Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

23.02.2023

Gənclər daxili işlər orqanlarında xidmətə həvəsləndirilir

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının və Sumqayıt Şəhər Polis İdarəsinin təşkilatçılığı ilə Sumqayıt şəhərində gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi məqsədilə təhsil müəssisələrinin 9-11-ci sinif şagirdləri ilə görüş keçirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsinə ehtiramlarını bildiriblər. Heydər Əliyev mərkəzində davam etdirilən tədbirdə ümummili liderin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Polis Akademiyasının fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirildikdən sonra çıxış edən Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Fəqan Azadəliyev Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanlarının 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə böyük vətənpərvərliklə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynadığını, Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində də inkişaf etdiyini, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazandığını bildirib.

Qeyd olunub ki, xüsusilə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər Daxili İşlər Nazirliyinin tarixinə ən mühüm mərhələ kimi düşüb. F.Azadəliyev onu da diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işləri və hərtərəfli islahatlar nəticəsində ölkəmiz dinamik inkişaf etmiş, sabitlik və təhlükəsizlik qorunub saxlanılmışdır. Bu göstərici və nailiyyətlərdə Sumqayıt Şəhər Polis İdarəsinin də öz töhfəsi vardır.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bu gün ölkəmizdə ictimai-asayiş yüksək səviyyədə qorunduğunu diqqətətə çatdırıb. O, Azərbaycan Polisinin vətəndaşların təhlükəsiz həyatının, asayişinin qorunması işinə bundan sonra da layiqli töhfələr verəcəyinə ürəkdən inandığını, təşkil olunan bu cür tədbirlərin dövrümüzün hərəkətverici qüvvəsi olan, ölkəmizi beynəlxalq elm, idman arenalarında uğurla təmsil edən gənclərin maarifləndirilməsində mühüm rol oynadığını xüsusi vurğulayıb.

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının nümayəndəsi Eldəniz Kazımov Akademiya haqqında şagirdlərə ətraflı məlumat verib və onların suallarını cavablandırıb. Daha sonra gənc polis əməkdaşları və kursantlar Akademiya ilə bağlı təəssüratlarını bölüşüblər.

Anar Qafarov,
polis mayoru





Çap et  Çap et