Logotype

1933-cü ildən çıxır

Xəbərlər

13.03.2019

Yaz aylari gələndə...

Qədim zamanlardan əcdadlarımız Novruz bayramını səməni ilə qarşılamış, onun bolluq və bərəkət gətirəcəyinə, insanları xoşbəxtliyə qovuşduracağına inanmışlar.

Səməni göyərtmək adəti ilə bağlı belə bir rəvayət də dolaşır. İllərin birində Novruz bayramına 10-15 gün qalmış bir nənə nəvələrini kasıb komasına yığıb onlara nağıl danışır. Uşaqlardan biri nənənin gözündən yayınıb tay-tuşları ilə oynamağa gedir. Bu zaman varlı-hallı qonşunun uşağı yağ-bal yaxması əlində onlara yaxınlaşır. Pendirə belə həsəd aparıb şorun ümidinə qalan uşaqlar sakitcə evlərinə çəkilirlər. Kasıb nənənin nəvəsi də evə qaçıb yağ-bal yaxması istəyir. Nənə onun başını birtəhər quru çörəklə qatır. Uşaqlar çörəyi yeyib yuxuya gedirlər. Bir azdan qarı da yuxulayır. Gecənin bir aləmində röyasında görür ki, ağ əbalı bir adam gəlib onun qarşısında dayanıb deyir: “Ay Sənəm qarı, bil və agah ol, mən Xıdır İlyasam. İstəmirəm ki, sənin nəvələrin yaxmadan ötrü ağlayıb-sızlasınlar. Al bu xurcunu. Sabah tezdən yuxudan durub bu buğdaları sinilərə yayarsan, üstünə də su səpərsən. Buğda cücərəndən sonra əzib suyunu çıxararsan. Həmin suyu qaynadarsan. Elə ki, gördün əməlli-başlı qatılaşdı, onda çörəyin üstünə yaxıb verərsən nəvələrinə. Bir də nə çətinliyin, nə çatışmazlığın olsa səslə məni”.

Xıdır İlyas bu sözləri deyib yuxudan itir. Nənə gözünü açır və görür ki, doğrudan da qarşısında bir kisə buğda var. Səhər Xıdır İlyasın dediklərinə əməl edir. On-on iki gündən sonra yaxma hazır olur, uşaqların hərəsinə birini verir. Nəvələrdən ən dilavəri soruşur ki, nənə, bəs bunun adı nədir? Nənə bir qədər fikirləşir və Xıdır İlyasın son sözü yadına düşür: “Səslə məni...”.
Ehtimal olunur ki, “səslə məni” ifadəsi dildən-dilə, ağızdan-ağıza düşərək “səməni” şəklinə düşüb.
Səməni haqqında çox rəvayətlər, deyimlər var. Amma təhrif olunmayan, dəyişməyən onun ərti, rəngi və ülvi missiyasıdır...

Ruhiyyə Əliyeva,
polis leytenantı

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər