Logotype

1933-cü ildən çıxır

Xəbərlər

15.05.2018

Ulu Öndərin Xatirəsinə Həsr Olunan Yarişlar Keçirilib

Qədirbilən xalqımız hər il mayın 10-da müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin doğum gününü ölkəmizdə və xaricdə böyük ehtiramla, təntənə ilə qeyd edir. Bununla əlaqədar dünyanın əksər ölkələrində tədbirlər keçirilir.

Ulu öndərin anadan olmasının 95-ci ildönümü münasibətilə DİN İdman Cəmiyyətində yeniyetmə və gənclər arasında açıq birinciliklər keçirilməsi də son illərin ən gözəl ənənələrindəndir.

Mayın 4-də yarışların açılış mərasimində çıxış edən DİN İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftaxetdinova Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin öz xalqının müqəddəratını tənəzzüldən inkişafa doğru dəyişən, bu istiqamətdə müdrik siyasi kursu, zəngin dövlətçilik təcrübəsi, yorulmaz fəaliyyəti ilə tarixin ən şərəfli səhifələrini yazan görkəmli şəxsiyyətlər sırasında əbədi yer tutduğunu vurğulayıb. Sədr müstəqil Azərbaycan dövlətinin qurulması və uzunmüddətli inkişaf yoluna səfərbər olması üçün ulu öndərimizin misilsiz xidmətlərindən danışıb.

Daha sonra çıxış edən İdman Cəmiyyətinin sədr müavini, polis polkovniki Elçin Rüstəmov parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qalan dövlətçiliyimizin xilas edilməsində ulu öndərimizin fəaliyyətindən danışaraq, hüquq-mühafizə orqanları əməkdaşlarının öz dahi rəhbərinə sədaqətindən bəhs edib.

Daha sonra bədii gimnastika və çerlidinq üzrə yarışa start verilib.

Yarışda iştirak edən yeniyetmə və gənc gimnastlar öz bacarıqlarını nümayiş etdirib, böyük ustalıqla ən çətin hərəkətləri yerinə yetiriblər. Yekuna görə bu yarışlarda Bakı çempionatının gümüş medalını qazanmış DİN İdman Cəmiyyətinin yetirmələri ən yaxşı nəticəni göstəriblər.

Komandamızı bu yarışa Azərbaycan Çerlidinq Federasiyasının Prezidenti, əməkdar məşqçi, idman ustası Alla Vlasova hazırlayıb.

Silsilə tədbirlər çərçivəsində mayın 5-də keçirilən boks yarışında ümumilikdə 5 komandanı təmsil edən 120-yə yaxın idmançı qələbə uğrunda mübarizə aparıb.

Komanda birinciliyində ilk üçlükdə  DİN İdman Cəmiyyəti, Sumqayıt və Lənkəran şəhərlərinin idmançıları qərarlaşıblar.

Yarışı əməkdar məşqçi Yadigar Məmmədov idarə edib.

Mayın 6-da isə cüdo üzrə yeniyetmələr və gənclər arasında növbəti birincilik keçirilib.

Birincilikdə 3 yaş qrupunda müxtəlif çəki dərəcələri üzrə 140-a yaxın idmançı öz  gücünü sınayıb.

DİN İdman Cəmiyyətinin cüdo bölməsinin baş məşqçisi Zaur Kərimovun yetirmələri yüksək fiziki və texniki bacarıq nümayiş etdirib.

Yarışları Z.Kərimov, E.Bağırov və E.Məmmədov idarə ediblər.

 

Bu sırada mayın 9-da ciu-citsu üzrə yeniyetmələr və gənclər arasında növbəti birincilik keçirilib.

Birincilikdə 4 komandadan müxtəlif çəki dərəcələri üzrə 80-ə yaxın idmançı öz  gücünü sınayıb.

Cəmiyyətin İdman təlimi şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlyas Siracov  bildirdi ki, tarix boyu insanlarda vətənə məhəbbət, milli qürur hissləri, xeyirxahlıq aşılayan idman güclü təsir imkanına malik olmaqla dövlətin hərtərəfli inkişafında, dünya miqyasında tanınmasında mühüm rol oynayan təbliğati-siyasi vasitədir. İdman və bədən tərbiyəsi müasir dünyamızda fiziki və mənəvi tərbiyənin mühüm vasitələrindən biri hesab olunur.

Qeyd hlundu  ki, ulu öndərimizin yubileyinə həsr olunmuş bu yarışlarda iştirak edən  yeniyetmə və gənclər gələcəkdə də sağlam idman ənənələrinə sadiq qalmalı, dövlətimizi, vətənimizi layiqincə təmsil etməlidirlər.

İ.Siracov bu tədbirlərin həm də idmanın kütləviliyinin artırılması, gənclər arasında sağlam həyat tərzinin təbliği yönündə aparılan fəal dövlət siyasətinə dəstək məqsədi daşıdığını vurğulayıb.

Sonda qaliblərə kubok, diplom və medallar təqdim olunub.

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər