Logotype

1933-cü ildən çıxır

Xəbərlər

04.11.2019

İftixar mənbəyi və məbədi

Uşaqlığımız Sovetlər dönəminə düşdüyündən biz milli bayrağımızın nə vaxtsa başımız üzərində dalğalanacağına yalnız ümid bəsləmişdik. Bu gün müstəqil dövlətimizin üçrəngli bayrağının vüqarla dalğalanması dövlətimizin hər bir vətəndaşında qürur hissi yaradır. Uzun illər bunu gözləmişik.
Bayrağımızı sevməyi, onunla fəxr etməyi övladlarımıza da böyük həvəslə aşılayırıq. Axı, gənc nəslin müstəqil dövlətimizin bayrağına hörmətlə, məhəbbətlə yanaşması ruhunda tərbiyəsi ən mühüm amillərdən biridir. Böyük, qədim bir xalq, müstəqil dövlət kimi varlığımızı təsdiq edən, milli dəyərləri simasında, özündə yaşadan üçrəngli bayrağımız bu gün artıq elə bir zirvədə qərarlaşıb ki, heç zaman enməyəcək, onu enməyə qoymayacayıq.
Üçrəngli bayrağımızın dövlət rəmzi kimi bərpası və yüksəldilməsi dövlətimizin olduqca çətin və şərəfli müstəqillik yollarında xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük mücadiləsinin nəticəsidir.
İndi bu bayraq Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, NATO, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər bir çox beynəlxalq təşkilatlarda ən hörmətli ucalıqda dalğalanır. Ulu öndərin düzgün müəyyənləşdirdiyi siyasi strategiya nəticəsində müstəqil dövlətimiz bu təşkilatlarda və regional təşəbbüslərdə iştirakı ilə öz milli maraqlarını gerçəkləşdirir, dünya birliyinə töhfələrini verir. Milli dövlətçiliyimizin rəmzi olan bayrağımızın bu gün dünyada söz sahibləri ilə yanaşı dalğalanması dövlətimizin varlığının, dünya birliyindəki qüdrətinin təsdiqidir.
Dövlət başçımız cənab İlham Əliyev 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Əsasnaməyə edilmiş əlavə və dəyişiklikləri təsdiqləmişdir.” Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” qanunun imzalanması Dövlət Bayrağına yüksək ehtiramın ifadəsidir.
Möhtərəm Prezidentimiz 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə rəsmi ucaldığı 9 noyabr tarixini “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” kimi təsis etmişdir.
Dünya durduqca bu möhtəşəm bayraq bütün azərbaycanlıların iftixar mənbəyi və məbədidir. Bu gün harada Azərbaycan adı anılırsa, orada qürurla bayrağımızın dalğalanmasını seyr edirik.
Bayraq bizim müstəqilliyimizin, dövlətçiliyimizin, milli varlığımızın ən qiymətli simvollarındandır.
Bayraq Vətən qədər əzizdir, müqəddəsdir.

A.Nəcəfova,
polis polkovnik-leytenantı

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər