Logotype

1933-cü ildən çıxır

Xəbərlər

01.05.2019

Bir dön bizim Bakıya bax!

Özbaşınalıq, aclıq, ümidsizlik və çarəsizlik, vətəndaş müharibəsi təhlükəsi, hakimiyyətin az qala iflic durumu, gəmiricilərin, cinayətkarların “at oynatdığı” 90-cı illərin əvvəlləri. Ermənistanın torpaqlarımıza təcavüzü də bu dövrləri əhatə edir. Adı ordu olan ayrı-ayrı dəstələrin hakimiyyətə gəlmək üçün bu fürsətdən yararlanan qüvvələrin əlində oyuncağa çevrilməsi, dalbadal itirilən ata-baba ocaqlarından amansızlıqla qovulan yüz minlərlə soydaşımızın acınacaqlı durumu, məhv olma həddinə çatan ölkəyə səpələnmiş çadır şəhərcikləri, xain əllərin idarə etdiyi separatçıların Azərbaycanı parçalamaq, yox etmək üçün var gücü ilə hərəkətə keçməsi, taleyin hökmünə buraxılan çaşqın, ümidsiz, yaralı xalq...

Acı da olsa budur 25-30 il öncəki tarixi həqiqət, yalnız onu yaşayanların canında hiss edəcəyi ağrı və əzablar...
Hər gecənin bir gündüzü olduğu kimi, Azərbaycan xalqının sabahı ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə açıldı. Və dağılmış, viran qalmış, parçalanmış Vətən dikəldi, ayağa qalxdı. Dünyanın siyasi arenasında müstəqil Azərbaycanın adı daha tez-tez səsləndi, üçrəngli bayrağımız mötəbər təşkilatların binası başına sancıldı...
Çox uzun zaman keçməyib o illərdən. Bu gün artıq “Azərbaycan” deyəndə sayılıb-seçilən, söz sahibi olan, güclü siyasi, iqtisadi, mədəni və hərbi potensiala malik dövlət canlanır gözlər önündə. Belə tablo üçün dünyanın oturuşmuş ölkələrinə, müstəqillik tarixi yüz illərlə ölçülən dövlətlərə əsrlər gərək olub. Amma Azərbaycan bu yolu cəmi 20-25 ilə qət edib. Ulu öndərin şah əsəri Azərbaycan öz qüdrətli sərkərdəsinin-cənab İlham Əliyevin rəhbərliyi, xalqla iqtidarın sarsılmaz birliyi nəticəsində zəfərlə keçib bu yolu...

Dünən arzulananlar bu gün gerçəkdir. Müstəqilliyimizlə həmyaşıd olan gənclər arzuların meyvəsinə sahibdirlər. Onlar yalnız bunu görürlər ki, dünyanın dörd gözlə izlədiyi “Avroviziya” musiqi yarışması, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 Qran Pri yarışları, dünya və Avropa çempionatları burda gerçəkləşir. Dünya siyasətini, mədəniyyətini, elmini yönləndirən qərarlar məhz Azərbaycanda yüksək səviyyədə təşkil olunan, keçirilən möhtəşəm konfranslarda, zirvə görüşlərində müəyyən olunur. Ölkəmiz təkcə turistlərə deyil, dövlət rəhbərlərinə, elm dühalarına, tanınmış ictimai-siyasi xadimlərə qonaqpərvərliklə evsahibliyi edir. Vaxtilə səsimizin eşidilmədiyi BMT-nin, NATO-nun, İnterpolun iclasları, cinayətkarlığın ən müxtəlif növlərinə qarşı birgə mübarizə tədbirlərini müəyyən edən sənədlər məhz Bakıda imzalanır, Avropa paytaxtlarının polis rəisləri Bakıda görüşür və s. Çox uzağa getmirik. Təkcə bu ilin əvvəlindən ölkəmizdə dalbadal bir neçə mötəbər beynəlxalq tədbir keçirilib. VII Bakı Qlobal Forumunu bunların sırasında xüsusi qeyd etməliyik. Tədbirdə 50 ölkəni təmsil edən 500-dən çox qonaq iştirak edib. Onların arasında 50-yə yaxın fəaliyyətdə olan, həmçinin sabiq dövlət və hökümət rəhbərləri vardı. Aprelin ortalarında isə paytaxtımızda dünyanın 115 ölkəsindən 432 nümayəndənin qatıldığı narkotiklərlə mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans keçirildi...

Azərbaycan Respublikası istər siyasi, iqtisadi, mədəni istərsə də hərbi sahələrdə böyüyür, inkişaf edir. Bu şərəfli tarixdə Azərbaycan Polisinin öz imzası var. Ölkədəki daxili sabitlik və təhlükəsizlik şəraiti həm də daxili işlər orqanlarının fədakar xidmətinin, xalqa, dövlətçiliyimizə sədaqətinin bəhrəsidir. On minlərlə qanunsuz silah-sursat müsadirə edən, minlərlə cinayətkar dəstəni zərərsizləşdirən, dövlətçiliyə, xalqın bütövlüyünə, insalların haqqına, malına qəsd edən cinayətkarları ölkə içində, xaricdə gizləndikləri dəlikdən tapıb çıxarıb ədalətə təslim edən bizik, bizim peşəkar, qeyrətli həmkarlarımızdır.
İndi xaricdəki havadarlarının qoltuğu altında, onların kuklası rolunda təlxəklik və həyasızlıq edənlər də bütün bunları görürlər, yaxşı bilirlər. Amma gün işığında yarasalar, fürsət düşən kimi başını çıxaran çayır ot kimi hələ də yaşayır, hələ də yaşadılırlar. Qoy, yaşasınlar, əgər buna yaşamaq deyilirsə...
Allah keçsin günahımızdan, ilanı da O yaradıb. Amma heyvanat baxçasında, bizə zərər verməyəcək bir durumda olduğunu bildiyimiz halda belə ona baxanda diksinir, iyrənirik...

X.Cavid,
Ə. Teymur

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər