Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

01.03.2024

Döyüşə oğullar gedir

Vətən müharibəsinə qədər olan dönəm ərzində Qarabağ probleminin çözülməsi, Qafqazın sülh evinə çevrilməsi üçün gedən diplomatik sferalarda dəmir yumruğumuz düşməni və onun sığındığı gücləri darmadağın etmişdi.

Tarixi faktlar qarşısında matı-qutu quruyanlar növbəti taktiki gedişlərini etməkdə aciz idilər. Regionda Azərbaycanın nüfuzunun yüksələn xətlə inkişafı, qüvvələr balansının xeyrimizə dəyişməsi vəziyyəti nəzarətimizdə saxlamağa imkan verirdi. Bütün bunları görməzlikdən gələn düşmən tarixi bir səhvə imza atdı. “Yeni müharibə, yeni torpaqlar” ideyası onun məhvini tezləşdirdi. Beləliklə, 27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı Ali Baş Komandan Prezident İlham Əliyevin hücum əmri ilə arzusunu gerçəkləşdirdi. Torpaqlarımızın işğaldan azad olunması cəmi 44 gün çəkdi. Şuşanın işğaldan azad olunması isə dünyanın hərb tarixində az-az rastlanan hallardan idi.

Tarixi qələbəyə imza atmaqla şəhid oğulların ruhunu sevindirdik, dünyaya sübut etdik ki, Qarabağ Azərbaycandır!
Qələbə sevincini bizə yaşadan qəhrəman oğullardan biri də Əliyev Rəşid Rövşən oğludur.

O, 1999-cu il noyabrın 23-də Bakıda doğulub. Binəqədi rayonunda yerləşən 135 nömrəli tam orta məktəbdə təhsilini başa vurduqdan sonra 2017-ci ildə Naxçıvan Muxtar Respublikasına hərbi xidmətə yollanıb.
Düşmənlə ilk döyüşü Cəbrayılda olub. Sonra Qubadlı rayonunun azad edilməsi uğrunda gedən döyüşlərdə də iştirak edib.

Rəşid deyir ki, bu gün ona görə qürurludur ki, şəhidlərimizin qisasını almaq, torpaqlarımızı işğaldan azad etmək ona da nəsib olub.
R.Əliyev daxili işlər orqanlarının sıralarına qatılmaq üçün müraciət edib. Müraciətinə müsbət cavab verilib. 2021-ci ildən Səbail RPİ-nin Post-Patrul Xidməti Bölüyündə xidmət edir. Polis serjantıdır.
O, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Ruhiyyə Əliyeva
polis kapitanı





Çap et  Çap et