Logotype

1933-cü ildən çıxır

Xəbərlər

21.02.2019

Ürək deyir yaşa hələ...

“Ömür hər birimizə Tanrı tərəfindən verilən paydır. Ömür payında vicdanla, ləyaqətlə yaşadıqdan sonra yaşın fərqi yoxdur, istəyir əlli yaşa və yaxud yüz. Əsas odur ki, tam ömrün həmin vaxta sığsın, ona görə də hər günü faydalı yaşayıb, cəmiyyət üçün faydalı insan olmaq lazımdır. Çalışmaq lazımdır ki, geriyə baxanda peşimançılıq çəkməyəsən ”.

Bu sözləri ömrünün 93-cü baharını yaşayan polis veteranı deyir və təmkinlə həyat səhifələrini vərəqləyir.
“Müharibənin odu-alovunu görmüş adam kimi arzu edirəm ki, o itkiləri, aclıq və səfaləti bir də xalqımız yaşamasın. İndi şükürlər olsun ki, firavanlıqdır. Düzdür, nisgilimiz var... Amma inanıram ki, torpaqlarımız işğaldan azad olunacaq. Biz sülhsevər xalq olsaq da lazım gələrsə, inanın, mən də silahlanıb vətənimi qorumağa hazıram. Firavan zamanda yaşamağa nə var ki... İctimai asayiş qorunur, cinayətkarlıqla mübarizə təmin olunur, ölkəmiz günü-gündən abadlaşır, gözəlləşir. Xalqın rifah halı getdikcə yaxşılaşır. Deməli, boşuna döyüşməmişik və ötən illər, itən illər deyilmiş”, -deyə, ağır-ağır, təmkinlə danışır.
Böyük Vətən müharibəsi iştirakçısı, ömrünün 30 ildən çoxunu daxili işlər orqanlarında xidmətə həsr edən Əzim İbrahimov danışdıqca, hiss etdim ki, ötən illərin xatirələri, bir anlıq gözlərində canlandı. Orada nisgil, eyni zamanda da qürur gördüm. O, danışdıqca gah kövrəlir, gah da həyəcanlanırdı. Simasında bir çox sualımın cavabı vardı...

İstefada olan polis baş leytenantı Əzim İbrahimov 1926-cı ildə indiki Ermənistanın Krasnoselsk rayonunda dünyaya gəlib. Uşaqlıq illəri asan keçməyib. Çətinliklərə baxmayıb, “İnsan çəkişdikcə bərkiyir” fikri həyatının amalı olub.
Yeniyetməlik dövrü müharibəyə yollanıb. O da, atası da cəbhəyə yollanıb. Müharibə qurtardıqdan sonra 6 il hərbidə xidmət edib. Sonradan taleyini daxili işlər orqanlarına bağlayıb. 1951-ci il Bakıda N.Rzayev adına Orta İxtisas Milis Məktəbinə qəbul olunub. Uzun illər paytaxt yaxınlığında sahə inspektoru kimi xidmət edib. İşinə məsuliyyətlə yanaşıb, peşəsini sevərək çalışıb.

Rəngarəng bir insan tablosu. Səliqə-səhmanla saxladığı orden və medallar, bir də ki, xatirələri yaşadan şəkillər. Hər biri haqqında danışdıqca susur, tez də toxtaxlıq taparaq yenidən söhbətinə davam edir.
Zəhməti, bacarığı sayəsində hörmətə layiq polis, zabit ömrü yaşayıb Əzim müəllim.
Deyir ki, indi müstəqil, demokratik dövlətin vətəndaşı olmaq böyük xoşbəxtlikdir, indi işləmək, qurub-yaratmaq üçün hər cür şərait var. Sadəcə, hər kəs çalışmalıdır ki, öz işinə vicdanla yanaşsın. Ona görə gənc əməkdaşlar indi daha səylə dünyagörüşlərinin və peşəkarlıqlarının artırılmasına çalışmalı, öyrənməkdən yorulmamalıdırlar.

İndi ömrünün zirvəsində yaşayır Əzim İbrahimov. Oğul-qız, nəvə, nəticə sarıdan korluq çəkmir. Polisdən xoş bir söz eşidəndə ürəyi dağa dönür, sanki cavanlaşır. Bu gün ölkə və DİN rəhbərliyinin diqqət və qayğısını təqaüddə olan hər bir polis kimi o da hiss edir. Onun belə gümrah, belə təpərli, qürurlu yaşamasının bir səbəbi də elə budur.


Aytəkin Nəcəfova,
polis polkovnik-leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər