Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

25.05.2023

Əməkdaşımız erməni təxribatından danışıb

Futbolun Mühafizəsi və Təhlükəsizliyi üzrə Avropa Ekspertlər Qrupunun Stokholm şəhərində növbəti iclası keçirilib. İclasa Milli Futbol Məlumat Məntəqəsində Daxili İşlər Nazirliyinin əlaqələndirici zabiti – Beynəlxalq Əməkdaşlıq İdarəsinin baş inspektor-tərcüməçisi, polis mayoru Vaqif Əzizov qatılıb.

Tədbirdə açılış nitqi ilə çıxış edən Avropa İttifaqının Futbol Təhlükəsizliyi üzrə Ekspertlər Qrupunun sədri Adrian Dinka Almaniyada təşkili planlaşdırılan AVRO-2024 çempionatı ərəfəsində görülən işlərlə bağlı ötən ilin hesabatını və təhlükəsizlik tədbirlərinin prezentasiyasını edib.

Daha sonra Şimali Makedoniya, Latviya, Yunanıstan və Finlandiyanın Milli Futbol Məlumat məntəqələrinin yeni təyin olunmuş əlaqələndirici zabitləri iştirakçılara tanıdılıb.

“Beynəlxalq Əməkdaşlıq” İşçi Qrupunun üzvlərinin iştirakı ilə keçirilmiş dəyirmi masada polis mayoru Vaqif Əzizov iştirakçıların diqqətini vacib faktlara çəkib. O, xüsusən Ermənistanda keçirilmiş ağır atletika üzrə Avropa Çempionatında Azərbaycan bayrağının yandırılması barədə danışıb. Bu cür insidentlərin idman tədbirləri zamanı törədildiyinin təəssüf doğurduğunu və daha əvvəllər beynəlxalq futbol yarışlarında Azərbaycanı təmsil edən “Qarabağ” futbol klubuna qarşı müxtəlif təxribatların törədilməsini nəzərə alaraq, qarşıdan gələn oyunlarda müvafiq təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Eyni zamanda, idman tədbirlərində Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş təxribat xarakterli banner və bayraqların nümayiş olunmasının qarşısının alınmasının vacibliyini vurğulayıb.

Monitorinq İşçi Qrupunun təşəbbüsü ilə keçirilmiş müzakirələrdə qarşıdan gələn futbol oyunlarından bəhs edilib. Mayın 31-də Budapeşt şəhərində UEFA Avropa Liqasının, iyunun 10-da isə İstanbul şəhərində keçiriləcək futbol üzrə UEFA Çempionlar Liqasının finalları ilə əlaqədar əlaqələndirici zabitlər çıxış ediblər. Həmçinin, Avstraliya və Yeni Zellandiyada keçirləcək FIFA Qadınlararası Dünya Kuboku və turnir çərçivəsində iki ölkənin hüquq mühafizə orqanları tərəfindən təşkil ediləcək təhlükəsizlik tədbirləri barədə məruzələr dinlənilib, 2026-cı ildə ABŞ, Kanada və Meksikada baş tutacaq futbol üzrə Dünya Çempionatı barədə və adıçəkilən ölkələrin hüquq mühafizə orqanları ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Rəşad Mehtiyev

 





Çap et  Çap et