Logotype

1933-cü ildən çıxır

Xəbərlər

15.11.2019

Təcrübələrini səxavətlə bölüşürlər

Bu gün ölkəmizdə gənclərə, onların sağlamlığına, idmana dövlət səviyyəsində xüsusi qayğı və diqqət göstərilir. Yaradılan şəraitdən həmkarlarımız da maksimum dərəcədə yararlanmağa, xidmətdə olduğu kimi, idmanda da öz sözlərini deməyə çalışırlar. Bunun nəticəsidir ki, idmançı polislərimiz müxtəlif mötəbər yarışlarda, dünya və Avropa çempionatlarında bayrağımızı ucaldır, himnimizi səsləndirirlər.
Quba Rayon Polis Şöbəsində xidmət edən polis leytenantı Mikayıl Rüstəmov, polis serjantı Atakişi Ağakişiyev və polis sıravisi İsaməddin Əskərov belə əməkdaşlardandırlar. Hər üç əməkdaş nümunəvi xidmətləri ilə yanaşı fiziki hazırlıq səviyyəsinə görə də fərqlənirlər.
Polislərimizin nailiyyətləri də çoxdur. Belə ki, 24 yaşlı Mikayıl Rüstəmov akrobatika növü üzrə idman ustası adına namizəddir. Uşaq yaşlarından idmana marağı olan zabitimiz ilk qələbəsini də məhz məktəbli vaxtlarında, ikinci sinif şagirdi olan zaman qazanıb. M.Rüstəmov dəfələrlə Azərbaycan və rayonlararası keçirilən çempionatlarında iştirak edib, doqquz dəfə respublika çempionu olub.
PPXB-də xidmət edən Atakişi Ağakişiyev idmanın Kyokuşinkay Karate növü ilə məşğuldur. Qara kəmər sahibi olan polis əməkdaşı 2002-ci ildən ölkə keçirilən müxtəlif yarışlarda iştirak edib, ikiqat respublika çempionudur. Bir çox yarışlarda da müxtəlif mükafatlar qazanan təmsilçimiz 2010-cu ildə Rusiya Federasiyasında baş tutan “Şimali Qafqaz Çempionatı”ndan Vətənə qızıl medal və kubokla qayıdıb.
PPXB-in digər əməkdaşı, İsaməddin Əskərov uzun illərdir ki, boksla məşğul olur. O, digər həmkarları kimi dəfələrlə zona birinciliklərində, ölkə və beynəlxalq yarışlarda yüksək nəticələr göstərərək müxtəlif mükafatlara layiq görülüb. Bundan əlavə, polis əməkdaşları asudə vaxtlarında mütəmadi olaraq, rayondakı orta ümumtəhsil məktəblərində, idman klublarında fiziki hazırlıq dərslərində fəal iştirak edərək, şagirdlərə uşaq yaşlarından, elmə və idmana maraq göstərməyi, gələcəyin savadlı və fiziki cəhətdən sağlam, layiqli vətəndaşları olmaları üçün hər zaman öz üzərlərində çalışmalarının zəruriliyini bildirir, fiziki hazırlıq dərslərində yeniyetmələrə təcrübələrini bölüşür, idmanın incəliklərini öyrədirlər.

Natiq Abdullayev,
Nizam Həmidov

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər