Logotype

1933-cü ildən çıxır

Xəbərlər

31.03.2019

Ayriliq olmayaydi ...

Kəlbəcəri təbiətin bahar çağında itirdik. Kəlbəcərsə bizə qışı yaşatdı 26 il öncə. Uca dağlar, ormanlar duman pərdəsi, ayrılıq və nisgil acısının arxasında qaldı...
Dağlar qoynunda qərar tutan yurd yerimizin başı dağlara toxunurdu. O qayalar, əlçatmaz dağlar, dərələr, kükrəyən çaylar dil açıb tariximizdən danışırdı. Nələrin şahidi olmamışdı bu mərdlər oylağı?!
Hələ ötən əsrin əvvəllərində-1905-1918-ci illərdə daşnakların xalqımıza qarşı törətdiyi soyqırımı zamanı Kəlbəcər çox itkilərə məruz qalsa da, müvazinəti itirmədi. O dəhşətlərə ağrılara- əzablara mətinliklə sinə gərmişdi, düşmən ordusunun hissələri burada darmadağın edildi.

Düşmənin 1988-ci ildən Dağlıq Qarabağda separatçı niyyətlərini gerçəkləşdirilməsi cəhdinin tezliklə ağır faciələrə gətirdiyini, rəsmi Bakınınsa bunun nəticəsinə susduğunu görən rayon ictimaiyyəti özünü müdafiə məqsədi ilə könülllülərdən ibarət dəstələr yaratdı. 1992-ci ilin mayında hakimiyyətə gələn AXC-Musavat cütlüyünün səriştəsizliyi, yarıtmaz fəaliyyəti ucbatından yaranan anarxiya müharibə və mühasirə şəraitində yaşayan bu rayona da sarsıdıcı zərbələr vurdu. Həmin vaxt qeyri-peşəkarların əlinə keçmiş orduda nizam-intizam, vahid mərkəzdən idarəetmə yox idi. Hakimiyyət daxilində ziddiyyətlərin kəskinləşməsi, hərbi hissədəki başıpozuqluq, ayrı-ayrı siyasi partiyaların hökmünü diqtə etmək üçün yaratdıqları silahlı dəstələrin öz mənafeyini hər şeydən önə çəkməsi acı məğlubiyyətləri çox gözlətmədi.
Kəlbəcər 3 il düşmənə sinə gərdi. Bütün bu vaxt ərzində Rayon Polis Şöbəsinin şəxsi heyəti döyüşürdü. Xüsusilə qocaların, qadınların, uşaqların döyüş meydanından uzaqlaşdırılmasında polislərimiz böyük fədakarlıqlar göstərirdilər və onların 9-u şəhid oldu.

1993-cü il aprelin 2-də uzun müddət davam edən düşmən hücumları nəticəsində Kəlbəcər işğal olundu. Həmin vaxt rayonda 220 mülki şəxs həlak oldu, 321 nəfər itkin düşdü və girov götürüldü, 130 yaşayış məntəqəsi, 500-dən çox təsərrüfat, sənaye-tikinti və xidmət obyekti, 13 min yaşayış evi darmadağın edildi.
Mən bilirəm, Kəlbəcərə hələ bahar gəlməyib. Amma gələcək, bir az gec olsa da gələcək...

Aytəkin Nəcəfova,
polis polkovnik-leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər