Logotype

1933-cü ildən çıxır

Xəbərlər

23.06.2019

Dünya bir pəncərədir Yaş artıb, ömür azalsa da...

- “Ay ev yiyəsi” səsinə qapıya özü çıxdı.
- Kim lazımdır?
- Məmmədrza müəllim.
- Mənəm.
“Mübariz keşikdə” qəzetindən gəlmişəm...
Bunu deyəndə bir anlıq duruxdu və handan-hana dilləndi: “Düz 60 il, bəlkə də daha da çoxdan qəzetdə barəmdə yazı getmişdi. Onda yaxşı vaxtlarım idi. İndi də yada salmısınız, amma heyif ki, illər ötüb...”
Unudulduğunu zənn edirmiş. Bunu baxışlarından hiss etdim. “Niyə axtarmırdınız” desəydi, əlbəttə ki, haqqı vardı...
“Yaşı doxsanı keçsə də yaddaşını, şaxlığını qoruyub-saxlamış bir polis veteranı var. İmkan tapsanız, onunla görüşün, xatirində qalanları yazıya alın”, - deyən BMİ Sumqayıt Şəhər Mühafizə İdarəsinin rəisi, polis polkovniki Akif Qorçubəyliyə cavabım belə oldu: “Azərbaycan Polisinin yaranmasının 101-ci ildönümü ərəfəsində qocaman həmkarımızla görüşüb bir könül yazısı hazırlayacağam...”
Nar ağacının altında mənə yer göstərdi. Ağ saçları, titrək əlləri ömrü hədər vermədiyini göstərirdi. Sinəsi doluydu. Çantamdan çıxartdığım qəzetləri görəndə bir az da kövrəldi: “Yaşıd olarıq, amma qəzet heç qocalmır”,- dedi. Mən də söz altında qalmadım: “Sizdən altı bayram kiçikdir”. Araya çökən sükutu quşların səsi pozdu...
“Bu ağacları özüm əkmişəm. Hər gün qulluq edirəm. Yayın qorabişirənində kölgəsi nəyə desən, dəyər. Arada ata-baba yurduna getsəm də bu ağaclar, bu gül-çiçək üçün darıxıram, dözə bilmirəm...”
Onun bu sözləri məni də duyğulandırdı və:
50-nin sevincini,
60-da qəm udur.
70-i haqlayanda,
Ömür bizi unudur...
80, 90 bir yuxu,-
deyirdim ki, davamını tamamlamağa qoymadı: “Quşun qanadı kürəyində, insanın qanadı ürəyindədir. Qırıldımı, uça bilməyəcək”,- dedi...
“Mən heç vaxt “uçan insan” görmədim”,-deyəndə üzümə baxıb gülümsədi: “Mənim yaşıma çatanda, yan-yörəni nəvələr bürüyəndə “uçmağın” necə olduğunu biləcəksən”,- deyib illərin o üzünə boylandı.
Polis veteranı Məmmədrza Hüseynov 1928-ci ildə Şabranın Gönçü kəndində doğulub. Saçlarına ata-anasından çox dağların mehi sığal çəkib. Əlinin suluxlayan yaralarının göynərtisindən yata bilməyəndə kitab oxuyub. Qoyun-quzu nobatına da gedib, qayakürək kişilərlə kərənti çəkib. Hər işin çətini düşüb qismətinə.
Hərbi xidmətdən 1952-ci ildə tərxis olunduqdan sonra elə həmin il də Bakıya gəlib. Uca boyu, enli kürəyi, qaya parçası kimi qabarli əlləri və bir də səmimiyyəti yolunda mayak olub. Onu daxili işlər orqanlarına götürüblər. Qarşısına həmişə yaxşı adamlar çıxıb. Özü də yaxşılıq etməkdən bezməyib, usanmayıb. Müharibədən sonrakı illərdə milisin sıralarında xidmət etmək hünər istəyirdi və hər oğul da buna tab etmirdi. Bir tərəfdən sosial durumun ağır olması, yaşamağın çətinliyi, digər tərəfdən də cinayətkarlığın tüğyan etməsi, sözün əsl mənasında, zəhməti fədakarlıq tələb edirdi. Rəhbərliyin təkidi ilə sənədlərini N. Rizayev adına Orta İxtisas Milis Məktəbinə təqdim etdi milis kiçik leytenantı Məmmədrza Hüseynov.
Məktəbi bitirdikdən sonra sahə müvəkkili vəzifəsinə təyin olundu. Düz 32 il eyni rayonda, eyni ərazidə və eyni vəzifədə xidmət etdi. Deyir ki, bir sahə müvəkkili kimi hər zaman camaatın xeyrində, şərində iştirak edib. “Milis əlaçısı” olub. SSRİ DİN-in “Şərəf nişanı” ilə təltif olunub. 1981-ci ildə milis kapitanı rütbəsində təqaüdə çıxıb. Sonralar bir çox vəzifələrdə işləyib. Ona həmişə güvəniblər, inanıblar və hörmət ediblər.
Yeddi qızın atası, on altı nəvənin və yeddi nəticənin babasıdır.
Bu günümüzdən, xüsusilə də polisə yaradılan şəraitdən razılıq edir. Sabitliyin, əmin-amanlığın ölkəmizin daha da qüdrətlənməsinə, abadlaşmasına, insanların rifah halının yaxşılaşmasına xidmət etdiyini deyir. Bizlərə tövsiyəsi isə budur: Zəhmətdən, öyrənməkdən qorxmayaq, işimizin peşəkarı olaq, darda olanın köməyinə tələsək, ən ümdəsi, insanlarla ünsiyyətdən qaçmayaq, çünki...
Yenə də xatirlər onu uzağa-ötən, amma itməyən, ömründən silinməyən illərə aparır. Xidmətə yenicə başlayıbmış. Əhali ilə xoş ünsiyyətinin nəticəsi kimi xidməti ərazisindəki evlərdən birində baş verən oğurluğun qarşısını alıb, cinayəti törədəni yaxalayıb. Həmin cinayətin izi ilə bağlı qalmış daha 27 cinayətin də üstü açılmışdı. Sözsüz ki, bu xidmətinə görə mükafatlandırılıb...
Redaktordan: Ömür belədir, yaş artıb ömür azaldıqca həyat daha da şirin olur. Bu şirinliyi nəvələr, sonra nəticələr daha da artırır. Məmmədrza Hüseynovda da, maşallah, belə şirinlərin sayı çoxdur - Leyla, Məmməd, Ülvü, Rauf... “Toylarını görək” deyir ağsaqqal... Biz də istəyirik, nəsib olsa...

Hafiz Təmirov

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər