Logotype

1933-cü ildən çıxır

Xəbərlər

23.04.2019

Gərəkdir ki, sevsinlər...

Övladımızı düzgün tərbiyə etmək, onu ailəsinə, vətəninə layiqli vətəndaş kimi yetişdirmək hər bir valideynin arzusudur.
“Uşaq ata-anasından çox zəmanəsinə bənzəyir”,- deyən dahinin əsrlər keçsə belə, yanılmadığını görürük.
Bəzən “uşaqdır” deyib keçirik. Və sonrakı peşmançılıq fayda vermir. Uşağın bilərəkdən və ya bilməyərəkdən etdiyi hərəkətlərə, ərköyünlüyünə gülürük, bəzən hətta xoş anlar yaşayırıq. İctimai yerlərdə, harasa qonaq gedəndə bu şıltaqlıq kimlərinsə gülüşünə səbəb olur, digərlərini əsəbləşdirir və uşağın düzgün tərbiyə olunmamasında ətraf mühiti yox, valideyni gunahlandırırlar. Bəs, körpənin şıltaqlığı qarşısında aciz qalanda, nə edirik?
“Yeməyini yeməsən “küpəgirən qarı” sənin payını yeyəcək, qaranlığa getmə, orda “xoxan” var, ağlasan həkim gəlib iynə vuracaq, sözümə qulaq asmasan, şuluqluq etsən, polis gəlib aparacaq”. Məncə, kifayət edər.
Bütün bunlardan sonra uşaq sakitləşir və biz də rahatlıq tapırıq. Amma heç düşünmürük ki, körpənin psixologiyasında hansı proseslər baş verir. Unuduruq ki, körpə, həssas uşaq xarakteri hər sözümüzü, hər bir hərəkətimizi süngər kimi canına çəkir. Bunun arxasında isə bir neçə psixoloji amil durur. Məsələn, uşaq düşünür ki, həkim, polis gəlib onu ata-anasından ayıracaq. Bu qorxu onun daxili aləmini zədələyir. Hətta o, gecələr pis yatır, yeməkdən qalır, durumu acınacaqlı vəziyyətə düşür. Unutmayaq ki, uşağın nəzərində biz hamıdan güclüyük, hər şeyi bilirik...
Uşaqlar böyüdükcə problemlərimizlə birgə məsuliyyətimiz də artır. Elə edək ki, onlar böyüyəndə vaxtı ilə qorxduğu peşə sahiblərini – polisi və həkimi sevsinlər. Haqsızlıqnan üzləşəndə və ya atdığı səhv atdım barəsində polisi məlumatlandırsın, ona ürək qızdırsın, ona əzizi, doğması kimi baxsın, sözünü deməkdən çəkinməsinlər. Övladımızın yaşadığı cəmiyyətin sağlam parçası olmasını istəyiriksə, əvvəlcə özümüzə diqqət yetirməliyik. Uşaqlarla dostluq edərək onları başa salmaq lazımdır, necə ki, xilaskar kimi valideyinlərini görüllər, eləcə də həkimə, polisə xilaskar gözü ilə məhəbbətlə baxmalıdırlar.

Ruslan Vəliyev,
polis leytenantı

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər