Logotype

1933-cü ildən çıxır

Xəbərlər

05.02.2019

İnkişafin, sabitliyin Azərbaycan nümunəsi

Hər addımda ulu öndər Heydər Əliyevin yüksək ideallarına sadiqlik nümayiş etdirən dövlət başçımız İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətin ali məqsədi Azərbaycanın hər bir vətəndaşı üçün layiqli və firavan həyat tərzinin təmin olunması, ölkədə azad və demokratik cəmiyyətin qurulmasıdır. Bütün bu proseslərdə Azərbaycan Prezidentinə ən böyük dəstək xalqdan, öz taleyini İlham Əliyevə etibar etmiş Azərbaycan vətəndaşlarından gəlir. Bu gün Azərbaycan xalqı İlham Əliyevi ölkədə baş verən intihabın, siyasi sabitliyin, əmin-amanlığın və sülhün qarantı hesab edir, ona tam güvənir. Çünki xalq öz həyatında, taleyində baş vermiş böyük dəyişikliklərin, Azərbaycanı parlaq sabahına doğru yaxınlaşdıran siyasi kursun əhəmiyyətini yaxşı dərk edir və bu siyasəti birmənalı şəkildə dəstəkləyir.

Ötən ilin yekununda cənab Prezidentimiz demişdir: “Əminəm ki, 2018-ci ildə də Azərbaycanda bu müsbət meyillər daha da güclənəcək. Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir və xalq-iqtidar birliyi bu gün də göz qabağındadır. Bizim uğurlu siyasətimizin təməlində xalq tərəfindən göstərilən dəstək dayanır. Bu müsbət meyillərin gücləndirilməsi, əlbəttə ki, ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcəkdir.”

Əldə edilən müsbət tendensiya 2018-ci ildə də davam etmiş, yola saldığımız il də tarixə ölkəmizin daha bir uğuru kimi daxil olmuşdur. Bunu əldə edilən faktlar da təsdiq edir.
Bu dövr ərzində ölkə üzrə 79 milyard 797,3 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdur. Bu isə ötən ildəkindən 1,4 faiz çoxdur. İl ərzində ÜDM istehsalı iqtisadiyyatın qeyri-neft sektorunda 1,8, neft sektorunda 0,6 faiz artmışdır. Hesabatda həmçinin bildirilir ki, 2018-ci ildə istehsal olunmuş əlavə dəyərin 44,2 faizi sənaye, 9,6 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 8 faizi tikinti, 6,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,3 faizi kənd və meşə təsərrüfatları, balıqçılıq, 2,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə, 15 faizi digər sahələrin payına düşmüşdür. Bu dövrdə məhsula və idxala xalis vergilər ÜDM-in 7,8 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM-in həcmi 8126,2 manat olmuşdur.

Ötən il ölkədə 47,7 milyard manatlıq sənaye məhsulları istehsal edilmişdir ki, bu da 2017-ci ilə nisbətən 1,5 faiz çoxdur. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 9,1 faiz artmışdır. Məhsulların 73 faizi mədənçıxarma, 22,2 faizi emal, 4,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal edilmişdir. Mədənçıxarma sektoru üzrə neft hasilatı 2017-ci ilin səviyyəsində qalmış, əmtəəlik qaz hasilatında 5,8 faiz artım qeydə alınmışdır.

Emal sektorunda isə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 31, tütün məmulatlarının istehsalı 2,7, elektrik avadanlıqlarının istehsalı 2,5, mebel istehsalı 2,1 dəfə, poliqrafiya məhsulları istehsalı 81,2, dəri və dəri məmulatları, ayaqqabı istehsalı 23,3, toxuculuq sənayesi məhsulları istehsalı 42,4, tikinti materialları istehsalı 26,3, metallurgiya sənayesi məhsulları istehsalı 11,4, içkilərin istehsalı 12,2, kağız və karton istehsalı 0,5, ağacın emalı və ağacdan məmulatların istehsalı 9,5, rezin və plastik kütlə məmulatları istehsalı 14, kimya sənayesi məhsulları istehsalı 1,4 faiz artmışdır. Artım həmçinin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, eləcə də su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında müşahidə olunmuşdur - müvafiq olaraq 7 və 3,7 faiz.

Hesabata əsasən, keçən il əsas kapitala 17 milyard 238,2 milyon manat vəsait yönəldilmişdir ki, bu da 2017-ci illə müqayisədə 4,4 faiz azdır. Bu azalma neft sektoruna yatırılan investisiyaların aşağı düşməsi ilə bağlıdır. Əvəzində isə qeyri-neft sektoruna qoyulmuş investisiyaların həcmi 22, o cümlədən qeyri-neft sənayesinə yatırılan kapitalın həcmi 23 faiz artmışdır. Yeri gəlmişkən qeyd edək ki, il ərzində ölkə üzrə neft sektoruna 5 milyard 948,9 milyon manat vəsait yönəldilmişdir. Qeyri-neft sektoruna sərf edilən vəsaitin məbləği isə 11 milyard 289,3 milyon manat olmuşdur ki, bunun da 2 milyard 704,9 milyon manatı (ümumi sərmayənin 15,7 faizi) qeyri-neft sənayesi sektorunun payına düşmüşdür.

Bu dövrdə istifadə olunmuş ümumi vəsaitin 67,6 faizi məhsul istehsalı və 24,8 faizi xidmət obyektlərinin, 7,6 faizi ümumi sahəsi 2 milyon 84,7 min kvadratmetrdən çox olan yaşayış evlərinin tikintisinə sərf edilmişdir. 69,7 faizi daxili sərmayələr olan bu vəsaitlərin 68 faizi bilavasitə tikinti-quraşdırma işlərinə yönəldilmişdir.

Xarici sərmayəyə gəldikdə, hesabat dövründə onların həcmi 5 milyard 221,5 milyon manata çatmışdır. Bu vəsaitin 82,6 faizi Böyük Britaniya, İsveçrə, Türkiyə, Malayziya, ABŞ, Yaponiya, Çexiya, İran, Rusiya və Norveç kimi ölkələrə məxsusdur.
Bütün bu vəsaitlər hesabına il ərzində ölkə ərazisində çoxsaylı və müxtəlif təyinatlı müəssisə və obyektlər tikilib istifadəyə verilmişdir.

Ölkənin ümumi inkişafı nəqliyyat, informasiya və rabitə sektorlarının fəaliyyətində də hiss olunmuşdur. Belə ki, ötən il ölkə üzrə 229,9 milyon ton yük və 2 milyard 2,8 milyon nəfərdən çox sərnişin daşınmışdır ki, bu da ötən ilin eyni dövründəkindən hər iki sahə üzrə 1,5 faiz çoxdur.


Zeyni Hüseynov

Geriyə Çap et


Faydalı keçidlər
Linklər