyönlü və sistemli tədbirlərin həyata keçirilməsi, yaradılmış şərait DİO-da xidmət edən qadınlara öz bilik və bacarıqlarını gerçəkləşdirməyə imkan verir. Bu gün sıralarımızda yüzlərlə xanım əməkdaş var ki, kişi həmkarları ilə çiyin-çiyinə məsuliyyətli və şərəfli peşələrinin çətinliyinin öhdəsindən sevə-sevə gəlirlər. Sevinclərinə sevinc qatmaq üçün bayram ərəfəsində onlardan bir neçəsi ilə görüşdük.
DİN-in 1 saylı Poliklinikasının rəisi, tibb xidməti mayoru Elvira Hüseynova şəxsi keyfiyyətləri, peşəkarlığı ilə kollektivin və sağlamlığına qovuşmaq üçün onlara müraciət edənlərin sevgisini, rəğbətini qazanıb. Polis ailəsində dünyaya göz açıb, dəmir nizam-intizam görüb. Asayiş keşikçilərinin sağlam və güclü olmasının cəmiyyət üçün nə qədər önəmli və vacib olduğunu bilib, qitmətləndirib. Ağ xalatlı xilaskarımız gözəl ana, qayğıkeş ailə başçısıdır.
Polis polkovnik-leytenantı Məlahət Məhərrəmova Bakı şəhər Baş Polis İdarəsinin Kadrlar İdarəsinin Xidmətkeçmə Bölməsinin rəisidir. Bakı Dövlət Universitetinin Hüquq fakultəsini bitirdikdən sonra taleyini daxili işlər orqanlarına bağlayıb. “İşin asanı yoxdur” devizi onu çevrəsindəkilərdən fərqləndirib və “əziyyətsiz rahatlıq yoxdur” təcrübəsini bu gün sıralarımızda olan gənclərlə bölüşür, onlara, sözün əsl mənasında, müəllimlik edir. Ailə qayğılarının və xidmət məsuliyyətinin ağırlığının bir qadın çiynində daşınması özü belə möcüzədir.
Bu bayram sevincindən ona da pay düşür. 1999-cu ildən daxili işlər orqanlarında xidmət edən polis polkovnik-leytenantı İlhamə Vəliyeva DİN-in Tibb İdarəsində Katibliyin rəisidir. Sıralarımıza qatılmağı təsadüfi deyil. Ailələrində həmişə polisə hörmət və rəğbət görüb, eşidib. Bəlkə elə buna görədir ki, bacısı polis polkovnik-leytenantı Ülviyyə Vəliyeva da bu peşəni seçib. O, DİN-in Şəxsi Heyətlə İş İdarəsində Katibliyin rəisidir. Xidmətin ağırlığı, zəhmət, eyni zamanda, ev-ailə qayğılarına rəğmən, onlar etimadı doğrultmağa çalışırlar.
İşinin peşəkarı olan, ona bəslənən ümidi layiqincə doğruldan xanım əməkdaşlarımızdan biri də polis polkovnik-leytenantı İlahə Kərimzadədir. İncə və zərif olduğu qədər də güclü olan həmkarımız DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətində Katibliyin rəisidir. Deyir ki, qarşısına çıxan çətinlikləri dəf etmək üçün hər zaman kişi həmkarlarının köməyini və dəstəyini görüb.
“Qadın gülərsə bəşəriyyət güləcək” deyən Cavidimizin fikrinə söykənib, dünyanı azad, qansız-qadasız görmək istəyən hər kəsin ürəyində bir istəyi var: “Dünyanı qadınlara verək, qiyamətə qədər”...
Və bayramlarını, ən əziz günlərini iş başında xidmətdə qeyd edən xanımlarımıza cansağlığı, xoşbəxtlik arzulayır, bayramınız mübarək deyirik.

Aytəkin Nəcəfova,
Ruslan Vəliyev

 

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər