Logotype

1933-cü ildən nəşr olunur

Xəbərlər

28.08.2019

Görüş yeri dəyişmir-“asayişin keşiyində”

Daha bir nömrəsi işıq üzü görən “Asayişin keşiyində” bu dəfə bayram ab-havasıı ilə oxucuların görüşünə gəldi. Cümhuriyyətimizin yaşıdı və yadigarı olan Azərbaycan Polisinin keçdiyi keşməkeşli, bir o qədər də qürur dolu qəhrəmanlıq tarixinə yenidən nəzər salıb üzünü gəncliyə və gələcəyə tutdu.
Hələ yaşı bir qərinə olmayan müstəqil dövlətimizin ictimai-siyasi həyatı, beynəlxalq əlaqələri, diplomatik uğurları barədə qısa zamanda çevrəmizə topladığımız oxuculara-sizlərə bir daha hesabat verdik, əziz həmkarlarımız. Necə ki, 85 ildən çoxdur ki, sizlərin tribunası olan “Mübariz keşikdə”ni yaşadır, yeni imzalarla onu daha da oxunaqlı edir, hər həftə görüşünüzə tələsir, veteranlarımızın ünvanına yollanırıq.
Bu ötən müddət ərzində özümüzü tanıda bilmişikmi? Burasını bilmirik. Bildiyimiz odur ki, Azərbaycan adına imza atılan hər bir uğurlu layihəyə, onu daha da möhkəmləndirəcək ideya ətrafında Vətən oğullarını birləşdirən çağırışa “Asayişin keşiyində”kilər də səs verdilər.
Sayımızı on milyona çatdıran, ölkə Prezidentindən xeyir-dua alan Azərbaycanın on milyonuncu sakininin də atasının polis olduğunu bölüşmək sevinci bizim də payımıza düşdü. Azərbaycan Polisinin 101 yaşı və Polis Akademiyasında növbəti məzun günü münasibətilə keçirilən möhtəşəm tədbirlər səhifələrimizdə yer aldı.
Təkcə DİN üçün deyil, bütün ölkəmiz üçün gərəkli və qürurverici kadr dəyişiklikləri, bunu tarixiləşdirən sənədlər, ali göstərişlər barədə məlumatları da layiqli şəkildə oxucularımıza çatdırmağa çalışmışıq. Bunu da “Mübariz keşikdə” ilə əl-ələ, çiyin-çiyinə etmişik.
Sıralarını vətənpərvər, andına sadiq, savadlı gənclərlə genişləndirən və möhkəmləndirən polisin əsrimizin tələblərinə cavab verməsi üçün ölkə və DİN rəhbərliyi tərəfindən yaradılan şəraiti gözlər önündə sərgiləyir, polisin digər görəvləri kimi, təbiətə qayğısının da vəzifə borcu, həm də vətəndaş yanğısı olduğunu göstərir.
Bakı küçələrində “sürət həddini aşıb” qələbə uğrunda mübarizə aparmaq üçün ölkəmizə gələn idmançıların, eləcə də “SOCAR Azərbaycan Qran-Prisi” yarışlarının təhlükəsilziyini yüksək səviyyədə təmin edənləri tarixin yaddaşına həkk etmək üçün səfərbər olduq, “silahımızı”-qələmimizi korşaltmadıq.
Başımıza gətirilən faciələrə şahidlik edən Xan çinarla Göyçayda dərdləşib dərdini yazıya köçürdük ki, gələcək nəsillərə ibrət olsun. Veteranlarımızı unutmuruq, çünki unutsaq, unudularıq...
Sözün Nəsimi zirvəsindən dünyaya boylanıb “biz bu cahana sığmazıq” dedik...
Etibarı və etimadı doğrultmaq üçün “Asayişin keşiyində” mətin dayanmışıq və bundan sonra da dayanmalıyıq. Mətin dayanmalıyıq ki, “Qarabağ küçəsindən-Şuşaya”, Laçına, Kəlbəcərə, Xocalıya, Xankəndinə... gedən yollarımızda ayağımız büdrəməsin, önümüz açıq, sıramız, beləcə, daha da möhkəm və dəyanətli olsun....

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər