Logotype

1933-cü ildən çıxır

Xəbərlər

21.06.2019

AZƏRBAYCAN ORDUSU İKİ ƏSRİN BİRİNCİ İLİ

Geostrateji mövqeyinə görə böyük ölkələrin maraqlarının kəsişdiyi Azərbaycanda Demokratik Respublikanın yarandığı gündən dövlətçiliyin mühüm atributu sayılan nizami ordu quruculuğu istiqamətində addımlar atıldı. 1918-ci il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Çünki müstəqil ordusu olmayan dövlətin milli dövlətçiliyi həmişə yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur.
Beləliklə, bir ay sonra-26 iyun 1918-ci ildə Gəncədə fəaliyyət göstərən Milli Şura Azərbaycan Milli Ordusunun yaranması haqqında qərar qəbul etdi və 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Dövlət büdcəsinin 24 faizi hərbi məqsədlərə yönəldildi. Avqustun 1-də isə Hərbi Nazirlik təsis olundu.
Azərbaycanın ilk müdafiə naziri Xosrov bəy Sultanov idi. Sonra onu general Səməd bəy Mehmandarov əvəzlədi. General-leytenant Əlağa Şıxlinski isə nazir müavini təyin edildi. Qısa müddətdə Milli Ordu Qafqaz İslam Ordusu ilə birlikdə paytaxtı və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. O zaman qardaş Türkiyə Azərbaycan dövlətini ordunun yaradılmasında mühüm dəstək verdi.
SSRİ dövründə azərbaycanlıların hərbin sirlərinə yiyələnməsinə müxtəlif maneələr yaradılırdı. Azərbaycandan orduya xidmətə çağırılan gənclər bilərəkdən inşaat batalyonlarına göndərilirdilər. II Dünya müharibəsindən sonrakı dövrdə də azərbaycanlılara qarşı soyuq münasibət davam etdirilirdi. Bu proses ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinə qədər davam etdi. 1967-ci ildə təhlükəsizlik orqanlarına rəhbər təyin olunan ulu öndər hansısa bir şəkildə ölkənin ordu potensialını qaldırmağın vacibliyini bilirdi. Amma dövr, sovet nomenklaturası bu addımların atılmasına, hərbi məktəblərin açılmasına və azərbaycanlıların peşəkar səviyyədə ordu sıralarına qatılmasına imkan vermirdi. Müdrik rəhbər nə qədər çətin də olsa bu prosesin əsasını qoydu. 1973-cü ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradıldı.
Güclü hərb ənənəsi olsa da ikinci dəfə müstəqillik qazandıqdan sonra ölkəmiz bu sahədə ciddi böhranla üzləşdi. Nizami orduya malik olmayan gənc dövlətin qarşısında duran əsas iş Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi ki, bu da çox çətinliklə həyata keçirilirdi. Peşəkar ordu quruculuğunun əsası isə 1993-cü ilin sonlarında qoyuldu. Məhz həmin vaxtdan ordu quruculuğuna elmi prinsiplərlə yanaşıldı, silahlı qüvvələr pərakəndəlikdən xilas oldu, siyasiləşməyə son qoyuldu. Ümummilli lider Heydər Əliyev hakimiyyəti dövründə Prezident və Ali Baş Komandan kimi ordunun qüdrətli olmasına xüsusi diqqət yönəltdi.
Onun 22 may 1998-ci il sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırlan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq, hərbi imkanları da genişlənir.
Əsası ulu öndər tərəfindən qoyulan Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ordumuz inkişaf dövrünü yaşayır. Azərbaycan ordusu hər an düşmən işğalında olan ərazilərimizi azad etmək qüdrətindədir.
Ölkənin güclənən iqtisadiyyatı ordu sistemində müasirləşməyə, yeniləşməyə yol açıb. İstər hərbi sahədə çalışan insanların sosial problemləri, istərsə də texniki təchizatın inkişaf etdirilməsi dövlətimiz, onun rəhbəri tərəfindən hər zaman diqqətdə saxlanılır. Büdcədən hərbi xərclərə ayrılan vəsaitin həcminin dəfələrlə artırılması ölkəmizin ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, işğal altında olan ərazilərimizin azad olunması istiqamətində hər an qətiyyətli addım atmağa hazır olduğunu söyləməyə imkan verir.
Dövlət başçısı Azərbaycanın məsələsinin dirlomatik və siyasi çərçivədə həllində maraqlı olan tərəf olduğunu, ancaq, eyni zamanda, bütün başqa variantlara da hazır olduğunu bildirib. “Biz heç vaxt torpaqlarımızın itirilməsi ilə barışmayacağıq. Siyasi, diplomatik, iqtisadi, lazım gəlsə, hərbi yolla məsələnin həllinə nail olacağıq”,-deyən Ali Baş Komandan qəti və dəyişməz mövqeyini dəfələrlə nümayiş etdirib.
İnformasiya bölməsi

Geriyə Çap et


Faydalı keçidlər
Linklər