Logotype

1933-cü ildən çıxır

Xəbərlər

01.03.2019

Şəhidlər və qəhrəmanlar yurdu

"Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımı öz ağılasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir."

Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbiri Nizami Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Ədalət Abbasov ulu öndərin faciə haqqında söylədikləri bu sözlərlə açdı.
Sonra soyqırım qurbanlarının və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olmuş həmvətənllərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Anım mərasimi iştirakçılarının nəzərinə çatdırıldı ki, XX əsrin ən qanlı cinayətlərindən olan Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırım aktı kimi tanınması üçün Azərbaycan dövləti ötən illər ərzində bütün zərurı addımlar atmışdır. Ümummilli liderimizin hakimiyyətə qayıdışından sonra soyqırımına əsl hüquqi-siyasi qiymət verilmiş, fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilmişdir. Xocalı hadisələrinin beynəlxalq aləmdə soyqırım aktı kimi tanınması istiqamətində Prezident cənab İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasətin, birinci vitse-preizident Mehriban Əliyevanın beynəlxalq miqyaslı fəaliyyətinin, həmçinin 2009-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyasının nəticələri barədə geniş məlumat verildi.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Aqil Abbas bildirdi ki, Xocalı şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində strateji əhəmiyyətli ərazi kimi işğalçılıq planlarına mane olurdu. Şəhərin əhəmiyyətini artıran səbəblərdən biri də Dağlıq Qarabağın yeganə hava limanının məhz burada yerləşməsi idi. Ermənistan silahlı qüvvələrinin əsas məqsədi Əsgəran-Xankəndi yoluna nəzarət etmək və aeroportu ələ keçirmək idi. Xocalı aeraportu isə qəhrəman Azərbaycan polisləri tərəfindən göz bəbəyi kimi qorunurdu. Məhdud sayda qüvvə, Ermənistanın və 366-cı motoatıcı alayın texnikası ilə müqayisəolunmaz dərəcədə zəif silahlanan polislərimiz və könüllülər Əlif Hacıyevin rəhbərliyi altında həm hava limanını, həm də dinc əhalini qoruyurdular.
Daha sonra vurğulandı ki, şəhid polislərimizin, şəhərin qəhrəman müdafiəçilərinin fədakarlıqları, Vətən uğrunda döyüşləri, xilaskarlıq missiyası ilə adı tariximizə əbədi yazılan Xocalı faciəsi heç vaxt yaddan çıxmayacaq. Şəhidlərin, qəhrəmanların, Xocalının ruhunu isə şad etməyin bircə yolu var-işğal olunmuş ərazilərimizin son qarışınadək düşmənlərdən təmizlənməsi!

Sonra çıxış edən tarix üzrə fəlsəfə doktoru, Dövlət İdarəçilik Akademiyası tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova qeyd etdi ki, Azərbaycan xalqı 200 il ərzində erməni şovinistləri tərəfindən davamlı olaraq soyqırıma məruz qalmışdır. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan yüz minlərlə soydaşımız öz el-obalarından qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. Dağlıq Qarabağ ətrafında başlayan hadisələr növbəti dəfə kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, Xocalı adlı bir şəhərin xəritədən silinməsi ilə tarixin qan yaddaşına yazılmışdır.

Hadisələrin canlı şahidi, Xocalı aeroportunda şəhid olan Əbülfət Əliyevin həyat yoldaşı Vərziyar Əliyeva, hadisələr zamanı xeyli sayda əzizlərini itirmiş Nizami RPİ Təşkilati-inspektor qrupunun baş inspektoru, polis mayoru Rəhman İsmayılov o qanlı gecədə baş verənləri, polis əməkdaşlarının şəhəri, dinc əhalini qorumaq, düşmənə daha çox itki vermək üçün göstərdikləri qəhrəmanlıqlar barədə danışdılar.

Anım mərasiminə yekun buran polis polkovniki Ədalət Abbasov bildirmişdir ki, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün hər kəs səy və imkanlarından maksimum səmərəli istifadə etməlidir.

Çingiz Şıxverdiyev,
polis polkovnik-leytenantı

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər