Logotype

1933-cü ildən çıxır

Xəbərlər

12.11.2018

Daim yüksələn xətt üzrə inkişaf edən Azərbaycan

Müstəqil Azərbaycan ötən dövr ərzində böyük inkişaf yolu keçib. Ulu öndər tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyası cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Aparılan iqtisadi islahatlar nəticəsində ölkədə maliyyə sabitliyi və iqtisadi artım bərpa olunub, bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı, qeyri-neft sənayesi və digər sektorlarda əhəmiyyətli irəliləyiş əldə edilib. Dövlətimizin başçısı tərəfindən ölkədə sahibkarlığa dəstək məqsədilə biznes mühitinin bütün sahələri üzrə əhəmiyyətli irəliləyiş baş verib.

Son illər ölkəmizdə aparılan islahatlar Azərbaycanın dünyanın ən aparıcı hesabatında mövqeyinin kəskin möhkəmlənməsinə şərait yaradıb. Belə ki, Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycan 25-ci yerdə olmaqla MDB ölkələri arasında ən yaxşı göstəriciyə malikdir. Hesabatda Qazaxıstan 28-ci, Rusiya 31-ci, Belarus 37-ci, Moldova 47-ci, Qırğızıstan 70-ci, Ukrayna 71-ci, Özbəkistan 76-cı, qonşu Türkiyə isə 43-cü yerdə qərarlaşıb. Azərbaycan bu kontekstdən MDB ölkələri ilə müqayisədə ən yaxşı göstəriciyə malikdir. Eyni zamanda, Azərbaycan 2017-2018-ci illərdə ən çox islahat aparmış 10 ölkədən biridir və həmin dövrdə aparılan islahatların sayına görə dünyada birinci yerdədir. Azərbaycan 8 islahat aparıb, islahatların sayına görə isə qonşu Türkiyə (7 islahat) ikincidir.

Təsadüfi deyildir ki, Azərbaycan dünyanın iqtisadi cəhətdən dinamik inkişaf edən ölkəsi imicini qazanıb, dünyada maraqla qarşılanan iqtisadi inkişafın Azərbaycan modeli formalaşıb. Yaradılmış makroiqtisadi sabitlik, Azərbaycanın qlobal çağırışlara hazır olması, iqtisadiyyatın davamlı inkişafı və diversifikasiyası, güclü iqtisadi potensial, sistemli islahatlar, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı sayəsində ölkə iqtisadiyyatı 2008-ci ildə başlayan qlobal iqtisadi böhranı, sonrakı dövrlərdə dünya enerji bazarındakı qeyri-sabitlik və digər neqativ iqtisadi prosesləri hazırlıqla qarşılayıb, bütün neqativ təsirləri minimuma endirməyə, qlobal maliyyə-iqtisadi böhran şəraitində belə, bir sıra ölkələrdən fərqli olaraq, sosial-iqtisadi inkişafa nail ola bilib.

Statistik göstəricilər Azərbaycan iqtisadiyyatının inkişafını və dayanıqlığını bir daha təsdiq edir. Belə ki, 2004-2017-ci illərdə ümumi daxili məhsul istehsalı real ifadədə 3,2 dəfə, o cümlədən qeyri-neft ÜDM 2,8 dəfə, sənaye məhsulu istehsalı 2,6 dəfə, o cümlədən qeyri-neft sənayesi 2,2 dəfə, əsas kapitala yönəldilmiş vəsaitlər 3 dəfə, o cümlədən tikinti-quraşdırma işləri 4,9 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 1,7 dəfə, yükdaşımalar 2,1 dəfə, informasiya və rabitə xidmətləri 11,2 dəfə, pərakəndə ticarət dövriyyəsi 3,8 dəfə artıb. Bu dövrdə dövlət büdcəsinin gəlirləri 13,5 dəfə artıb. 2004-cü ildən 2018-ci ilin oktyabr ayının 1-dək ölkənin strateji valyuta ehtiyatları 28 dəfə artaraq 45 milyard ABŞ dollarını ötüb.
Möhtərəm Prezidentimizin rəhbərliyi ilə görülmüş genişmiqyaslı, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır.

Ölkə başçısının "Azərbaycanın gələcək inkişafı sənayenin inkişafı ilə bağlı olmalıdır” strateji xəttinə uyğun olaraq, həyata keçirilən sənayeləşmə siyasəti nəticəsində yüzlərlə müasir sənaye müəssisəsi, yeni sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixracın həcmi yüksəlib. Ötən müddət ərzində Azərbaycan üçün ənənəvi olan sənaye sahələri genişlənməklə yanaşı, yeni sənaye sahələri də yaradılıb. Belə ki, 2013-cü ildə ilk süni peykini orbitə çıxararaq dünya kosmos ailəsinin üzvünə çevrilən Azərbaycan bu yaxınlarda sayca 3-cü peykini - "Azərspace-2”ni orbitə buraxıb. Alternativ və bərpa olunan enerji sahəsinə diqqətin artırılması və bu sahədə bir sıra müəssisələrin işə düşməsi ilə artıq Bakının işıqlandırılmasında günəş panellərindən və külək generatorlarından istifadə olunur. Müasir texnologiyalara əsaslanan gəmiqayırma zavodunun fəaliyyətə başlaması ilə yeni sənaye sahəsi yaradılıb. Ölkədə təkrar istehsalın təşkili məqsədilə Balaxanı Sənaye Parkı fəaliyyətə başlayıb. İstehsal gücünə görə Şərqi Avropada və MDB məkanında bu tipli ən iri müəssisə olan və Avropa İttifaqının ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verən Bərk Məişət Tullantılarının Yandırılması Zavodu ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılmasına və ətraf mühitə mənfi təsirlərin azaldılmasına xidmət etməklə yanaşı, həm də tullantıları enerjiyə çevirir.

Ölkədə qeyri-ənənəvi sənaye sahələri ilə yanaşı, Azərbaycan xalqının milli mədəniyyətinin tarixində özünəməxsus yer tutan xalçaçılıq, ipəkçilik və digər ənənəvi sənaye sahələrinin inkişafına böyük diqqət göstərilir. Hazırda xalçaçılığın və ipəkçiliyin inkişafına dair dövlət proqramları uğurla icra olunur. Dövlət başçısının tapşırığına uyğun olaraq, xalçaçılığın inkişafı məqsədilə 11 rayonda xalça emalatxanası istifadəyə verilib, daha 10 emalatxananın, 5 yun və boyaq maddələrinin qəbulu məntəqəsinin və Sumqayıt Kimya Sənaye Parkında Yunəyirici Boyaq Fabrikinin tikintisi davam etdirilir. 2019-cu ildə daha 9 xalça emalatxanasının, 3 yun və boyaq maddələrinin qəbulu məntəqəsinin tikintisi həyata keçiriləcək ki, bununla da emalatxanaların sayı 30-a, məntəqələrin sayı 8-ə çatdırılacaq.

Azərbaycanda qeyri-neft sektorunun innovativ və yüksək texnologiyalara əsaslanan inkişafını təmin etmək, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq, eləcə də regionlarda kənd təsərrüfatı ilə yanaşı, sənaye sahəsində çalışmaq istəyənlərin maraqlarının təmin edilməsi məqsədilə sənaye parkları və məhəllələri yaradılır. Artıq Azərbaycanda kimya, təkrar emal, gəmiqayırma, yüksək texnologiyalar, yüngül sənaye, əczaçılıq sahələrində ixtisaslaşmış sənaye və texnologiyalar parkları fəaliyyət göstərir. Bu sənaye parklarının 40-dan çox rezidenti var və onlar tərəfindən indiyədək 2,7 milyard ABŞ dollarından çox investisiya yatırılıb. Növbəti mərhələdə 1 milyard dollaradək investisiya qoyuluşu və 7000-dək yeni iş yerinin açılması nəzərdə tutulub.

Bütün bunlar ölkə rəhbərliyi tərəfindən həyata keçirilən siyasətin xalq tərəfindən tam dəstəklənməsi də mühüm rol oynamaqdadır. Ölkəmizdə xalqla iqtidar arasında sarsılmaz bir birlik formalaşıb. Beləliklə, qeyd edilənlər bir daha göstərir ki, Azərbaycanda ölkə rəhbərliyinə xalqın etimadı yüksəkdir və o daim yüksələn xətt üzrə inkişaf edir. Məhz bu amil də Azərbaycanın daha güclü, sürətlə inkişaf etməkdə olan sabit bir dövlətə çevrilməsində mühüm rol oynayan əsas məqamlardan biridir.


Geriyə Çap et


Faydalı keçidlər
Linklər