Logotype

1933-cü ildən çıxır

Xəbərlər

02.06.2019

Xatirladiriq ki, unudulmasinlar

Təəssüflənməyə bilmirsən. Biz hələ Azərbaycan ordusunu formalaşdıran, bəlkə də əlinə ilk dəfə silah alıb onu düşmənə tuşlayanlara: “Silahı düz tut, hədəfi nişan al”,- deyən müstəqil Azərbaycan Polisinin obrazını romanlaşdıra bilməmişik. Həm ərazi bütövlüyümüzü, həm də sabitliyi qorumaq üçün döyüşə-döyüşə hər iki cəbhədə sinəsini gülləyə, süngüyə sipər edənlərin xatirəsini əbədiləşdirməkdə ədəbiyyatımız, təəssüflər olsun ki, gecikib. Elə kinomuz da...
Kiməsə zorla “bunu et”, “bunu yaz”, “bunu çək” deyə bilmərik. Ancaq hər ötən gün bizi dünəndən uzaqlaşdırır. Sonradan yarasının qaysağını qopardığımız biri bizə əzizi, doğması haqqında danışmaqda çətinlik çəkəcək, qəhər onu boğacaq, kədər yelkənini üstünə sərəcək və beləcə başladığımız iş yarımçıq qalacaq.

Ancaq nə yaxşı ki, bu gün müharibələrin odundan-alovundan çıxan, 85-i adlasa da bu yolda, yoruldum, qocaldım, unutdum demir “Mübariz keşikdə”. Onları gerçəkdən unutmur, axtarıb tapır, xatirələrini sinəsində diri saxlayır. Hələ yazdıqlarımız qədər yazmadıqlarımız qalıb...

Yaşasaydı bəlkə də şahidi olduqlarını təqaüdə çıxdıqdan sonra müəllim səbri, müəllim dəyanəti ilə yazıya alardı. Ömür ona vəfa edərdi. Düşmən gülləsi isə çox amansz idi...
Əlimdə olan kitabı vərəqlədikcə beynimdən keçən ilk fikir bu oldu: “Bütün yazılanları ümumiləşdirib onu fəsillərə böldükdən sonra samballı bir roman ortaya qoymaq olar”. Və birdən həmsöhbətimin şəklini görəndə duruxdum. “Mən necə inanım ki, atam-pəhləvan cüssəli, o məğrur insan bir daha isti ocağına gəlməyəcək. Evimizin qapısını açmayacaq. Ata, axı sən bundan sonra bizə lazım idin. Bizi arzuladığın xoşbəxtliyə qovuşdurmamış, sənsizliyə alışdırdın”...
Sonuncu cümləni özüm də bilmədən yüksək səslə oxuyanda aradakı sükutu həmkarımın: “O, mənim atamdır” fikri pozdu. Heç nə deyə bilmədim...

Bilirəm, söhbətin kimdən getdiyinin marağındasınız. Elə isə...
Polis polkovnik-leytenantı Ağahüseyn Aslanov 1950-ci ildə İsmayıllının Əhən kəndində doğulub. 1976-cı ildə daxili işlər orqanlarına qəbul edilib. İsmayıllıda, Abşeronda, Göyçayda bir çox vəzifələrdə çalışıb. O, 1994-cü il aprelin 25-də Ağdamda şəhid olub...
Oxuduğu məktəbə baş çəkib, büstünü ziyarət etdim. Foyedəki xatirə lövhəsinin altına qoyulmuş qızılgüllər təzə idi. Barəsində onu tanıyanlar və müəllim yoldaşları xoş xatirələrini danışdılar. Həm də ona sevindim ki, məktəbin şagirdləri İsmayıllının ilk şəhid polisinin kim olduğunu bilirlər. Adı verilən küçə isə başdan-başa yaşıllığıa, gül-çiçəyə bürünüb...
Polis mayoru Namiq Ağahüseyn oğlu Aslanov 1976-cı ildə İsmayıllıda doğulub. 1994-cü ildə daxili işlər orqanlarına qəbul olunub. Abşeron RPİ Post-Patrul Xidmətində bərkə-boşa düşüb, yuxusuz gecələrdən qorxmayıb. Elə ilk gündən ona “Atasının balasıdır” deyiblər. DİN-in Polis Akademiyasını bitirib.

Qəbələ Rayon Polis Şöbəsinə əməliyyat müvəkkili təyin olunub. Şamaxıda, Masallıda bir çox vəzifələrdə çalışıb. Hazırda İsmayıllı RPŞ-də şəxsi heyətlə iş üzrə rəis köməkçisidir.
Ailəsində gələcəyin polisi, atasının adını daşıyan və yaşadan nəvə Ağahüseyn böyüyür.
“Şəhid polislərimizi tanımaq, onların övladlarını axtarıb-tapmaq, ziyarət etmək həm savabdır, həm də tariximizə, torpağımıza sayğıdır. Biz məktəblərə gedəndə təkcə cəmiyyətimizi narahat edən problemlərdən-narkomaniyadan, erkən nikahlardan, dini radikalizmdən danışmırıq, həm də şəhidlik zirvəsinə ucalan, asayşin mühafizəsi zamanı həlak olan həmkarlarımızı tanıdırıq. Elə bu yaxınlarda şəhid Ağahüseyn Aslanovun adını daşıyan 2 nömrəli orta məktəbin həyətində qoyulmuş büstünü ziyarət edərkən bir daha şahidi olduq ki, torpaq uğrunda canını verən oğullar unudulmur və yaddan çıxmırlar.” Bunu da Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Şəmşir Kazımov dedi...
Tarix yazılanda yadda qalır. Yazılmayanda isə xatirəyə çevrilir. Unutmayaq, xatırlayaq ki, xatırlasınlar.

Hafiz Təmirov,
polis mayoru

Geriyə Çap et


Faydalı keçidlər
Linklər