Logotype

1933-cü ildən çıxır

Xəbərlər

01.10.2018

Qədim mədəniyyət mərkəzi olan Naxçıvandakı müasir inkişaf əsl yurdsevərlik nümunəsidir

Bu müsahibə Naxçıvan Muxtar Respublikasında çıxan «Şərq qapısı» qəzetinin 20 sentyabr 2018-ci il tarixli sayında dərc olunub. Yazıda, qeyd olunduğu kimi, həqiqətən də Rahib Qarayevin «Mübariz keşikdə»nin əməkdaşı olaraq Naxçıvana hər səfəri yaddaqalan yazılar və fotoşəkillərlə, yeni mövzularla nəticələnirdi.

Aradan illər keçsə də yenə də Naxçıvanda, bu dəfə «Şərq qapısı»nda qonağıq…
Rahib Qarayev 1960-cı ildə Laçın rayonunda doğulub, orada orta təhsil alıb.
Bakı Orta Xüsusi Milis Məktəbini, həmin məktəbin bazasında yaradılmış Polis Akademiyasını bitirib. 1984-cü ildən daxili işlər orqanlarına xidmətə qəbul edilib. 1993-cü ildən 2006-cı ilədək həm də nazirliyin “Mübariz keşikdə” qəzetində müxbir və bölmə rəisi kimi fəaliyyət göstərib. Rahib Qarayev müxbir kimi Naxçıvanda polisinin fəaliyyətindən yazı hazırlamaq üçün ilk dəfə 1994-cü ildə bu qədim diyara gəlib. Hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin idarə rəisi vəzifəsində çalışır, polis polkovnikidir. Yüksək dövlət təltiflərinə layiq görülüb. İllərdir ki, məzuniyyətinin bir neçə gününü Naxçıvanda keçirir.

Onunla redaksiyamızda həmsöhbət olduq. Naxçıvana ilk gəlişindən bu günə
qədər burada gedən prosesləri, qədim oğuz yurdunun nail olduğu inkişaf və tərəqqini daim
izlədiyini bildirdi, bir Azərbaycan vətəndaşı kimi gördüklərindən böyük qürur hissi keçirdiyini
dilə gətirdi:

– Səmimi deyim ki, buraya gələndə özümü evimdəki kimi hiss edirəm. Elə bil ki, burada doğulmuşam, burada böyüyüb təhsil almışam, burada da işləyirəm. Belə olmasaydı, hər il ailəmlə bu qədim diyara gəlməzdim. Naxçıvanın bu gününü görəndə bu məkana ilk dəfə gəlməyimi xatırlayıram. Ucqar əyalətdən seçilməyən paytaxt şəhəri, fasilələrlə yanan işıq, istiliksiz evlər, tozlu-torpaqlı küçələr... Kənd yaşayış məntəqələri, rayon mərkəzləri bundan da bərbad vəziyyətdə. Bu mənzərələri bugünkü uşaqlara danışsan, yəqin ki, inanmazlar. Lakin Naxçıvan bütün çətinliklərə dözüb və bugünkü xoş və firavan günlərə sahib olub. Onu bu günlərə sahib edən isə ümummilli liderimiz Heydər Əliyev və dahi şəxsiyyətin siyasətini böyük sevgi və ehtiramla davam etdirənlərdir. Naxçıvandan başlanan bu siyasət ölkəni bütünlükdə əhatə edib. Qurmaq, yaratmaq siyasəti buradan başlayaraq Azərbaycanın hər yerinə gedib çıxıb. Yeri gəlmişkən onu da deyim ki, Naxçıvana bu gəlişimdə həyat yoldaşım və nəvəmlə birgə hava limanından birbaşa ulu öndərin şəhərin baş meydanında ucalan abidəsi önünə getdik. Axı bu gün nəvəm, onun yaşıdları bilməlidirlər ki, belə firavan həyatı bizə məhz ulu öndər Heydər Əliyev bəxş edib.

