Logotype

1933-cü ildən çıxır

Xəbərlər

04.05.2019

Məktub gəlib, Cocuq Mərcanlıdan

Arzusundayıq. Bir gün bu həsrət bitəcək və o yurdlara dönüş başlayacaq. O sehirli düymənin basılacağı günü, “bəsdir, yetər, bıçaq artıq sümüyü də kəsir qəzəbini süngüyə, mərmiyə çevirib hücuma keçirik” əmrini hamılıqla gözləyirik.
Üç il bundan öncə tilsimi sındırdıq. Gördük ki, öz torpağı uğrunda döyüşmək hər addımda qələbə ilə nəticələnir. Çünki haqlı olduğunu, daha doğrusu, dünyanı idarə edənlərin yer üzünə qan içində yaymaq istədikləri “haqqın” yox, Yaradanın sənin yanında olduğunu bilirsən.

Dəfələrlə bəyan etmişik ki, bizim kimsənin torpağında gözümüz yoxdur. Hərgah ki, 200 il öncə bizə qonşu edilənlər unudurlar ki, tarixi torpaqlarımızda məskunlaşıblar. Bir sözlə, gərək adamın, elə millətin də abır-həyası olsun ki, “Gəmidə oturub gəmiçi ilə dava etməsin”...

Sözümüz də tətikdədir, silahımız da. Elə bunu yarası hələ də qaysaq tutmayan, doğulduğu torpaqların həsrətində olan soydaşlarımız da bizə yazırlar. Hər məktubda nisgil də var, ümid də. Ümid daha çoxdur. Onları da qınamıram. Nə qədər ki, yurd yerlərinə qayıtmayıblar, o vaxta qədər məktublarından dərd qoxusu gələcək.
Cocuq Mərcanlıdan məktub gəlib. Eşidirsiz? Az qalıb, inşallah, Şuşadan da, Laçından da, Xocalıdan da məktub gələcək. Bilirsiniz, bu məktub mənə, bizə niyə belə doğma, əzizdir? Məktubdan işğal altındakı torpaqların da azad olunacağı günün ovqatı var. Onu yazanlar dünyanın ən xoşbəxtləridir. Elindən, obasından, barıt qoxusunun hələ də küləklərin nəfəsində qaldığı yerlərdən yazırlar.
Yazırlar ki, 2017-ci ilin iyul ayından, düz 24 ildən sonra doğma kəndə, ata ocağına qovuşublar. Düşmənlə təmas xəttinə yaxın bir kənddə yaşamaq üçün şərait nə qədər vacibdirsə, ondan daha vacib təhlükəsizliyin təmininə verilən zəmanətdir. Səngərimiz də, asayişimiz də etibarlı əllərdədir...
Cocuq Mərcanlıdan başlanan “Böyük qayıdış” daha möhtəşəm olacaq və o günə bütün dünya şahidlik edəcək...

Hafiz Təmirov,
polis mayoru

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər