Logotype

1933-cü ildən çıxır

Xəbərlər

29.01.2019

İnkişafin, sabitliyin Azərbaycan nümunəsi

Yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfrans keşirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.
Dövlətimizin başçısı konfransda giriş nitqi söyləyib.

Prezident İlham Əliyev giriş nitqində qeyd edib ki, regionların sosial-iqtisadi inkişafına dair beş il bundan əvvəl qəbul edilmiş üçüncü Dövlət Proqramının icrası təmin edilib. Bu proqramın çox böyük əhəmiyyəti var. O, imkan yaratdı ki, regionlarda əvvəlki illərdə aparılan islahatlara, görülən işlərə yeni təkan verilsin. Ümumiyyətlə, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı proqramlarının qəbul edilməsi ölkə rəhbərimizin 2003-cü ildə prezident seçkiləri ərəfəsində verdiyi vədlərimdən biri idi. 2004-cü ilin fevral ayında birinci proqram qəbul olunub və buna görə də görülmüş işlər haqqında danışanda, son 15 il ərzində yerinə yetirilmiş işlərə nəzər salınmalıdır.

Beləliklə, son 15 il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf etmiş, ümumi daxili məhsul 3,3, sənaye istehsalı 2,6 dəfə artmışdır. İxracımız 4,7 dəfə, valyuta ehtiyatlarımız 24 dəfə artıb və bu gün 45 milyard dollar təşkil edir. Bu, onu göstərir ki, Azərbaycan regionlarına və eyni zamanda, neft-qaz sektoruna, Bakı şəhərinin inkişafına böyük vəsait qoyulmasına baxmayaraq, valyuta ehtiyatlarımızı 24 dəfə artıra bilmişik.

Aparılan uğurlu siyasət ölkəmizə böyük həcmdə sərmayənin yatırılmasına gətirib çıxarıb. 15 il ərzində Azərbaycana təxminən 250 milyard dollar sərmayə qoyulub və bu sərmayənin yarısı xarici investisiyadır. Xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir, ölkədə mövcud olan sərmayə iqlimi xarici investorları həvəsləndirir.

Diqqətə çatdırılıb ki, ilk dəfə Azərbaycan Dünya Bankının “Doing Business” hesabatında 2006-cı ildə qeyd olunub və həmin vaxt 98-ci yerdə qərarlaşırdı. Aparılan köklü islahatlar, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində son hesabatda Azərbaycan dünya miqyasında 25-ci yerdədir.
Son 15 il ərzində 2 milyon yeni iş yeri yaradılmışdır. Əhalinin sayı isə 1,6 milyon artmışdır. Bu da çox gözəl göstəricidir. Əhali nə qədər çox olarsa, ölkəmiz də o qədər sürətlə inkişaf edər. Cənab Prezident bunu da vurğulayıb ki, işimizi elə görməliyik ki, iqtisadi inkişaf, iş yerlərinin yaradılması əhalinin artımından daha da sürətlə getsin, artan əhali işlə təmin olunsun.

Artan iqtisadi imkanlarımız sosial məsələlərə də çox böyük diqqət ayrılmasına şərait yaratmışdır. Son 15 il ərzində maaşlar 7, pensiyalar 9 dəfə artıb. Son 15 ildə 3 min 200-dən çox məktəb əsaslı təmir edilib və ya yenidən tikilib, 640 tibb müəssisəsi tikilib və yenidən qurulub, bölgələrdə 44 olimpiya mərkəzi yaradılmışdır. Bu, bir daha onu göstərir ki, bizim siyasətimiz sosialyönümlüdür və əldə edilmiş gəlirləri biz, ilk növbədə, sosial sahələrə yönəldirik.
Məcburi köçkünlərin problemləri həmişə diqqət mərkəzində olmuşdur, bu gün də belədir. Son illər ərzində yüzdən çox köçkün şəhərciyi tikilib. Şəhid ailələri, müharibə veteranları, müharibə əlilləri üçün 6650 mənzil təqdim edilmişdir və bu proses davam etdirilir.

Ölkə rəhbərimiz daha sonra deyib:
-Azərbaycan sabitlik, təhlükəsizlik məkanıdır. Yaxın tarix əyani şəkildə göstərdi ki, sabitlik pozulanda ölkələr çox pis vəziyyətə, idarəolunmaz vəziyyətə düşür, iqtisadiyyat çökür, sənaye iflic olur, insanlar əziyyət çəkir və sonra bu vəziyyətdən çıxmaq üçün onilliklər lazım olur. Azərbaycanın uğurlu inkişaf modelinin əsas qayəsi ondadır ki, ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir. Çünki bu siyasət xalqımızın rifah halının yaxşılaşmasına hesablanıb. Bu siyasət ölkəmizin güclü dövlətə çevrilməsinə hesablanıb. Məhz bu siyasət nəticəsində bu gün Azərbaycan dünyanın müxtəlif kürsülərindən öz sözünü açıq deyir, öz müstəqil siyasətini aparır, öz maraqlarını tam şəkildə qoruyur.

