02.06.2023
Beynəlxalq təcrübə öyrənilir
Bu günlərdə Özbəkistan Respublikası DİN-in Polis Akademiyasında “Məhkəmə ekspertizası sahəsinin müasir təhdidlərə uyğunluğu və qabaqcıl nailiyyətlərə əsaslanan inkişaf perspektivləri” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.
Konfransda Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin rəis müavini, polis baş leytenantı Fikrət Əliyev, həmin İdarənin şöbə rəisi, polis polkovniki Ağasadıq Əliyev və Polis Akademiyasının Kriminalistika kafedrasının rəisi, polis polkovnik-leytenantı Orxan Yaqublu iştirak ediblər.
Tədbirə Belarus Respublikası Dövlət Məhkəmə Ekspertizası Komitəsinin, Qazaxıstan Respublikası DİN-in M.Bukenbayev adına Aktobe hüquq institutunun, Qazaxıstan Respublikası DİN-in Əməliyyat və Məhkəmə Ekspertizası İdarəsinin, Rusiya Federasiyası DİN-in Kriminalistika və Məhkəmə Ekspertizası Mərkəzinin, Qırğızıstan Respublikası Daxili İşlər Nazirliyinin, BƏƏ-nin və Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyinin və bir sıra beynəlxalq təşkilatlarının nümayəndələri də qatılıb.
Konfransı giriş sözü ilə açan Özbəkistan Respublikası DİN-in İnformasiya texnologiyaları üzrə nazir müavini daxili işlər orqanlarının fəaliyyətində müasir kriminalistikanın önəminə diqqət çəkib, cinayətkarlığa qarşı mübarizənin aparılmasında məhkəmə ekspertizasının rolundan və imkanlarından danışıb.
Sonra qonaqlar Özbəkistan Respublikası DİN-in Polis Akademiyasının tədris auditoriyaları, kriminalistik labarotoriyalar və xüsusi vasitələrlə tanış olublar.
Konfrans iştirakçıları Səmərqənd vilayəti Daxili İşlər İdarəsinin Təhlükəsizlik Mərkəzində biometrik eyniləşdirmə, süni intellekt və məlumatların rəqəmsal axtarış sistemi ilə tanış olub, həmçinin hadisə yerinə baxış və maddi sübutların aşkar edilməsi, keyfiyyətli toplanılması üzrə istintaq-əməliyyat qrupları üçün təlimdə iştirak ediblər.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ulu öndər Heydər Əliyevin Daşkənddəki abidəsini ziyarət edib, “Azərbaycan Mədəniyyət Evi”nə baş çəkiblər.