– Bu gəlişinizdə gördüklərinizin sizdə yaratdığı yeni təəssüratlar da, yəqin ki, maraqlıdır...
– Onu deyim ki, Naxçıvan günbəgün, ilbəil deyil, saatbasaat dəyişir, gözəlləşir, müasirləşir. Bütün bunlar sizin gözlərinizin qarşısında baş verdiyi üçün, bəlkə də, fərqinə varmırsınız və ikinci tərəfdən, bu yeniləşmə Naxçıvanda 20 ildən artıqdır ki, davam edir. Mən ötən il gördüklərimlə bu il arasında, lap 5-10 il bundan əvvəlki fərqi ilk baxışda hiss edirəm.
Görülən quruculuq tədbirlərində müasir arxitektura üslublarından istifadə, qədimliklə yeniliyin vəhdətdə götürülməsi, görülən işlərdə keyfiyyət amilinə ciddi diqqət yetirilməsi isə naxçıvanlıların doğma yurd yerlərinə bağlılıqları ilə yanaşı, həm də Naxçıvanı daha gözəl görmək istəyinin ifadəsidir. Alqışlanmalı istəkdir, təbii ki, mən də hər kəs kimi bunu təqdir edirəm. Bu gəlişimdə də bir çox yeniliklərin şahidi oldum. Yeni tikilən binalar, mövcud obyektlərin yenidən qurulması Naxçıvanda insan amilinin ön planda dayanmasını göstərir. Naxçıvanlılar da bunu görür, layiqincə dəyərləndirirlər. Bir ziyalı dostumun doğma yurd yerinin bu günündən necə qürurla danışdığını əsl yurdsevərlik kimi qiymətləndirmək olar.
Naxçıvanda ənənəyə çevrilən və örnək olan işlərdən biri də bu yurd yerində yaşıllıqlar və gülkarlıqlar salınmasının, ilboyu onlara qulluq göstərilməsinin vətəndaşlıq vəzifəsinə çevrilməsidir. Mən əvvəlki gəlişlərimdə də muxtar respublikanın bütün rayonlarında və bəzi kəndlərində olmuşam. Bu tədbirlərin həmin ünvanlarda da həyata keçirilməsini görmüşəm.

– Budəfəki gəlişinizdə haralarda oldunuz?
– Naxçıvanı “açıq səma altında muzey” adlandıranlar bu qədim yurd yerinə çox dəqiq qiymət veriblər. Qədim diyarın elə bir bölgəsi yoxdur ki, orada insanı ilk baxışdan cəlb edən, qəlbinə hərarət gətirən belə abidələrə rast gəlməyəsən. Son illərdə Naxçıvanda təbiət abidələrinin mühafizəsi istiqamətində görülən tədbirlər, tarixi abidələrin ilkinliyini qorumaqla onların təmir-bərpası buraya qonaq gələnlərə də xoş təsir bağışlayır. Bu tarixi abidələrdə təkcə muxtar diyarın deyil, ümumilikdə, Azərbaycanın şanlı keçmişi yaşayır. Onlara yeni həyat bəxş etmək tarixi yaşatmaq deməkdir. Tarixi yaşatmaq isə xalqı, dövləti yaşatmaqdır, ulu babalarımızın ruhuna böyük sevgi və ehtiramdır. Naxçıvanda bu iş elə böyük sevgi və ehtiramla da həyata keçirilir. Sualınızdan uzaq düşmədən deyim ki, ulu öndərin abidəsini ziyarət etdikdən sonra, ilk olaraq üz tutduq ən müqəddəs məkan olan Əshabi-Kəhfə. Burada bir neçə dəfə olsam da, elə bil ilk dəfə idi ki, gəlirdim. Bu da ziyarətgahın sirli-sehirli, möcüzəli bir məkan olduğunun sübutudur. Ziyarətgahda yaradılmış şərait son dərəcə yüksəkdir. Dünyanın hər yerindən üz tutulan bu ünvanda insan daxilən təmizlənir, özünü başqa bir dünyada hiss edir, bu dünya Tanrı dərgahına aparır insanı. Həmin gün ziyarətgahda yenə də qələbəlik idi. Orada yaşadığım hisslər hələ məni tərk etməyib, yəqin ki, uzun müddət də tərk etməyəcək. Əshabi-Kəhfdən yolumuzu Əlincəqalaya salmaq istədik. Buna da şərait yaradıldı. Burada bir daha inandım ki, 14 il Əmir Teymurun qoşunlarına tabe olmayan insanlar elə naxçıvanlılar ola bilərdi. Elə qalanın bügünkü səviyyəyə gətirilməsi də dediklərimi sübut edir. Burada bir də onu düşündüm ki, bu, torpağa, yurda bağlılığın, onun dünəninə ehtiramın, sabahına cavabdehliyin ifadəsidir. Əgər bu varsa, hər şeyə nail olmaq mümkündür. Culfa rayonuna getmişkən Gülüstan kəndindəki abidəni də ziyarət etməyi qərara aldıq. Əlincəqalada yaşadığım hissləri burada yenidən yaşadım. Bu hisslərimi Batabat yaylağı daha da zənginləşdirdi. Möcüzəli “Üzən ada”nı seyr etdikcə Naxçıvan torpağının müqəddəsliyini bir daha təsdiqlədim. Bu görüntülərdə daha bir hiss yaşadım: naxçıvanlılar xoşbəxtdirlər. Bir də onu deyim ki, Batabatdan baxanda Laçının dağları görünür...

– Rahib müəllim, Naxçıvanın 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi də məhz sizin qeyd etdiklərinizlə yanaşı, həm də digər mühüm amillərlə bağlıdır...
– Söhbətimizin əvvəlində də söylədiyim kimi, mən hər il Naxçıvana gəlirəm. Burada gedən prosesləri görürəm. Bəli, İslam Mədəniy¬yətinin Paytaxtı statusunu daşımaq üçün Naxçıvanda tələb olunan bütün amillər var. Birincisi, Naxçıvan qədim mədəniyyət mərkəzidir. Bu gün həm də dünyanın ən müasir şəhərləri ¬sırasındadır. Görkəmli dövlət xadimi Heydər Əliyev kimi siyasətçinin, Mirzə Cəlil, Hüseyn Cavid kimi ədəbiyyat korifeylərinin, Bəhruz Kəngərli kimi realist rəssamın, Ramiz Mirişli, Nəriman Məmmədov kimi tanınmış bəstəkarların, onlarla akademikin boya-başa çatdıqları Naxçıvan bu gün yüksək səviyyəli elmi konfransların, beynəlxalq idman yarışlarının keçirildiyi bir məkandır. Bəşəriyyətin ikinci atası Nuh Peyğəmbər bu diyarda yer üzünə çıxıb. Bayaq söhbət etdiyimiz Əshabi-Kəhfin adı müqəddəs kitabımız “Qurani-Kərim”də çəkilir. Bunlar İslam Mədəniyyətinin Paytaxtı statusunu almaq üçün Naxçıvanda tələb olunan amillərin kiçik bir qismidir. Naxçıvanda multikultur ənənələr qorunub saxlanılır, bu ənənələr müasir müstəvidə daha da inkişaf etdirilir.
Naxçıvanlılar qonaqpərvərdirlər, mehribandırlar, səmimidirlər. Onların bu yüksək və müsbət insani keyfiyyətləri qarşısında baş əyirəm.
Ölkəmizdə müstəqilliyin ilk addımları məhz Naxçıvanda atılıb, demokratik proseslərə buradan start verilib. Düşünürəm ki, Laçın, Zəngilan, Qubadlı və digər torpaqlarımız işğal olundu, ancaq Azərbaycan yaşadı və yaşayır. Həmin torpaqlar gec-tez sülh və ya digər yolla alınacaq. Naxçıvan bu taleyi yaşasaydı, bu gün Azərbaycanın varlığından danışa bilməzdik. Bu, mənim subyektiv fikrimdir, kimsə razılaşmaya bilər, bu, onun şəxsi işidir. Bir qədər geriyə boylansaq, bayaq da dediyim kimi, Əlincəqala 14 il mühasirədə qalsa da, dünyanın ən məşhur sərkərdəsinə baş əymədi. Vətəni hər şeydən uca tutanlar əsl qəhrəmanlardır. Bu gün Naxçıvanda Əmir Teymura baş əyməyənlərin övladları yaşayır. Mən bunu da həmin amillər sırasında hesab edirəm. Mühüm amillərdən biri də Naxçıvanda sağlam cəmiyyətin, asayişin bərqərar olmasıdır. Burada yüksək mənəviyyatlı gənc nəslin formalaşması, onların zərərli vərdişlərdən uzaqlaşdırılması, milli və mənəvi, dini dəyərlər ruhunda tərbiyə olunması istiqamətində bir sıra əhəmiyyətli işlər görülüb.
– Naxçıvandan hansı təəssüratlarla ¬ayrılırsınız?
– Buraya hər gəlişimdə təəssüratlarım bir qədər də zənginləşir. Çünki Naxçıvan durmadan inkişafdadır. Bunu hər addımda görmək olar. Təbii ki, bu da hər bir vətəndaşda böyük ruh yüksəkliyi yaradır. Arzu edirəm ki, bu hiss naxçıvanlıları heç vaxt tərk etməsin.
– Müsahibə üçün sağ olun.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər