Logotype

1933-cü ildən çıxır

Xəbərlər

09.11.2018

İşğalçi ölkənin çöküşü sürətlə davam edir

Mövzuya müraciət etməyimə səbəb möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin düşünülmüş və çox sərrast siyasəti ilə Ermənistanı təcrid və bütün imkanlardan məhrum etməsidir. Maraqlıdır ki, bunu ermənilərin özləri etiraf edirlər. Ermənistan mətbuatı və yerli ekspertlər bəyan edirlər ki, ölkələri regional münasibətlərdə də Azərbaycan Prezidenti tərəfindən iflasa uğradılıb.

Qürurvericidir, deyilmi?

Qarşımda bir kitab var - zati-alilərinin “İnkişaf-məqsədimizdir” çoxcildliyinin növbəti sayı - 71-ci kitab. Vərəqləyirəm. Əxz elədiyim o olur ki, dövlət başçısının bütün səfərlərində, keçirdiyi ən mötəbər görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri diqqət mərkəzində dayanır və mütləq şəkildə müzakirə edilir.

Baxın, ölkə rəhbəri Çin Xalq Respublikasında dövlət səfərində olarkən hazırlanmış reportajda deyilir: “Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev dövlət başçıları tərəfindən imzalanacaq Birgə Bəyannamədə bu problemin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü əsasında həll edilməsinin əksini tapmasının önəmli olduğunu vurğuladı. Dövlətimizin başçısı Çinin münaqişənin Azərbaycanın ərazi bütövlüyü əsasında həllini dəstəklədiyini yüksək qiymətləndirdi, ölkəmizin də “Vahid Çin” prinsipinə dəstək verdiyini dedi.”

Dövlətimizin başçısı Gürcüstan Respublikasında rəsmi səfərdə olarkən onun şərəfinə bu ölkənin Prezidenti adından verilən rəsmi ziyafətdəki çıxışında da bəyan etmişdir ki, işğalçı Ermənistanın beynəlxalq hüquq normalarına, beynəlxalq təşkilatların qərarlarına riayət etməməsinə baxmayaraq, bizim qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişə ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normalarına uyğun həll olunmalıdır.

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini xanım Bridcet Brinkin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdən verilən məlumatda bildirilmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələ ətrafında da geniş fikir mübadiləsi aparılmışdır.

Dövlət başçımızın Azərbaycan Respublikası V çağırış Milli Məclisinin ilk iclasındakı nitqində söylədikləri də diqqətçəkəndir: “Problemlərin arasında birinci məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həll olunmamasıdır. Beynəlxalq hüququn norma və prinsipləri, əlbəttə ki, bizim mövqeyimizi dəstəkləyir. Əlbəttə, tarixi ədalət də bizim tərəfimizdədir. Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Azərbaycan xalqı bu torpaqlarda əsrlər boyu yaşamış, yaratmışdır. Ermənilər Dağlıq Qarabağ ərazisinə XIX əsrdə köçürülüblər. Bu tarixi biz yaxşı bilirik və bütün dünya da bu tarixi bilməlidir. Son illər ərzində aparılan siyasət, o cümlədən deputatlar tərəfindən görülən işlər nəticəsində artıq geniş beynəlxalq ictimaiyyət bilir ki, bu, bizim tarixi torpağımızdır...”.

Elə buradaca İSESKO-nun XII Baş Konfransının və İcraiyyə Şurasının Bakıda keçirilən növbəti iclasında bu təşkilatın baş direktoru Əbdüləziz Osman əl-Tüveycrinin cənab İlham Əliyevə müraciətlə söylədiklərinə nəzər salaq: ”Azərbaycan Respublikası işğal olunmuş Dağlıq Qarabağ ərazilərinin birmənalı olaraq azad edilməsinə nail olacaq və işğal altındakı torpaqlar heç vaxt düşmənə nəsib olmayacaq. Biz bu bəyanatı tərəddüd etmədən veririk. Biz bunu hər zaman etmişik və edəcəyik. Biz bilirik ki, erməni işğalı nəticəsində böyük dağıntılar baş verib. Onlar işğal olunmuş torpaqlarda dini, tarixi, mədəni abidələri dağıdıblar. Buna görə də istərdik ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətlə yanaşılsın. Çunki mütləq xarakterə malik olan 4 qətnamədə erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal çıxarılması tələb edilir. Biz onun tərəfdarıyıq ki, bu torpaqlar tezliklə azad olunsun. Mən bütün regional dövlətlərə üzümü tutub deyirəm... Biz bu işğala son qoymalıyıq, pozulmuş hüquqları bərpa etməliyik. Mən Konfransdan xahiş edərdim bir Bəyannamə, qətnamə qəbul etsin və orada tələb olunsun ki, Ermənistanın silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və ətraf rayonlarından çıxarılsın. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı bəşəriyyətə qarşı cinayətdir. İnsanlar öz yerlərindən didərgin salınıb, qətlə yetirilib, onların hüquqları pozulub. Vaxt artıq çoxdan yetişib. Bu cür cinayətlərin qarşısı alınmalıdır. Azərbaycanın vacib regionu işğaldan azad edilməlidir və ediləcək.”

Qayıdaq cənab İlham Əliyevin Milli Məclisdə dediklərinə: - “Bugünkü Ermənistan süni dövlətdir, tarixi Azərbaycan torpağında yaradılıb. Bir daha demək istəyirəm ki, bu həqiqətləri bütün dünya bilməlidir. Çünki münaqişənin həlli üçün tarixi əsaslar da mühüm rol oynayır. Uzun illər erməni təbliğatı sübut etməyə çalışırdı ki, Dağlıq Qarabağ onların tarixi torpağıdır. Lobbi qrupları vasitəsilə müəyyən dərəcədə ictimai rəyi çaşdıra bilmişdi. Ancaq son illər Azərbaycanın diplomatik səyləri, ictimai təşkilatların fəaliyyəti, dövlət siyasəti, əlbəttə ki, real mənzərəni dünya ictimaiyyətinin diqqətinə çatdırır və çatdıracaq. Azərbaycan xalqı və dövləti heç vaxt imkan verə bilməz ki, Azərbaycan ərazisində ikinci qondarma “erməni dövləti” yaradılsın.”

Baxın, dəyərli oxucular, uğurlu siyasətin nəticəsi göstərir ki, ermənilər nəinki ikinci “erməni dövləti” yaratmaq, heç özlərinin olmayan birinci “erməni dövləti”ni də saxlamaq gücündə deyillər. Ermənistanın “iragir.am” portalı yazır ki, İlham Əliyev Ermənistanı təcrid və bütün imkanlardan məhrum edib. Eyni zamanda bildirilir ki, Yerevan Qərbdən aldığı dəstəklə Rusiya siyasətini yenidən gözdən keçirir. Bu isə Moskvanın mövqeyinə birbaşa təsir edir. Nikol Paşinyan iqtidarı bu xüsusda ABŞ-ın işinə yarayır. Amma bundan sonra Rusiyanın atacağı addımlar və xüsusən Dağlıq Qarabağ məsələsində tutacağı mövqe şübhəsiz ki, Yerevan üçün problemli olacaq. Bir sözlə, Yerevan üçün çox problemli günlər başlayır.

Dövlət başçımızın mükəmməl xarici siyasəti öz bəhrələrini verməkdə ikən, işğalçı ölkənin hansı məssəbə qulluq etdiyini heç özünün də bilmədiyi indiki rəhbəri Avropa ölkələrində dilənməkdədir. Bu yaxınlarda Nikol Paşinyan yalvar-yaxarla Avropadan cəmi 3 milyon avro qopara bilib. Görünən odur ki, Ermənistanın qonşu və region dövlətləri, o cümlədən aparıcı dövlətlər və güc mərkəzləri ilə münasibətləri tamamilə iflasa uğrayıb. Nikol Paşinyanın reallıqdan nəticə çıxarmayacağı təqdirdə ölkənin iflası və özünütəcridi getdikcə dərinləşəcək və işğalçı ölkənin çöküşü daha da sürətlənəcək.
Bizə isə Ali Baş Komandanımıza uğurlar diləməkdən savayı bir şey qalmır.
Qələbə bizim olacaq. Buna heç kimin şübhəsi olmasın.

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər