Logotype

1933-cü ildən çıxır

Xəbərlər

04.06.2019

Beş məktəbdə bir görüş

Bu gün bəşəriyyəti düşündürən və rahatsız edən ən ağrılı problemlərdən biri də cəmiyyətin ciddi bəlasına, xalqın təhlükə mənbəyinə çevrilən narkomaniyadır. Gənc nəsli təkcə qorumaq yox, bu bəlaya qarşı ciddi mübarizə məqsədilə polisin fəal iştirakı, çox hallarda təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri, ali məktəb tələbələri və gənclər arasında müntəzəm olaraq maarifləndirmə tədbirləri keçirilir.

Belə tədbirlərdən biri də Zərdab rayonunun 1 saylı məktəb-liseyində gerçəkləşdi. Görüşdə rayonun 4 məktəbinin müəllimləri və şagirdləri də iştirak edirdi.
Əvvəlcə məktəb-liseyin direktoru Vüsalə Kərimova narkomaniyanın gənclər arasında törətdiyi fəsadlardan pedeqoqların və ailələrin bu işdə rolundan danışdı.

Zərdab Rayon Polis Şöbəsinin rəisi, polis mayoru Azər Əfəndiyev çıxışında qeyd etdi ki, respublikamızda cinayətkarlığa qarşı mübarizə çərçivəsində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı kompleks tədbirlər görülür. Ölkə ərazisində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı dörd Dövlət Proqramı qəbul edilmişdir. Dövlət Proqramlarının həyata keçirilməsi üzrə hökumət strukturlarının fəaliyyətinin əlaqələndirilməsi Narkotik Vasitələrin, Psixotrop Maddələrin və onların Prekursorlarının Qanunsuz Dövriyyəsi və Narkomanlığın Yayılması ilə Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı respublikanın hüquq-mühafizə orqanları tərəfindən aşkar olunmuş 18903 cinayət faktı üzrə 3.7 ton marixuana, 3.1 ton heroin, 1.6 ton tiryək 724 kiloqram həşiş olmaqla, ümumilikdə 9.5 ton narkotik vasitə və 413 kiloqram prekursor götürülmüşdür.

Dövlət tərəfindən bu sahədə böyük işlər görüldüyünü diqqətə çatdıran A,Əfəndiyev əlavə etdi ki, DİN rəhbərliyinin göstərişinə əsasən, mütəmadi olaraq, belə maarifləndirmə tədbirləri də keçirilir.
Erkən nigah və onun fəsadları, dini radikalizm mövzularına toxunan RPŞ rəisi bu məsələlərin cəmiyyətimizin ağrılı problemi olduğunu, bu işdə də polisə vətəndaşların fəal dəstək olmasının vacibliyini önə çəkdi.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Ramo Hacıyev, Gənclər və İdman İdarəsinin əməkdaşı Azad Soltanov, Təhsil Şöbəsinin nümayəndəsi Gülsurə Novruzova, RPŞ-nin Kadr və peşə hazırlığı üzrə qrupun baş inspektoru, polis kapitanı Murad Asifoğlu, YYÇPİT qrupunun inspektoru, polis leytenantı Oktay Verdiyev gəncləri bu bəladan qorumaq üçün yalnız birgə mübarizənin səmərə verəcəyindən danışdılar.
Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırıldı.

Çingiz Şıxverdiyev,
polis polkovnik-leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər