Logotype

1933-cü ildən çıxır

Xəbərlər

13.11.2018

Azadlıq yolu

Müstəqillik mübarizə ilə qazanılır, verilən qurbanlar bahasına əldə edilir. Bu yol əsrlər boyu dəyişmir və bütün dünya xalqları üçün, demək olar ki, eynidir.
Hər bir xalqın taleyində onu müstəqilliyə qovuşduracaq tarixi anlar, əlamətdar günlər olur. Bizim xalq üçün bunlardan biri də Milli Dirçəliş günüdür.

Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi.

1988-ci ilin ilk günlərindən Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində yüz minlərlə soydaşımız öz ata-baba yurdundan kütləvi şəkildə qovuldu, qətlə yetirildi. Dağlıq Qarabağda erməni millətçilərinin xalqımıza qarşı haqsız ərazi iddiaları, Topxana meşəsində törətdikləri vandalizm aktı, Ağdamda həmvətənlərimizin qətlə yetirilməsi Azərbaycanda milli istiqlal hərəkatının alovlanmasına təkan verdi.

Misli görünməmiş bu vandalizmə o vaxtı SSRİ rəhbərliyi - M.Qorbaçov və onun ətrafı göz yumaraq heç bir reaksiya vermirdi. Belə bir vaxtda Azərbaycan xalqı ayağa qalxdı. Noyabrın 17-də paytaxtın baş meydanında Ermənistanın əsassız torpaq iddialarına, SSRİ rəhbərliyinin Dağlıq Qarabağ separatçılarına dolayı yolla dəstək verməsinə, Azərbaycan hakimiyyətinin ərazi bütövlüyünün müdafiəsində göstərdiyi qətiyyətsizliyə, azərbaycanlıların öz doğma torpaqlarından məcburi şəkildə deportasiya edilməsinə etiraz əlaməti olaraq, xalq mitinqə başladı. Hərəkatın alovlandığı bir vaxtda Azərbaycana rəhbərlik edən siyasi qüvvələr mövcud vəziyyəti qiymətləndirə bilmədi. Xalqın maraqlarından çox imperiyanın və şəxsi maraqlarını qoruyan bu adamların siyasi savadsızlığı, dar düşüncəsi sonralar bir çox faciələrə rəvac verdi. Hiyləgər düşmən isə bundan çox məharətlə istifadə etdi: “20 Yanvar” faciəsi baş verdi.

Biri-birini əvəzləyən hakimiyyətlər xalqın dirçəlişini mütərəqqi səmtə yönəltmək iqtidarında deyildi. Bu ağır məqamlarda böyük siyasi təcrübəyə malik olan ulu öndər Heydər Əliyev xalqın istiqlal ruhunu ölməyə qoymadı. Hakimiyyətə gəlişi ilə müstəqilliyin qorunub-saxlanması yolunda xalqa sağlam ruh və özünüdərk gətirən ümummilli liderimiz milli-mənəvi dəyərlərə, xalqın rifah halının yüksəlməsinə, elmin və mədəniyyətin dirçəlişinə xüsusi önəm verdi. Bütün sahələrdə inkişaf və oyanış müşahidə olundu. Azərbaycan əsl dirçəliş, tarixin gerçək müstəqillik dövrünə qədəm qoydu. Bir çox tarixi qərarların qəbulunda ulu öndər Heydər Əliyev şəxsiyyətinin uzaqgörənliyi, parlaq zəkası, aydın təfəkkürü, yenilməz məntiqi öz tarixi missiyasını ləyaqətlə yerinə yetirib, bu sənədlərə öz möhürünü və imzasını əbədi həkk edib.

Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib. Böyük tarixə malik xalqımızın bu bayramı milli həmrəyliyin, demokratiyanın, dövlət müstəqilliyimizin qorunması uğrunda mübarizənin təntənəsidir.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər