Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

02.03.2023

Regionlarda gənclər xidmətə həvəsləndirilir

Azərbaycan Prezidentinin müvafiq sərəncamına uyğun olaraq “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişafı strategiyası” əsasında həyata keçirilən həvəsləndirici təbliğat və təşviqat xarakterli tədbirlərin təşkili Daxili İşlər Nazirliyi tərəfindən də uğurla davam etdirilir. Belə ki, DİN sistemində təhsilə və xidmətə təşviqlə bağlı Masallı, Biləsuvar rayonlarında və Şirvan şəhərində DİN Şəxsi Heyətlə İş İdarəsinin təmsilçilər ilə ərazi polis orqanlarının əməkdaşları, gənclərlə iş sahəsinin mütəxəssisləri, daxili işlər orqanlarının, eləcə də Daxili Qoşunların veteranları, həmçinin digər hökümət və qeyri-hökumət təşkilatlarının nümayəndələri yuxarı sinif şagirdləri, eyni zamanda hərbi xidməti başa vurmuş şəxslərlə görüşüblər.

Görüşlərdə polisin tarixi, daxili işlər orqanlarında xidmətin şərəfi, məsuliyyəti, həmçinin xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasında təhsilin şərtləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, qocaman təhsil müəssisəsi bu gün ölkəmizdə ictimai-siyasi sabitliyin və asayişin daha möhkəm şəkildə qorunmasına mühüm töhfələr verir, daxili işlər orqanlarının yüksək ixtisaslı hüquqşünaslarla, habelə fiziki cəhətdən sağlam polis zabitləri ilə təmin olunmasında mühüm rol oynayır. Tədbirdə Akademiyaya kursant qəbulu qaydaları, o cümlədən gənclərin hərtərəfli inkişafı üçün yaradılan müasir şərait, asudə vaxtın səmərəli təşkili məqsədilə görülən işlərlə bağlı suallar da cavablandırılıb.

Tədbir iştirakçıları dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”ndan irəli gələn məsələlərdən də söhbət açıblar.
Sonda polis veteranları cinayətkarlıqla mübarizədə qazanılmış zəngin təcrübənin gənc polis əməkdaşlar tərəfindən uğurla davam etdirilməsindən danışıblar.

Teymur Əlizadə,
polis mayoru





Çap et  Çap et