Logotype

1933-cü ildən çıxır

Xəbərlər

01.12.2018

Alındı... Cinayət yox, əməliyyat

Maşında oturub havanın qaralmasını gözləməsi xeyli vaxt apardı. Hava soyuq idi. Yanacaq da az olduğundan mühərriki və deməli, qizdıricini işə sala bilmirdi. Bir az da maşında otursaydı az qala donacaqdı. Evlərdən gələn işiqlar bir-bir sönməyə başladı. Gözaltı elədiyi Hacıqədirli kənd sakini Mərdan Qasımovun evindən də gələn səs-küy yavaş-yavaş kəsildi. Artıq hərəkətə keçmək vaxtıydı.

Nəhayət, mühərriki işə saldı, avtomobilin işıqlarını yandırmadan evə tərəf sürdü. Maşından düşüb hasara yaxınlaşdı. Bir anda sıçrayıb içəri keçdi. Tövlənin qapısını açdı. Əl fanarının işığında 2 baş quzu, 2 baş xötəyi sakitcə çıxarıb, həyət qapısından keçirib, öz malıymış kimi, avtomobilinə yerləşdirib aradan çıxdı.
Mərdan kişi itkidən səhər xəbər tutdu. Adəti üzrə, tezdən oyanıb mal-heyvana baş çəkmək üçün tövləyə yollandı. Qapısının açıq olduğunu görüb özünü danladı: “Qapını bağlamaq yenə yadımdan çıxıb”. İçəri girəndə isə nə baş verdiyini anladı. Hər şey bir tərəfə balası oğurlanmış camışın səsi az qala bütün kənddə eşidilirdi.

Mərdan kişi bir az götür-qoydan sonra ona ancaq polisin kömək edə biləcəyini anlayıb Ağsu RPŞ-yə yollandı.
Fakt barədə RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Fəxrəddin Abbasova da məlumat verildi. Onun göstərişinə əsasən, yaradılmış əməliyyat-istintaq qrupuna rəhbərlik əməliyyat işləri üzrə rəis müavini, polis mayoru İlqar Haqverdiyevə həvalə olundu. Qrup vaxt itirmədən hadisə yerinə yollandı. Düzgün və vaxtında aparılmış əməliyyat-istintaq tədbirləri tezliklə öz bəhrəsini verdi.
Bütün izlər qonşu Kürdəmir rayonuna aparırdı. Bu barədə rəisə məruzə olundu. Lazımi tədbirlər görüldü və qrup təcili hadisəni törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini Zaur Dəmirovun ünvanına yollandı...

Darvazanı döyənlərin polislər olduğunu görəndə Zaurun sanki damarında qanı dondu. Oğurladığı heyvanları elə indicə yaxın qohumunun tövləsinə salıb qayıtmışdı.
Cinayətin “isti izlər”lə açılmasında əməliyyat aparatının əməkdaşları ilə yanaşı digər xidmət sahələrində çalışan həmkarlarımızın, xüsusiylə xidmət üzrə rəis müavini, polis mayoru Vüsal Əliyevin də işini qeyd etmək yerinə düşərdi.

Geridə qoyduğumuz müddət ərzində cinayətkarlıqla mübarizədə və ictimai asayişin qorunmasından söhbət açan polis polkovnik-leytenantı Fəxrəddin Abbasov da əldə olunan müsbət nəticələrin ayrı-ayrı xidmət sahələrinin qarşılıqlı işinin düzgün təşkil olunması sayəsində mümkün oldugunu bildirdi.
Dedi ki, ötən müddət ərzində ümumi cinayətlərin açılması 87,7- faiz olmuşdur. Adam öldürməyə cəhd, qəsdən sağlamlıga ağır zərər vurma, dələduzluq, xuliqanlıq, iqtisadi fəaliyyət sahəsində, narkotik vasitələrlə bağlı, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, eləcə də ölümlə nəticələnən YNH-nin açılması 100 faiz təmin olunmuşdur. “Xaş-Xaş 2018” şərti adı altında tədbirlər planına əsasən, 2134 ədəd, ümumi çəkisi 1000 kiloqramdan çox yabanı halda bitmiş çətənə kolu aşkar edilərək yandırılmışdır.
DYPB-nin işini xüsusilə qeyd edən şöbə rəisi F.Abbasov dedi ki, əməkdaşları tərəfindən ümumilikdə 5794 inzibati protokol tərtib olunmuşdur ki, bu da keçən 2017-ci il ərzindəkindən 3471 ədəd çoxdur. Bu müddət ərzində 71 sərxoş, 114 sürücülük hüququ olmadan avtonəqliyyatı idarə edən şəxs tərəfimizdən müəyyənləşdirilmişdir.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər