Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

07.03.2023

Prezident təqaüdçüsü yazır: "Bizi kim qoruyur?"

“Bizi kim qoruyur?” sualına yəqin ki, hamımız birmənalı olaraq doğmalarımız, - deyərik. Bəs, bu doğmalar tək valideynlərimiz, ailəmiz, qohumlarımızdırmı?
Məktəbdə işlədiyim dövrdə polis əməkdaşlarının məktəbə gəlməyini, şagirdlərlə maarifləndirici söhbət aparmağını və mövzu ilə əlaqədar fikir mübadiləsi etməyini çox müşahidə etmişəm. Biz tədbirdən əvvəl şagirdlərə “polis bizi qoruyur”,- deyirdik. Biz deyirdik, gələn polislər isə öz əməlləri, davranışları ilə onu göstərirdilər.

Danışmaq xəstəni türkəçarə yolu ilə müalicə etmək kimi bir şeydi: ya sağalar, ya sağalmaz! Ancaq müasir dövrdə bizə türkəçarə lazımdırmı? Xeyr. Bizə işinin peşəkarı olan həkim lazımdır. Demək, bizə söz yox, əməl lazımdır! Polislər də əvvəlcə şagirdlərlə dostluq qurur, güvən yaradır, bu güvənlə, bu etibarla onları qoruduqlarına inandırırdılar. İnanmaq, inandırmaq üçün onlar fantaziya qurmur, gördüklərini, yaşadıqlarını, gələcəyi qorumaq naminə həyatlarını qurban verənlərin-narkotacirlərlə mübarizədə həlak olan polis polkovnik-leytenantı Namiq Musayevin, Daşqın Turabovun, Elçin Səfərlinin (yadımda onlar qalıb) yarım qalmış həyat hekayələrini sözlə ifadə olunmaz bir ağrı ilə anlatmağa çalışırdılar.

Dəfələrlə tədbirdən sonra risk qrupuna daxil olan şagirdlərin polislərə yaxınlaşmağını görmüşəm. Və görmüşəm ki, bu doğmalıq polis-şagird doğmalığından neçə addım ötədir.
Nə qədər “qadın, ana” sözlərinin böyüklüyündən danışsaq da, bəzən kişi zəhminin, kişi tərbiyəsinin yerini heç nə vermir. Ələlxüsüs da tərbiyə edilən yeniyetmə oğlandırsa. Və bu zəhmin, bu tərbiyənin içində məhəbbət, doğmalıq varsa, nəticə mütləq gözəl olur.

Bir şagird varıydı. Əslində, orta səviyyədə oxuyan, tərbiyəli şagird idi. Ancaq bir az valideyn nəzarətsizliyi, bir az yeniyetməliyin verdiyi ərköyünlük və ya pis mühit onu da zərərli vərdişlərin əsirinə çevirmişdi. Gizlətməyə çalışsa da, bəzən onun əlində gördüyüm siqaret məni məyus edirdi. Ancaq onunla bu mövzuda geniş danışmaq üçün özümdə ixtiyar görmürdüm. Heç bilmirəm, ixtiyarım olsa idi, danışsaydım, məni dinləyəcəkdimi?
Sonradan eşitdim ki, həmin şagird polisə söz verib və bir də onun əlində siqaret görmədim. Məni isə şagirdin tək siqaret çəkməməyi sevindirmədi, həm də verdiyi sözün məsuliyyətini dərk etməyi sevindirdi. Axı o, kişidi, axı o, gələcəyin əsgəridi, axı o gələcəyin atasıdır.

Şagirdlərə “Polislər bizi qoruyur”,- deyəndə haqlı idim. Mənim sözüm də öz təsdiqini tapmışdı.
İndi ölkəmizi və vətəndaşlarımızı qoruyanların verdiyi rahatlıqla başımın üstündə yanan, qarşısını buludların kəsməyə cürət etmədiyi Günəşə baxıram. Məncə, ən böyük xoşbəxtlik rahatlıqdı!
Xəyalə Sevil, AYB üzvü,
Prezident təqaüdçüsü





Çap et  Çap et