26.03.2024
“Detektiv” çiçək tozları
Çiçəkli bitkilər çiçək tozu vasitəsilə çoxalır. Çiçək tozu təkcə rənginə görə deyil, həm də formasına, ölçüsünə, qoxusuna və görünüşünə görə bir-birindən fərqlənir. Bu xüsusiyyətləri sayəsində çiçək tozu insanların sanki barmaq izlərinə bənzəyir...
Qəribə, amma həqiqətdir...
Sən demə, tozcuqlar cinayət hadisələrinin harada və nə vaxt baş verdiyini açmağa kömək edirmiş. Elm inkişaf etdikcə təbiətin daha bir möcüzəsi hadisələri “yaddaşında saxlama qabiliyyəti” də üzə çıxmış və təcrübədə sınaqdan keçmişdir. Kriminal ekspertlərin fikrincə, çiçək tozu yalnız yaz mövsümündə ətrafda uçan hissəciklər deyil, həm də...
Məhkəmə palinologiyasından (tozcuqşünaslıqdan) istifadə etməklə cinayəti törədən şəxs, hadisə yeri, zərərçəkmiş şəxs və hadisənin baş vermə vaxtını dəqiqləşdirərək, hadisə yerində qalan dəlil ilə cinayəti törədən şəxs arasında əlaqəni tapmaq, cinayəti sübut etmək, qurbanın dediklərini yoxlamaq, şübhəlilərin sayını bilmək, polisə düzgün istiqamətdə araşdırma aparmağa kömək etmək, müxtəlif dələduzluq cinayətlərinə işıq salmaq, hətta narkotiklərin keçdiyi marşrutu müəyyən etmək mümkündür.
Demək olar ki, hər yerdə rast gəlinən və adi gözlə görülməyən bu tozcuqlar hadisə yerindəki insanları və materialları “çirkləndirmiş ola bilər”. Məhkəmə palinoloqları meyitdən və ya cinayət yerindən götürülmüş tozcuq nümunələri ilə onların təbii olaraq tapıldığı yer, vaxt, şübhəli şəxslər və şübhəli əşyalarla hadisə yeri arasında əlaqə yaratmağa çalışırlar.
Məsələn, meyitin üzərindəki palçıq ekspert-palinoloqlar tərəfindən yoxlanılır və onun içindəki tozcuq aşkarlanır. Bununla da qətlin törədildiyi yerin bitki örtüyü ilə bağlı məlumat əldə edilir. Bir bölgədə görülən bir ağac növündən təbiətə buraxılan tozcuqların o bölgədən tamamilə fərqli bir bölgədəki cəsədin üzərində olması, mərhumun öldürülərək başqa yerə daşındığını mütəxəssislərə çatdırır.
İzsiz cinayət olmur
Hər bir cinayətkar özü də bilmədən ya hadisə yerindən nəsə götürür, ya da orda özündən sonra “iz” qoyur. Yəni təbiət də hər şeyə öz dili ilə şahidlik edə bilir. Hadisə yerindən əldə edilən sübutlar cinayətin açılmasında çox mühüm rol oynayır. Bu məqamda “detektiv çiçək tozu” cinayətkarların kabusuna çevrilir. Bitkilərin “barmaq izi” olan çiçək tozcuqları adi gözlə görünməsə də, törədilən cinayətlərin açılmasında əvəzsizdir. Çiçək tozu şübhəli şəxsin və ya qurbanın paltarlarında, saçlarında, qulaqlarında və tənəffüs yollarında iz buraxır.
Oğurluq tozcuqlar sayəsində açılıb
Çiçək tozu ilk dəfə 1959-cu ildə İsveç və Avstriyada iki ayrı işdə sübut kimi istifadə edilib, hətta məhkəmə tərəfindən rəsmi olaraq qeydə alınıb. Türkiyədə palinoloji tapıntılar ilk dəfə 2006-cı ildə oğurluq işinin açılmasında məhkəmədə sübut kimi əhəmiyyətli rol oynayıb.
Bursanın Gemlik mahalına bağlı kəndlərdən birində tövlədən 3 baş qoyun oğurlayan şübhəlilər tozcuqların “ifadələri” sayəsində yaxalanıb. Detektivlər şübhəlinin avtomobilindən götürdükləri tozcuq nümunələrini hadisə yerindən götürdükləri nümunələrlə müqayisə etdikdə onun deyəcək heç bir sözü qalmayıb.
Təbii ki, tozcuq və digər dəlillər cinayət törədildikdən sonra cinayətkarları tutmaq üçün faydalıdır, lakin daha önəmlisi cinayətin törədilməsinin qarşısını almaqdır.
Hazırladı: Aytən Tahirova