Azərbaycanda aparılan iqtisadi, siyasi islahatlar, ölkəmizin güclənməsi bizə dünyada gedən riskli proseslərdən özümüzü qorumağa imkan yaratdı. Bir daha demək istəyirəm, bizim xarici siyasətimizin əsas məqsədi ondan ibarətdir ki, xaricdən gələn mümkün risklərin idarə olunmasına, azaldılmasına, aradan qaldırılmasına imkan versin. Biz buna nail oluruq. Son 15 il ərzində Azərbaycan xalqı əmin-amanlıq şəraitində yaşayır. Azərbaycan xalqı rahat yaşayır, qurur, yaradır. Hesab edirəm ki, hər bir vətənpərvər insan öz ölkəsi ilə, bugünkü Azərbaycan ilə haqlı olaraq fəxr edə bilər…
Konfransda bildirilib ki, sənayeləşmə prosesi də uğurla gedir. Son vaxtlar sənaye parklarının fəaliyyətə başlaması geniş vüsət almışdır. İndi bu proses bir neçə şəhərdə gedir və sənaye parklarında bizim 67 rezidentimiz var. Onlardan 40-ı artıq fəaliyyətdədir.

Aqroparkların yaradılması çox müsbət hal kimi qiymətləndirilir. Proqramda 51 aqroparkın yaradılması nəzərdə tutulub. Onlardan 17-si fəaliyyətdədir. Qalan aqroparkların işə düşməsi nəticəsində həm bölgələrdə yeni iş yerləri yaradılacaq, həm də kənd təsərrüfatı məhsullarımızın istehsalı və ixracı daha da artacaq.

On beş il bundan əvvəl Azərbaycan özünü elektrik enerjisi ilə təmin edə bilmirdi. Ya xaricdən idxal edirdi, ölkəmizin bəzi yerləri işıqsız qalırdı. Ötən 15 il ərzində 31 yeni stansiya tikilib, 2500 meqavatlıq yeni güclər yaradılıb. Biz indi nəinki özümüzü təmin edirik, elektrik enerjisini ixrac edirik. Təbii qaz ilə təminat 15 il bundan əvvəl təxminən 50 faiz səviyyəsində idi, bu gün 95 faizdir. İçməli su 26 faiz təmin edilirdi, bu gün 70 faizdir. On beş il ərzində 15 min kilometr avtomobil yolu tikilib.

Dövlət başçısı, yekun nitqində qarşıda duran vəzifələrdən danışarkən bir məqama da toxunub:
-Əlbəttə ki, son illərdə bir çox müəssisələr yaradılıb və orada iş yerləri açılıb. Sahibkarlara tövsiyəm ondan ibarətdir ki, iş yerlərini ixtisar etməsinlər. Çünki bu gün dünyada ümumi meyil ondan ibarətdir ki, daha çox texnologiyalara üstünlük verilir, elmi-texniki tərəqqi yeni texnologiyalar ortaya çıxarır, robotlar insanları əvəzləyir, bütün bunlar reallıqdır. Biz bu reallıqla hesablaşmalıyıq. Ancaq, eyni zamanda, biz Azərbaycanda mütləq iş yerlərini qorumalıyıq - həm dövlət qurumlarında, həm özəl sektorda. Dövlət qurumlarında aparılan struktur islahatları, - bütün dövlət qurumlarına artıq bildirilib, - iş yerlərinin ixtisarına gətirib çıxarmamalıdır. Bu struktur islahatları, sadəcə olaraq, idarəetmə mexanizminin təkmilləşməsinə yönəlib. Əlbəttə, dövlət müəssisələrində işləyən vətəndaşlar öz işlərində qalacaqlar. Özəl sektor da heç bir ixtisar aparmamalıdır, əksinə, dövlətin bu qədər dəstəyi müqabilində daha çox iş yerləri açmalıdır. Yenə də deyirəm, bu istiqamətdə proses müsbət gedir. Keçən il 118 min daimi iş yeri yaradılıb və təbii ki, bu, özəl sektorda yaradılmış iş yerləridir…

Yerli icra orqanları vətəndaşlara daim diqqət və qayğı göstərməlidirlər. Yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlar üçün çalışırlar, yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlara xidmət edirlər. Bütün dövlət məmurları - Prezidentdən başlayaraq, lap aşağı səviyyəli məmura qədər hər kəs bilməlidir ki, bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir…
İnformasiya bölməsi

Geriyə Çap et


Faydalı keçidlər
Linklər