Logotype

1933-cü ildən çıxır

Xəbərlər

09.06.2019

Azərbaycan Polisi yüksək peşəkarlıq nümayiş etdirdi

Azərbaycan Polisi Avropa Liqasının Bakıda keçirilən oyunları zamanı ictimai asayişin qorunması və təhlükəsizliyin təmin edilməsi kimi vacib tapşırığın öhdəsindən layiqincə gəldi. Azərbaycan yenidən bütün dünyadan gələn qonaqlara evsahibliyi etdi və bunu bizim növbəti uğrumuz adlandırmaq olar.
Azərbaycan yenidən bütün dünyaya genişmiqyaslı beynəlxalq səviyyəli təbirlərə evsahibliyi etmək təcrübəsinə malik olduğunu sübut etdi.

Mayın 29-da keçirilməsi səbirsizliklə gözlənilən Avropa Liqasının final oyunu uğurla baş tutdu. Hüquq-mühafizə və dövlət təhlükəsizlik xidməti orqanlarının əməkdaşlarının səyləri nəticəsində tədbirdə yüksək təhlükəsizlik səviyyəsi təmin olundu və tədbir uğurla başa çatdı.
Bu da təsadüfi deyil, çünki Azərbaycan Polisi “Avroviziya”, “Formula -1” Qran- Pri yarışları, İslam Həmrəylik Oyunları, “Jara” festivalı, Gimnastika üzrə Dünya Kuboku, Birinci Avropa Oyunları, Bakı Beynəlxalq Humanitar Forumu, Beynəlxalq Antidopinq Agentliyinin Təsisçilər Şurasının və onun İcraiyyə Komitəsinin iclasları və bu kimi bir sıra böyük beynəlxalq tədbirləri keçirilən zaman təcrübə qazanıb.

Qonaqların təhlükəsizliyini təmin etməyə cəlb edilən əməkdaşlar da diqqətlə seçilib. Gələn qonaqlar Heydər Əliyev adına Beynəlxalq Hava Limanında polislər tərəfindən qarşılanıb, Yol Patrul Xidməti qonaqların otellərə təhlükəsiz şəkildə çatdırılmasına yardım edib. Bu o deməkdir ki, paytaxt polisi bütün resursları və şəxsi heyəti işə cəlb edib.
Final oyunu keçirilən gün müvafiq tədbirlər görüldü. Respublika vətəndaşları və əcnəbi qonaqlar heç bir problem olmadan stadiondakı yerlərini aldılar. Eyni zamanda, strateji nöqtələrdə və qonaqların sıx ziyarət etdikləri yerlərdə təhlükəsizlik yüksək səviyyədə təşkil edildi. Bunun nəticəsində heç bir insident qeydə alınmadı.
Hərçənd azarkeşlərin əksəriyyətinin sərxoş vəziyyətdə olması və ingilis azarkeşlərin xuliqan şöhrəti nəzərə alınarsa, belə insidentlərin baş verməsi gözlənilən idi. Lakin Azərbaycan Polisinin sayıqlığı münaqişəli vəziyyətlərin yaranmasının qarşısnı aldı. DİN Daxili Qoşunlarının suvari qrupu isə bayram əhval-ruhiyyəsini daha da maraqlı etdi.

Qeyd edək ki, daha öncə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi final oyunlarını izləmək üçün Bakıya gəlməyə hazırlaşan vətəndaşları əsassız yerə xəbərdar edərək, onlara ehtiyatlı olmağı tövsiyə etmişdi. Britaniya XİN bunu ölkədə qeyri-stabil kriminal vəziyyət və terror təhlükəsi ilə əlaqələndirmişdi. Lakin indi Avropa qorxularının yersiz olduğunu anladı.
Mayın 29-da bütün dünyanın Bakı Olimpiya Stadionundan izlədiyi "Çelsi” və "Arsenal” klubları arasında UEFA Avropa Liqasının final oyunu əsl futbol bayramı idi. Onun həm futbol azarkeşlərinin, həm də bizim hamımızın yaddaşında xoş bir xatirə, unudulmayan tarixi hadisə kimi qalması üçün polislərimiz yenə də peşəkarlıq, yüksək xidməti nəticə və əsl vətəndaşlıq mövqeyi nümayiş etdirdilər.
Afərin!
Bunu hamımıza indi dünyanın hər yerində daha ucadan söyləyirlər.

Natiq Cavadov,
Zeyni Hüseynov

 

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər