Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

01.02.2023

Şəhidin çempion müəllimi

Dünya idman cameəsinin və rəqiblərinin əsla unutmayacağı idmançıların içində Cumarin Muradovun da adı var.
O, əvvəllər karate ilə məşğul olub. Sonra isə professional döyüşməyə qərar verib, kontakt karate əlbəyaxa döyüşə yaxın olduğu üçün karyerasını bu döyüş üzrə davam etdirməyə başlayıb. Hazırda "Uğur” İdman Klubuna rəhbərlik edir. Azərbaycanı beynəlxalq turnirlərdə qaydasız döyüş üzrə (MMA) yarışlarda təmsil etməklə dəfələrlə dünya çempionu olmuş Cumarin, kikboks üzrə Dünya ikincisi titulunun da sahibidir.

Onu bizim üçün maraqlı müsahib edən başqa bir nüans “paqon” daşımasıdır. 2009-cu ildə daxili işlər orqanlarında xidmətə qəbul olunması ilə asayiş keşikçisi adını qazanan Cumarin Muradov hazırda Qaradağ Rayon Mühafizə İdarəsində manqa komandiri, polis baş serjantıdır.
İdmançı həmkarımız Fransa, İran, Gürcüstan, Türkiyə, Rusiya və başqa ölkələrdə əlbəyaxa döyüş növləri üzrə keçirilən çempionatlardan Vətənə qələbə ilə dönsə də, onu Azərbaycan ictimaiyyəti daha çox 2011-ci ildə Macarıstandakı döyüşündən sonra tanıdı. Həmin il çempionluğunu final döyüşündə erməni idmançısına qalib gəlməklə qazanmışdı.

Beynəlxalq yarışlarda erməni idmançılar üzərində qələbəyə prinsipial məsələ kimi baxan azarkeşlər Cumarini də qəhrəman kimi qəbul edirdi, ancaq, bu qalibiyyət onun özü üçün də az məna daşımırdı. Füzulinin işğalından sonra qaçqın-kökçün həyatı yaşamaq məcburiyyətində qaldığı Qaradağ rayonunundakı Milli Qəhrəman Səxavət Məhərrəmovun adını daşıyan orta məktəb illərindən yığılıb qalan ağrı-acı, bir o qədər də düşmənə nifrət bu qarşılaşmanı onun üçün emosiyasız ötüşdürə bilməzdi.
Cumarinin ermənilərlə yolu bir də 44 günlük Vətən müharibəsində yetirmələrindən biri şəhid olanda “kəsişib”.
“Uğur” idman klubunun yetirməsi Bəhruz Əhmədov bizim peşəkar döyüşçülərdən biri idi. Dəfələrlə peşəkar rinqdə çempion olmuşdu. Vətən borcunu yerinə yetirərkən də bizdən çempion kimi ayrıldı”,-deyib boğazında düyünlənən qəhəri güclə udur.

Rəhbərlik etdiyi idman klubunun imkanlarından şəhid və qazilərin ailə üzvlərinin ödənişsiz istifadə etmələrinə şərait yaratmaqla həmkarımız illərlə içində yığılıb qalan nisgili, qübarı, itirdiklərinin kədərini canından çıxarmağa, Vətən fədailərinə hörmətini ifadə etməyə çalışır. Bundan sonra da şəhid yaxınlarına, qazilərə imkanlarımız daxilində kömək edəcəyik deyir.
Peşəkar idmanda qazandığı zəngin təcrübənin daxili işlər orqanlarında tətbiqinə gəlincə, qeyd edir ki, əlindən gəldiyi qədər buna səy göstərir.

Baş Mühafizə İdarəsinin komendant xidmətində işlədiyi dövrlərdə əməkdaşlara döyüş fəndlərini, idmanın müəyyən sirrlərini öyrətmək, fiziki hazırlıqlarını yüksəltmək ona həvalə olunmuşdu. Bu gün isə Qaradağ Rayon Mühafizə İdarəsində xidməti vəzifələrini icra etməklə yanaşı şəxsi heyətin fiziki hazırlıq məsələlərinə cavabdehdir. Dəfələrlə olub ki, rayon ərazisindəki qorunan obyektlərdən oğurluğa cəhd edənləri fiziki cəhətdən hazırlıqlı tutucu qruplar yaxalayıblar. Bundan əlavə, ötən il Nazirliyin götürdüyü normativlərdə Qaradağ RMİ paytaxt ərazisindəki polis idarələri arasında ikinci yerə çıxıb. Bu il isə birinci yeri əldə edəcəklərinə inanırlar, çünki həm kollektiv buna can atır, həm də rəhbərliyin göstərdiyi diqqət və qayğı onlara stimul verir.

Rəşad Mehtiyev,
polis baş serjantı





Çap et  Çap et