Logotype

1933-cü ildən çıxır

Xəbərlər

11.10.2019

Yaşayaq, insan olmaq üçün

“İnsan gərək özünə hesabat verə ki, mən bu həyatı necə yaşamışam. Gərək keçən illərə nəzər salanda peşman olmayasan. Özünə hörmət edən hər kəs üçün bu ömür payı ən böyük imtahandır. Bax, bu imtahandan çıxan adama insan deyirlər. Biz də insan olmaq üçün yaşadıq, yaşayırıq...”

Bu sözləri deyən polis veteranımız 1954-cü ildə oktyabrın 4-də Astara şəhərində müəllim ailəsində doğulub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini bitirib. Yenə doğma rayona qayıdıb, 3 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib.

İstefada olan polis polkovniki Kamal İmamverdiyev 1983-cü idən daxili işlər orqanlarında xidmətə başlayıb və ömrünün 30 ildən çoxunu bu şərəfli peşəyə həsr edib. İlk işi Yasamal RPŞ 2-ci PB-də Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin inspektoru olub. Sonralar həmin sahə üzrə baş inspektor, rəis müavini vəzifələrində çalışıb. 1995-ci ildən DİN Baş İctimai Təhlükəsizlik İdarəsində şöbə rəisi vəzifəsinə irəli çəkilib. Sonralar Polis Akademiyasında qiyabi təhsil alıb. Xidmət dövründə Kamal müəllim müxtəlif televiziya və radio kanallarında, qəzet və jurnallarda, dünyanın bir çox ölkələrində bu xidmət sahəsinin təkmilləşdirilməsi, uşaq hüquqlarının müdafiəsi, normativ hüquq aktlarının hazırlanması, ailə və məişət zorakılığı ilə bağlı layihələrlə çıxışlar edib.

Uzun illər boyu polisdə vicdanla, qüsursuz və yüksək peşəkarlıqla xidmət edən Kamal İmamverdiyev dəfələrlə müxtəlif mükafatlarla təltif olunub. 2013-cü ilin noyabrında son yaş həddi ilə əlaqədar təqaüdə çıxıb. DİN Veteranlar Şurasının üzvüdür. Onu tez-tez polis veteranlarımızın sırasında görüşlərdə görmək olar, gənc həmkarları bu gün də onun təcrübəsindən bəhrənirlər.


İki övlad atasıdır, dörd nəvənin babasıdır. Əslində isə, tanıyanlar yaxşı bilir, 65 yaşlı Kamal İmamverdiyev çoxuna atalıq, babalıq edib. Onun dəyərli nəsihətləri, əsl nümunə olan həyat yolu çoxlarına örnəkdir, çoxları bu cür yaşamağa ondan öyrənməlidir.
Belə həyatı yaşayanlar, belə ləyaqətli insanlar üçün 65 il bir su içim kimidir...
Yeri gəlmişkən, çox arzu edərdik ki, gənclərlə, kollektivlərlə görüşə belə ləyaqətli veteranlar getsinlər. Onların sözünün, nümuməsinin, varlığının özü bir təbliğatdır, təşviqdir...

Ruslan Vəliyev,
polis leytenantı
a

Geriyə Çap et


Faydalı keçidlər
Linklər