Logotype

1933-cü ildən çıxır

Xəbərlər

23.02.2019

Xızıdan Xocalıya...

Qəbulunda olan vətəndaşı aramla dinləyib onunla elə gözəl həmsöhbət oldu ki, həmin şəxs: “Mən istəyirəm ki, belə səmimi qəbula və münasibətə görə şöbənin rəisinə minnətdarlığımı bildirim”,- deyib əlini ikiəlli sıxıb otaqdan çıxdı.

Və daha bir neçə nəfər ağsaqqal görüşdü, hal-əhval tutub, söhbətləşdi onunla...
“Kiminsə köməyinə çatanda rahat oluram. Polisin adına, ünvanına deyilən xoş söz işimizə verilən qiymətdir. Bir arzum var: Xocalıya dönmək, Xocalıya qayıtmaq”...

Aradan xeyli müddət keçib. Ancaq elə bilirəm ki, gözü-könlü Xocalı nisgilli həmkarımla dünən görüşmüşəm. O görüşdən sonra baxışlarından oxuduğum bu fikirlər isə məni rahat buraxmır: “Xızı dağlarından Vətən boy verməsə də balalardan, nəvələrdən gizlin içimdəkiləri deməyə yaxşı ki, göy üzü var, yaxşı ki, üzü Vətən sarı gedən karvan-karvan buludlar var”...

Barəsində RPŞ rəisi, polis polkovniki Həmid Həsənovun dediyi fikirləri də sizinlə bölüşmək istəyirəm: “Polis mayoru Oqtay Quliyev seçilən əməkdaşlardandır. Onun ömür yolu xidmətə yenicə başlayan gənclərə, sözün əsl mənasında, örnəkdir. Həyatın hər üzünü görüb. Əraziyə yaxından bələd olması, ünsiyyətcilliyi, insanlarla dil tapa bilməsi, çox köməyimizə çatır”...

Xızı RPŞ-nin sahə rəisi, polis mayoru Oqtay Quliyev 1960-cı ildə Xocalıda doğulub. 1990-cı ildə daxili işlər orqanlarına qəbul olunub. Xocalının müdafiəsində iştirak edib. Fevralın 25-dən 26-na keçən gecə doğmalarını, əzizlərini itirib. İşğaldan sonra Bərdədə, Tərtərdə, Sumqayıtda xidmət edib. Bu gün Xızıdadır. Xızıdan Xocalıya isə 28 il bundan əvvəlki görkəmində: əlində silah, əsgər formasında getmək istəyir.

T.Hafiz

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər