Logotype

1933-cü ildən çıxır

Xəbərlər

15.09.2019

İnkişafin, sabitliyin Azərbaycan nümunəsi

Ölkəmizdə dayanıqlı sosial, iqtisadi inkişafın təmin olunması ümummilli liderin müəyyən etdiyi siyasi kursun layiqli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən dövrün tələbinə uyğunlaşdırılaraq mükəmməl səviyyədə davam etdirilməsi sayəsində mümkün olmuşdur. Ölkə başçımızın yürütdüyü uğurlu və dayanıqlı siyasət sabitliyin, əmin-amanlığın qorunub-saxlanmasına, xalqın rifah halının yüksəldilməsinə xidmət edir. Məhz bu səbəbdən də ölkəmizdə güclü iqtisadiyyat yaranıb ki, bu da dövlətin sosial siyasətinə öz müsbət təsirini göstərmişdir.

Ölkə başçımız cənab Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar əsasında reallaşdırılan böyük sosial tədbirlər paketi bütün kateqoriyalardan olan vətəndaşlarımızın rifah halını yüksəldib. Bu ilin əvvəlində təsdiqlənən böyük sosial paket 4 milyondan çox insanı əhatə edir. Birinci dəfə 40, ikinci dəfə də 40 faiz olmaqla minimum pensiya əhəmiyyətli dərəcədə artırılıb. Minimum əməkhaqqı da təxminən 2 dəfə qaldırılıb. Eyni zamanda, problemli kreditlərlə bağlı olan məsələlər də öz həllini tapıb. Həmçinin, 300 mindən çox əlilliyi olan şəxslərin, 500 minə qədər məcburi köçkünün, 100 mindən artıq tələbə və gəncin, ümumilikdə 1,3 milyon ölkə vətəndaşının gəlirləri çox əhəmiyyətli şəkildə artırılıb.

Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin və maddi-rifah halının yaxşılaşdırılması, məşğulluğunun artırılması dövlət siyasətinin prioritetlərindəndir. Dövlət başçımızın müəyyənləşdirdiyi strategiyaya əsasən, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində mühüm addımlar atılır, onların sosial müdafiəsi gücləndirilir. Son illər məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırlması məqsədilə aylıq müavinətləri artırılıb, onlar üçün xüsusi olaraq, şəhərcik və qəsəbələr salınaraq tamtəmirli mənzillərlə təmin ediliblər.
Bu il fevralın 26-da Prezident cənab İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında imzaladığı Sərəncama əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılıb.

Ulu öndərin ali ideyalarını üstün tutaraq, dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə layiqli töhfələrini verən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əhalinin rifah halının yaxşılaşdırılması, milli-mənəvi dəyərlərin qorunması istiqamətində gerçəkləşən layihələrdə müstəsna xidmətləri vardır. Cəmiyyətdə könüllü sosial müdafiə, xeyriyyəçilik, sosial tərəfdaşlıq, milli özünəməxsusluğu şərtləndirən xüsusiyyətlərimizin qorunmasına çalışan Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun rəhbəri olaraq, ötən 15 ildə cəmiyyətin tərəqqisinə xidmət edən strateji əhəmiyyətli layihələri əzmlə həyata keçirmişdir.

Qaçqınların və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, sağlamlıqlarının qorunması, məşğulluğunun artırılması və digər məsələlər Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdə önəmli yer tutur. Məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması məqsədilə onlar üçün son illər ərzində yüzdən çox şəhərcik və qəsəbə tikilib. 300 minə yaxın köçkün yeni mənzillərlə, fərdi evlərlə təmin edilib.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” və digər proqramlar təhsilin inkişafında mühüm rol oynayır. 2005-ci ildən icrasına başlanılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində 100 mindən çox şagirdin təhsil aldığı 500-dək məktəb binası inşa olunub və yenidən qurulub. “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində isə 40-a yaxın uşaq müəssisəsi əsaslı şəkildə təmir edilib. “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi bənzərsiz layihələr, bir çox xeyriyyə aksiyaları böyük rəğbətlə qarşılanır, öz müsbət nəticələrini verir. Bu layihələr çərçivəsində Bakıda müasir Talassemiya Mərkəzi, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzi, Psixonevroloji Uşaq Mərkəzi və digər səhiyyə ocaqları inşa olunub və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib.

Təməlində xalq-iqtidar birliyi dayanan, sabitliyin, əmin-amanlığın, ictimai təhlükəsizliyin yüksək peşəkarlıq və qətiyyətlə qorunduğu dinamik inkişafın, hərbi, sosial-iqtisadi tərəqqisi ilə Azərbaycan bu gün həqiqətən bütün dünyaya nümunə, örnəkdir. Çox xoşdur ki, bu ümumxalq işində müstəqil dövlətimizin tarixi uğurlarında bizim də payımız, əməyimiz var.

İnformasiya bölməsi

Geriyə Çap et


Faydalı keçidlər
Linklər