Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

02.02.2023

Narkomaniyanın ağuşunda... Polislər azyaşlını ölümün pəncəsindən aldı

Nizami rayonunda azyaşlı uşağın ölümü narkomaniyanın səbəb olduğu ailə faciəsini üzə çıxarıb. Ölüm faktı ilə bağlı prokurorluqda araşdırma aparıldığı bir vaxtda uşağın bibisi dövlət qurumlarına digər azyaşlının da həyatının təhlükədə olması barədə müraciət edib.

Məlumatı dərhal nəzarətə götürən Nizami RPİ rəhbərliyinin göstərişi ilə
24-cü Polis Şöbəsinin YYÇ işləri üzrə inspektorları - polis kapitanı Sənan Həsənov, polis baş leytenantı Xədicə Hüseynova və sahə rəisi, polis mayoru Şamil Rüstəmov müvafiq dövlət qurumlarının nümayəndələri ilə birlikdə uşağın qaldığı mənzilə baxış keçiriblər. Bu zaman azyaşlının baxımsız vəziyyətdə olması, həyat və sağlamlığına ciddi təhlükə yaranması öz təsdiqini tapsa da, uşağın anası Vüsalə Dövlətova övladını verməkdən qəti imtina edib.

Ananın etirazından sonra Nizami RPİ rəisinin adından Rayon İcra Hakimiyyətinin başçısına, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə uşağın yaşadığı evdən götürülməsi üçün köməklik göstərilməsi ilə bağlı məktublar ünvanlanıb. Eyni zamanda, 24-cü Polis Şöbəsi tərəfindən ananın narkoloji testdən keçirilməsi də təmin edilib.

Narkoloji testin nəticəsini göstərən akt bütün ailənin, xüsusən uşaqların üzləşdiyi faciənin əsl səbəbini üzə çıxarıb. Ana narkotik istifadəçisi imiş...
Nəhayət bundan sonra polis əməkdaşları Rayon İcra Hakimiyyəti və Sosial Xidmətlər Agentliyinin nümayəndələri ilə birlikdə uşağı ölümün pəncəsindən xilas edib "Ümid Yeri" sığınacağına yerləşdiriblər.
Uşağın vəziyyəti ilə vaxtaşırı olaraq maraqlanan Şöbənin YYÇ işləri üzrə əməkdaşları elə bu günlərdə ona baş çəkiblər.





Çap et  Çap et