Logotype

1933-cü ildən çıxır

Xəbərlər

30.04.2019

100-ün iki addımlığında

Bu gün onlar barmaqla sayılacaq qədərdir. Yaşı 100-ü haqlamış insanların hər saat, hər gün seyrəkləşən cərgəsində polis veteranımızın olduğunu bilmək, doğrusu, bizimçün xoş bir sürpriz oldu.

Axtarıb tapmaq elə də çətin olmadı. Onu tanıyanlar çox imiş. Zarafat deyil, az qala bir əsrin dizini yerə qoyasan, həm də belə bir çətin peşəyə illərini həsr edəsən və belə ömür fəsillər kimi izsiz-tozsuz ötüşə. Ötüşməz...
Redaktorumuzun tapşırığı ilə 98 yaşın astanasında olan dünya müharibəsi və polis veteranı, Əlikişi Cümşüdovla həmsöhbət olduq. Yenə də polis mundirində, səliqə-sahmanı da öz yerində. Üzündəki qırışlar isə sətirbəsətir oxunan ömür yoludur. Gözlərinə diqqətlə baxanda bir döyüşçü ömrü görünür. Qəddi-qaməti əyilməyib. Əlindəki əsanı isə xüsusi vurğulayır:
Uzun illərin peşəkar polis əməkdaşı Əlikişi Cümşüdov təmkinlə olub-keçənləri xatırlayır. Ömür yolunu nəql edərkən həm kövrəlir, həm də fərəhlənir:

- Bizə verilən ömür payında hərə bir yolu seçir və o yolun yolçusu olur,-deyir: “Bərkə-boşa düşdükdə mətinlik göstərməyi bacaranlar, düzgün istiqaməti seçənlər həmişə qalib olurlar. Bizim də qismətimizə polis olmaq düşüb. Polis çətin peşədir. Tutduğun vəzifədən asılı olmayaraq, göstərilən etimadı doğruldasan, gərək. Biz çox çətin günlər yaşamışıq, müharibənin ağrı-acılı günləri bu gündə gözlərim önündədir. İndi isə müstəqil dövlətin vətəndaşı olmaq sevindiricidir. Sabitlik qorunur, ölkəmiz günü-gündən inkişaf edir, abadlaşır, gözəlləşir. Hər birimiz çalışmalıyıq ki, bu gözəlliklərin yaranmasında gərəkdir ki, bizim də əməyimiz olsun”.

Əli də, ürəyi də zəhmətlə bərkiyib. Təltif edildiyi orden və medallar, xatirələri özündə yaşadan şəkillər ömrün boşa keçmədiyini xatırladır.
Cümşüdov Əlikişi Mirzəmməd oğlu 1921-ci ildə Laçın rayonunun Aybazar kəndində anadan olub. Gəncliyi çətin illərə düşdüyündən məşəqqətli günlər yaşayıb. Mozdokdan Berlinə qədər ağır döyüş yolu keçib. Üç dəfə yaralansa da yenidən səngərə qayıdıb.
Müharibə qurtardıqdan sonra Daxili İşlər Nazirliyi nəzdində Latviya, Litva və Donbasda xidmət keçib. 1946-cı ilin oktyabr ayından Laçın Rayon Daxili İşlər Şöbəsində bölmə komandiri təyin edilib. Dəqiqliyi, xidmətdəki nümunəvi fəaliyyəti ilə seçilib, kollektivdə hörmət-izzət sahibi olub.

1988-ci ildən təqaüddə olan 98 yaşlı Əlikişi Cümşüdov hazırda ölkəmizin ən yaşlı polis veteranıdır.
Taleyindən razıdır. Daxili işlər orqanlarında keçdiyi illəri ömrünün ən dəyərli dövrü sayır, bundan qürur duyur. Zehni yorulsa da, ötən illəri günbəgün xatırlayır, haqqında dünən olmuş kimi danışır.
Deyir ki, ölkə və DİN rəhbərliyinin diqqət və qayğısı əməkdaşlarımıza, o cümlədən gənclərə daha yaxşı işləmək və özünü müsbət tərəfdən göstərmək imkanı verir. Gənc əməkdaşlar da daha səylə və məsuliyyətlə çalışmalı, öz üzərlərində işləməli, dünyagörüşlərinin və peşəkarlıqlarının artırılması qeydinə qalmalı, bu yolda ağsaqqal həmkarlarının təcrübələrindən bacardıqca daha çox yararlanmalıdırlar.
Çətinliklərdən qorxmamağı tövsiyə edir. Uzunömürlülüyün səbəbi zəhmətdir. El-obanın və bir də insanların məhəbbəti isə insana yaşamaq şövqü verir. Nisgili də var. “Laçın” deyəndə kövrəlir...
Səkkiz övlad, 24 nəvə, 24 nəticə sahibidir Əlikişi Cümşüdov.
Qocaman əsgər, həmişəcavan polis həmkarımızı bayram münasibətilə təbrik edir, ömrünün bəxtiyar çağında gümrahlıq diləyirik.


A.Nəcəfova

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər