Logotype

1933-cü ildən çıxır

Xəbərlər

01.04.2019

Gənc polis, veteran idmançı

Bir müddət öncə Qusarda evdə köməksiz vəziyyətdə qalan körpələri xilas etmək üçün həyatını təhlükəyə atan polis mayoru, Qusar Rayon Polis Şöbəsinin əməkdaşı Firudin Kərimov barəsində çox yazıldı, çox deyildi. Hadisədən sonra jurnalistlərin: “Siz özünüzü də təhlükəyə atdınız, hətta yaralandınız da, bəs qorxmadınız” sualına həmkarımız təmkinini pozmadan belə cavab vermişdi: “Biz polisik, hər bir çətinliyi göz önünə almalı və vətəndaşa təhlükədən yaxın olmalıyıq. Çünki bizə etibar edir, bizə inanırlar”...

Onunla xidməti ezamiyyətdə olarkən görüşdüm. “Mən söz adamı deyiləm və sözdən qorxuram”,- desə də ötənlərdən, keçənlərdən bugünümüzə körpü saldı, dostlarını, birlikdə çiyin-çiyinə xidmət edib dünyasını dəyişənləri xatırlayıb kövrəldi də.
“Mən elə bilirdim ki, idmançıların ürəyi yumruqları kimi möhkəm olur”,- deyən RPŞ rəisinin köməkçisi, polis mayoru Tural Zeynalovun “Firudin Kərimov bu günlərdə usta cüdoçular arasında keçirilən Azərbaycan çempoinatında 81 kiloqramda mübarizəyə qoşularaq finala yüksəlib və ikinci yerin sahibi olub” xəbəri isə lap yerinə düşdü.
“Dostlar dedilər ki, veteran idmançılar arasında yarış keçiriləcək. Düzü, bir az tərəddüd etdim. Sonradan qərar verdim ki, yarışda iştirak etməliyəm və gücümü sınamalıyam. Rəhbərlik də mənə dəstək verdi, məşqlər üçün lazımı şərait yaratdılar. Mən də ümidləri doğrultdum və ikinci yeri tutdum. Yarışın güclüləri bu il veteranlar arasında İspaniyada keçiriləcək dünya çempioantında iştirak etmək hüququ qazanıblar. Qismət olsa, gedəcəyəm”…

O, idmana kiçik yaşlarından başlayıb. Mənsub olduğu nəsli pəhləvanlar nəsli kimi tanıyırlar. Bir müddət güləşlə məşğul olub. Sonra isə cüdoda özünü sınayıb və qələbələrə imza atıb. İdmanda veteran olsa da bu gün polis əməkdaşı kimi sıralarımızdadır. Artıq illərdir ki, idman və polis peşəsi onun həyat tərzidir.
Qardaşları Firdovsi Kərimov və Teymur Kərimov torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olublar. Özü də müharibə veteranıdır.

Bu Vətən nisgilli və təcrübəli həmkarımızı bir az da yaxından tanısaq, bilərik ki, 1967-ci ildə Ağdam rayonunun Quzanlı kəndində anadan olub. 1988-ci ildə Sumqayıt ŞPİ-nin PPX-də polis nəfəri kimi xidmətə başlayıb. DİN Polis Akademiyasında təhsil aldıqdan sonra Qusar RPŞ-yə baş əməliyyat müvəkkili təyin edilib.
Ailəlidir, üç övladı, iki nəvəsi var.

T.Hafiz

Geriyə Çap et


Faydalı keçidlər
Linklər